Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 11:57:00
Şagirdlərin düzgün qiymətləndirilməsi – Qrup işində müəllimlərin diqqət etməli olduğu məqamlar

Avropada məktəblərin yarandığı ilk dövrlərdən etibarən şagirdlərin bilik səviyyələrini ölçmək haqda düşünür və müxtəlif üsulları təcrübədən keçirirdilər. Əvvələr imtahanlar şifahi götürülürdü: şagirdlər qoyulan suallara latın dilində cavab verir, müəllim də qiymətləndirirdi. İlk yazılı imtahanların tarixi isə 1792-ci ildə Kembric Universitetindən başlanır.

Pedaqoqlar, ümumiyyətlə qiymətləndirmə tarixini bir neçə mərhələyə ayırırlar. Birinci Dünya müharibəsinə qədər olan dövrdə şagirdlərin bilikləri testlər vasitəsilə qiymətləndirilir və əsasən, fənlərin məzmununun mənimsənilməsinə diqqət yetirilirdi.

2007-ci ildən etibarən tətbiq edilməyə başlayan kurikulum metodundan sonra Azərbaycanda orta məktəblərdəki ənənəvi qiymətləndirmə üsulları dəyişdi.

Hazırda məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin qiymətləndirilməsi, kurikulum üzrə və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən ibarətdir.

Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.

Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Refleksiya isə artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.

Dərsin refleksiya mərhələsi sonuncu mərhələ olsa da, qiymətləndirmə elə dərsin 45 dəqiqəsində aparılır. Yəni 45 dəqiqənin istənilən mərhələsində şagird qiymətləndirilə bilər. Qiymətləndirmə refleksiya şəklində təşkil olunanda müəllim  dərs prosesində gedən müzakirə və sual-cavabları diqqətlə dinləməlidir.

Dərs müddətində qiymətləndirmə iki şəkildə həyata keçirilir: qruplarla və ya fərdi şəkildə. Refleksiya xüsusən fərdi qiymətləndirmə zamanı mühüm hesab edilir. Yalnız qrup qiymətləndirməsi fərdi qiymətləndirmədən daha çətindir.

Şagirdin qrupdakı işinin qiymətləndirmək üçün hər bir şagirdin qru­p işinin ümumi nəticəsinə verdiyi töhfənin faizlə nisbətinə əsa­sən müəyyənləşdirmək olar. Müəllim bütövlükdə qrupun aldığı bal­ların miqdarını müəyyən edir, şagirdlər isə bu balları hər kəsin ümu­mi naliyyətdəki roluna əsasən müstəqil olaraq bö­lüşdürürlər. Qrupdakı işə görə alınan ballara sinifdə aparılan dis­kussiyada iştirak üçün müəllimin verdiyi mükafat ba­lı­nı da əlavə etmək zəruridir. Balların yekunu xüsusi jurnala yazılır. Qeyd edək ki, ori­jinal cavablara görə daha üç bal vermək mümkündür. Rübün və ilin so­nun­da balların yekunu reytinq qiymətini təşkil edir ki, bu da şa­gird­lərin düşünmək və öz fikirlərini şifahi ifadə etmək, diskussiyada tə­şəbbüsü öz üzərinə götürmək qabiliyyətini əks etdirir. Beləliklə, şagirdlər,

  • qrupun işinə faiz hesabı ilə nə kimi töhfə ver­diklərini elan edirlər;
  • onlar təsadüfi qaydada cütlüklərlə bir-biri­nin rolunu, töhfəsini izah edirlər.

Qrup ayrı-ayrı şagirdlərin fikirləri ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Beləcə, şa­gird­lər bir-birinin biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhv­lərini aradan qaldırmaqda kömək edə bilər. Əlavə olaraq, qrupun özü­nü­qiy­mətləndirməsi üçün müəyyən formalı vərəqələrdən istifadə et­mək­­lə bütövlükdə qrupun necə işlədiyinə, öz tapşırığını necə yerinə ye­tirdiyinə qiymət vermək olar.

Pedaqoqlar qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi me­yar­larını aşağıdakı kimi müəyyən edirlər:

  • Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəm­­ləş­di­rir­m­i? 
  • O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı? 
  • Başqalarına mane olmadan işləyirmi? 
  • O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi? 
  • Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir? 
  • Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kö­mək edirmi? 

Qeyd edək ki, qiymətləndirmə təhsil prosesinin tərkib hissəsi olduğu üçün yaranma tarixi eyni qədimliyə gedib çıxır. Tədqiqatlara əsasən, ilk qiymətləndirmə Çində tətbiq olunub. Belə ki, 587- ci ildən tətbiqinə başlanan qiymətləndirmə "Çin imperiya imtahanları" adı ilə məşhur olub. Dövlət məmuru vəzifəsini tutmaq üçün bu imtahandan keçmək vacib hesab olunub. Əvvəllər yalnız şifahi, sonralar isə həm də yazılı aparılan bu imtahanlar Çində 1905-ci ilədək davam edib.