Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 17:00:00
Eksternlər bu gün altı fənn üzrə imtahan veriblər  

Dekabrın 25-də Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.

İmtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 116 nəfər iştirak edib. Eksternlər hər birində 10 sual olmaqla 6 fənn (Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat və xarici dil) üzrə imtahan veriblər. Eksternat imtahanları dekabrın 26-da digər fənnlər üzrə davam edəcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.