Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 09:15:00
Ali məktəblərə yeni qəbul qaydaları: Gələn il abituriyentləri hansı sürprizlər  gözləyir?

Ali məktəblərə qəbul qaydalarında təklif olunan yeni model qüvvəyə minib.

Yeni qaydalara görə, iki mərhələdə keçiriləcək qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Birinci mərhələdə maksimum 300, ikincisində isə maksimum 400 bal yığmaq lazımdır. Bu ballar ali məktəblərə qəbul müsabiqəsində cəmlənib abituriyentin ümumi balını göstərəcək, Nazirlər Kabinetinin dekabrın 24-də təsdiqlədiyi "Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda qeyd edilir.

Orta məktəbin buraxılış imtahanında abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Rus dilində təhsil alanlar isə həm də ayrıca Azərbaycan dilindən imtahan verməlidirlər. Abituryentlər 30 sual üzrə maksimal 30 bal toplamalıdırlar. Qeyri-məqbul alanlar ikinci mərhələdə iştirak edə bilməyəcəklər.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sözçüsü Xanlar Xanlarzadə BBC News Azərbaycancaya bildirib ki, buraxılış imtahanına təkcə orta məktəbi gələn il bitirənlər yox, əvvəlki illərin də məzunları qatılacaqlar.

Birinci mərhələnin nəticələri iki il qüvvədə qalacaq. Ancaq ali məktəbə daxil olmayan abituriyent ikinci il də buraxılış imtahanında iştirak edib öz nəticəsini yeniləyə bilər.

Xanlar Xanlarzadənin sözlərinə görə, əgər abituriyent ikinci il buraxılış imtahanından birinci illə müqayisədə az bal toplayarsa, o zaman birinci nəticəsi ilə növbəti müsabiqəyə qatıla bilər: "Yəni abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir".

İkinci mərhələdə yenə də iki dəfə imtahan vermək şansı

DİM sözçücü bildirib ki, abituriyentlər yenə də öz şanslarını iki dəfə sınaya biləcəklər, yəni yaz və yay qəbul imtahanına qatılmaqla istədikləri nəticə ilə müsabiqəyə girəcəklər.

İkinci mərhələnin nəticələri isə bir il qüvvədədir, yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

Abituriyentlər I-IV ixtisas qrupları üzrə isə artıq yalnız uyğun fənlərdən imtahan verəcəklər. Bu ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

I ixtisas qrupu imtahan fənləri riyaziyyat, fizika və kimya, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix, III ixtisas qrupu üzrə qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan və ya rus dili, tarix və ədəbiyyat, IV ixtisas qrupu üzrə biologiya, kimya və fizikadan imtahan verəcək.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

Xanlar Xanlarzadə əlavə edib ki, suallar açıq və qapalı keçiriləcək, ancaq buraxılış imrtahanlarında inşa yazmaq tələbi yoxdur.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

"Sovet sistemi qaydalarını xatırladır", amma...

"Yeni model Sovet sistemi qaydalarını xatırladır", təhsil məsələləri üzrə təhlilçi Nabatəli Qulamoğlu belə deyir.

Ali məktəblərə qəbul qaydalarında təklif olunan yeni modelin qüvvəyə minməsiylə bağlı BBC News Azərbaycancaya şərh verən təhlilçi bildirib ki, yeni modelin tətbiqində həm neqativ, həm də pozitiv məqamlar var.

O, qəbul imtahanlarının nəticələrinin açıqlanmamasının səbəblərini sorğulayır.

"Necə olur ki, Dövlət İmtahan Mərkəzi bütün statistikanı ortaya qoyur, ancaq bu nəticələrlə bağlı statistikanı ortaya qoymur? Mən bilmək istərdim ki, birinci mərhələ imtahan verən şagirdlərin ikinci mərhələdə topladığı nəticələr arasında fərq nə qədərdir?

Mən çoxlarını tanıyıram ki, girdikləri imtahanlarda topladıqları arasında ən azı 10 bal fərq var. İkinci imtahandan adətən, daha çox nəticə toplayıblar, çünki bu imtahanlar adətən birinciyə nisbətən asan olur", cənab Qulamoğlu bildirir.

Təhlilçi ikinci imtahanların asan olmasını "abituriyentlərin ikinci mərhələdə iştirakını təmin etmək və dövlət imtahan mərkəzinə gəlir gətirmək məqsədi daşıması" ilə əlaqələndirir.

Nabatəli Qulamoğlunun imtahanlarla bağlı razılaşmadığı bir məqam da imtahan ballarının hesablanması prosesinin "çox çətinləşdirilməsidir".

Bilirsiniz, balların hesablanması elə təşkil olunmalıdır ki, valideynlər özləri onu hesablaya bilsinlər".

Ali məktəblərə qəbulda bəzi dəqiq fənlərlə əlaqəli ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin digərlərinə nisbətən daha çox yüklənməsinin gələcəkdə abituriyentləri humanitar sahəyə yönləndirməsi ehtimalını isə cənab Qulamoğlu istisna edir.

Təhlilçi neqativ məqamlarla yanaşı dəyişikliklərdə "pozitiv məqamların" olduğunu da vurğulayır.

"Şagird buraxılış imtahanını verir. Üstündən iki ay keçdikdən sonra digər imtahana girir, yəni başqa fənnlər üzrə imtahanlara hazırlaşmağa şagirdə imkan verilir. Digər pozitiv bir məqam odur ki, şagird bir dəfə yox, bir neçə dəfə imtahan verir. Bir dəfə dövlət hesabına, ikinci dəfə isə ödənişli.

Bu imtahanlardan ikisindən birinin nəticələrini seçmək də şagirdlərin öz ixtiyarına buraxılır. Hansını istəsə seçə bilər, bax, bu yaxşı haldır", təhlilçi deyir.