Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 10:50:59
“İstərdim, filmdə məni Leonardo di Kaprio canlandırsın” – 695 bal toplayan tələbə-RUBRİKA  

AzEdu.az  müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir.  

Rubrikanın budəfəki qonağı  Türkiyənin  Orta Doğu  Texniki Universiteti, Elektrik və Elektronik mühəndisliyi ixtisasının I kurs tələbəsi Hidayət Ələkbərlidir.

Hidayət  2018-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi hər iki qəbul imtahanında 695 bal toplayıb. 

“Məktəblərdə texniki fənlər üzrə laboratoriya işləri yaxşı aparılmır”

-Uğur səninçün nədir?

-Uğur məncə, insanın qarşısına çıxan fürsətləri düzgün dəyərləndirməsidir. Əgər hər hansı bir fərd qarşısına qoyduğu məqsədə çatırsa, mənə görə o, uğurlu insan hesab olunur. Digər tərəfdən isə uğurlu olmağın ən əsas yollarından biri də əlində olanın qədrini bilməkdir. Hansı ki, bu, çox insanın, eləcə də mənim üzərində çalışmalı olduğum cəhətlərdən biridir.

-Səncə, dünyada böyük iş görənlər hansı ixtisasın sahibləridir?

-Bu suala “elmlə məşğul olan insanlar” cavabını verərdim. Çünki an etibarilə hər hansı bir ölkə inkişaf etmək istəyirsə, orada ilk növbədə elmin inkişaf səviyyəsi yüksək olmalıdır. Bununla belə, öz ixtisasını həm nəzəri, həm də praktik cəhətdən əla bilən hər kəs dünyada böyük işlər görməyə qadirdir.

-Azərbaycan təhsilinin inkişafı üçün nələri tövsiyə edərdin?

-Əvvəla, məktəblərdə texniki fənlər üzrə laboratoriya işləri yaxşı aparılmır. Nəzəri cəhətdən material öyrənilsə də, praktik olaraq tətbiq olunmur. Bundan başqa, riyaziyyat, fizika, kimya kimi fənlər çox bəsit keçirilir. Dərsliklərə əlavə mövzular mütləq salınmalıdır. İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda nailiyyətlərimiz olsa belə, hər bir məktəbdə bu fənn eyni dərəcədə keçirilmir. Halbuki, məktəb vaxtından bu sahədə biliklərə yiyələnməyin universitetdə tələbəyə çox köməyi ola bilər.

“H.Z.Tağıyev kimi şəxsiyyətə heyranlıq duyuram”

-Fərqli ixtisasa yiyələnmək şansın olsaydı, nəyi seçərdin?

-Əslində, bir çox sahəyə marağım var. Qalaktikalar, ulduzlar və planetlərin yaranması kimi sahələri özündə cəmləşdirdiyi üçün fizika və astronomiya ilə məşğul olmaq istərdim.

-11 illik məktəb həyatı sənə nə öyrətdi?

-Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyini bitirmişəm. Üzərimdə əziyyəti olan bütün müəllimlərə  təşəkkür etmək istəyirəm. Məktəb həyatı mənə əvvəla, lazımi bilikləri, bundan başqa insanları yaxşı tanımağı, dostlarımı düzgün seçməyi öyrətdi.

-Hansı tarixi şəxsiyyətə heyranlıq duyursan?

-Hacı Zeynalabdin Tağıyevi qeyd etmək istərdim. Fikrimcə, Tağıyev  ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə hər kəsin sevgisini qazanıb.

-Hər tələbə…..(cümləni tamamla)

-Fikrimcə, hər tələbə öz üzərində daim çalışmalı, eyni zamanda əyləncəyə də vaxt ayırmalıdır.

-Tələbələrin ən çox nəyə ehtiyacı var?

-Hər tələbənin özünün çalışmasına ehtiyacı var. Universitetdə öyrədilənlərdən əlavə, tələbə özü də üzərində çalışmalıdır. Məqsədləri, özünəməxsus öyrənmə metodları olmalıdır.

-İxtisasında  səni ən çox nə cəzb edir və bu sahədə hansı problemlərin mövcudluğunu görürsən?

-Mühəndislik sahəsinə marağım çoxdur. Ona görə də Elektrik və elektronika mühəndisliyi ixtisasını seçmişəm.  Ən çox cəzb edən şey təhsil aldığım universitetdə bu sahənin çox inkişaf etməsidir. Əvvəldən hansı ixtisasın mənə daha uyğun olduğu haqqında internetdə araşdırırdım. Fikrimcə, düzgün  seçim etmişəm, ancaq zaman keçdikcə bunu daha yaxşı anlaya bilərəm.

-Özünü necə motivə edirsən?

-Hazırda qarşıma qoyduğum məqsədləri gözümün önünə gətirərək, bundan əlavə ailə üzvlərimin və yaxın dostlarımın tövsiyələrinə qulaq asaraq, özümü motivə edirəm.

-Ən böyük ruh düşkünlüyünü nə zaman yaşamısan?

-Düzünü desəm, indi xatırlamıram, ancaq bir neçə dəfə belə hallar yaşamışam.

“Qabaqcıl universitetlərə qəbul zamanı verilən suallardan…”

-Həyatından film çəkilsə, səni hansı aktyorun canlandırmasını istərdin?

-Filmlərə baxmağı çox sevirəm. Ən sevdiyimi ayırd etmək çox çətindir. Ancaq "Interstellar" filmini çox bəyənirəm. Sualın cavabına gəldikdə isə belə bir şey olsa,  Leonardo di Kaprionun canlandırmasını istərdim.

-İnsanlar sənlə razılaşmasa da, nəyin doğru olduğuna inanırsan?

-Maraqlı sualdır. Doğru olanı seçməyə çalışıram. Əksər hallarda öz bildiyimi etmək istəyirəm, ancaq bəzən yanılıram .

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları