XƏBƏRLƏR

27.12.2018 12:11
“Buranı az adam tanısa da, tədris keyfiyyətlidir, ADA-da isə təhsil haqqı... ” – “İraq göz”dəkilər

AzEdu.az  “İraq göz” rubrikası çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxırıq...

Qeyd edək ki, müsahiblərə bir çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar yalnız məlumatlı olduqları universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Macarıstan Korvinus  Universitetinin  tələbəsi  Qasım Qasımov:

Bakı Mühəndislik Universiteti-Düşünürəm ki, Qafqaz universitetinin davamçısı olan bu ali təhsil müəssisəsi əvvəlki illərlə müqayisədə çox geriləyib. Akademik heyət eyni qaldığına görə, universitetdə təhsil keyfiyyəti yüksəkdir.

ADA Universiteti-Azərbaycanın ən prestijli, perspektivli universitetidir. Amma təəssüf ki, təhsil xərcləri çox yüksəkdir.  

Bakı Ali Neft Məktəbi- Fikrimcə, yüksək ballı tələbələrin seçimi kimi tanınan BANM buna layiqdir. Təhsil keyfiyyəti digərlərinə nisbətən yüksəkdir və kifayət qədər təcrübə bazası var.

Azərbaycan-Fransız Universiteti-Buranı çox az adam tanısa da,  Azərbaycanda yüksək təhsil keyfiyyətinə malik universitetdir. Əsas üstünlüyü akademik heyətin əksər üzvlərinin xaricdə təhsil almasıdır.

Universitetlərin hər birinin çatışmayan tərəflərinin eyni olduğunu düşünürəm. Azərbaycan təhsil sistemi daha çox nəzəriyyəyə əsaslanır. Bu isə heç də effektli deyil. Tələbələrə həddindən artıq məlumat öyrədilir, amma onlar bu məlumatları necə tətbiq etməyi bilmirlər. Fikrimcə, tələbələrə daha çox analizetmə bacarıqları, yaradıcılıq və digər praktiki şeylər  öyrədilməlidir. Daha çox məlumat öyrənmək yararsızdır. Çünki onsuz da, semestrin sonunda imtahanlar bitdikdən sonra tələbələr məlumatların 70%-ni unudurlar.  XXI əsrdə hər şeyi “Google” vasitəsilə tapmaq mümkündür, lakin onu analiz etmək isə texnologiyanın deyil, insanın işidir. Hər sektorun texnologiyalaşdığı dövrdə  insanlar daha çox analizetmə qabiliyyəti və yaradıcılığa yiyələnməlidirlər. Bunlara əsaslanaraq düşünürəm ki, Azərbaycan universitetlərində təcrübəyə yönələn dərslər keçirilməlidir. Tələbələrə kiçik informasiyalarla necə böyük işlər görülməli olduqları tədris edilməlidir.

Polşanın Mariya Küri  Universitetinin tələbəsi Rəşid Həsənli:

UNEC-İqtisadiyyat təhsili baxımından UNEC bir çox universitetlərdən üstündür. Amma tələbələrin təcrübə proqramlarından faydalanması  problematikdir. Professorların metodikası da çox fərqlidir: dərslər 90 dəqiqə davam edir. Amma tələbəyə dərsdə dincəlməyə imkan vermirlər. Sanki onlar auditoriyadan  ayrılsalar, verilən informasiya yox olacaq. Professorlar kitablardakı məlumatları tələbələrə təkrarlamaqla kifayətlənirlər. Amma əslində isə, bu, yetərli deyil.

Bakı Dövlət Universiteti–Bura təhsildən çox hansı tələbənin dəbə uyğun geyinməsi, kimin kimdən daha üstün olması kimi məsələlərlə məşhurdur. BDU-da yalnız bir neçə fakültə tələbəyə bünövrə və karyera verir. 

Azərbaycan Milli Aviyasiya Akademiyasi–Bu universitet digərləri ilə müqayisədə daha yaxşı təhsil və kariyera perspektivi vəd edir. Buranın tələbələri ixtisaslarına daha yaxşı adaptasiya olurlar.

 Azərbaycan Dillər Universiteti–Burada linqvistika istiqamətli ixtisaslarda təcrübə problemi var. Çünki, xarici dillər üzrə təhsil alan əksər tələbələrin danışıq təcrübəsinə ehtiyacı var. Fikrimcə, belə universitetlər  tələbələrə daha çox təcrübə keçməlidirlər.  Tələbələrin təhsil aldıqları dildə ünsiyyət qurmaları vacibdir.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu