Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 12:35:00
Məktəblilər dünya diplomatiya tarixinə həsr olunmuş tamaşa göstəriblər - FOTO

ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tematik bal keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, tədbirdə Bakı Avropa Liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin II-VI sinif şagirdləri iştirak ediblər.

Universitetin prorektoru Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb.

Məktəblilər qədim dövrlərdən 1918-ci ilədək dünya diplomatiya tarixinə həsr olunmuş ədəbi-musiqili perfomans nümayiş etdiriblər. Tamaşada Misirin Amarna şəhərində tapılmış qədim diplomatiya arxivindən tutmuş Paris Sülh Konfransınadək sənədli materiallardan istifadə edilib.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış balın orijinal formatı, tarixi geyimlərdən istifadə olunması, pavana, menuet və digər orta əsr rəqsləri tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib.

Tədbirdə əsas diqqət Paris Sülh Konfransının iştirakçılarına həsr edilmiş mini tamaşaya ayrılıb. Tamaşanın hazırlanmasında Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” sənədli filminin materiallarından istifadə edilib.