Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 09:10:00
BDU-nun 60-dan çox elmi əsər müəllifi olan yeni rektor əvəzi - DOSYE

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək. Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov 21 dekabr 2018-ci il tarixində əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Firudin Qurbanov haqda daha ətraflı:

Bir monoqrafiya və 60-dan çox elmi əsərlərin müəllifidir...

Qurbanov Firudin İsa oğlu 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1975-ci illərdə orduda xidmət edən F. Qurbanov 1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işlərini tutub. 1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri olub. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.

F.Qurbanov, həmçinin, 1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub. 1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, BMT-nin İnkişaf Proqramı “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.

İngiltərə, Danimarka, ABŞ, İsveçrə, Fransa, Nepal, Uruqvay, Niderland, Almaniya, Türkiyə, İspaniya, Avstriya, Çin və s. xarici ölkələrdə beynəlxalq elmi konfrans, simpozium və seminarların iştirakçısı olub və aktual mövzularla çıxış edib. İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, dosentdir.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət bu gün başa çatır.