XƏBƏRLƏR

18.12.2018 13:28
Xaricdəki tələbələrimizin gözündə universitetlərimizin əsas problemləri – “Birində durğunluq artıb, o birində isə...”  

AzEdu.az  “İraq göz” rubrikasını davam etdirir.  Rubrika  əsasında  xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini öyrənirik.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxırıq...

Qeyd edək ki, müsahiblərə  bir çox universitet adlarını təqdim etsək  də, onlar  yalnız  məlumatları olan universitetlər haqqında danışdılar.

Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Macarıstanın Korvinus Universitetinin magistr pilləsinin tələbəsi Abdulla Məmmədli:

UNEC- “Universistetdə son 5-8 illər arasında görülən işlər, uzun zaman ərzində formalaşmış “Narxoz” stereotiplərini qırmağı bacarıb. Yeni rəhbərlik daha gənc və yenilikçi kadrlara üstünlük verməyə başlayıb.

Eyni zamanda, universitet daxilində SABAH, İSE, TUDİFAK kimi brendlər arasında rəqabət formalaşaraq  UNEC-də təhsilin inkişafına öz töhfəsini verməkdədir. Bütün bunlarla yanaşı, universitet tələbələrinin ən az yarı hissəsi hələ də köhnə, sovet tipli sistemdə təhsil, bəzi hallardasa ancaq diplom alırlar. Universitet maddi və texniki baza tərəfdən ciddi sıxıntılar çəkir. Burada  ölkədəki çoxsaylı universitetlərdə olduğu kimi kampus problemi əsas olaraq qalmaqdadır.

Bakı Dövlət Universiteti - Ölkənin ən qədim və böyük universiteti olmasına rəğmən, universitet son illərdə sanki bir durğunluq dövrünə qədəm qoyub. Fakültələr arasındakı fərqlərdə çox böyük uçurumlara rast gəlir. Bəzi fakültələr daha müasir təhsil verməyə çalışarkən, digərləri rüşvət bataqlığında boğulur. Ancaq universitet rəhbərliyindəki son dəyişikliklər özlüyündə böyük ümidlər doğurur. Universitetin zəngin tarixi onun çox güclü olan müəllim-professor heyətini formalaşmasında əhəmiyyətli rol oynayıb.

ADA Universiteti-Müstəqillikdən sonra Azərbaycan təhsilinin ən böyük uğurlarından biri kimi xarakterizə oluna bilər. Müasir dövrün tələblərinə cavab verən kampusu, kadr heyəti, menecmenti universiteti digərlərindən daha üstün edir. Ancaq onu da vurğulamaq lazımdır ki, dövlətin göstərdiyi kifayət qədər böyük maddi və digər yardımlar universitetlər arasında rəqabəti pozur və ADA-ın aşırı dərəcədə digərlərini üstələməsinə gətirib çıxarır. Eyni zamanda,  bütün bu yardımlara baxmayaraq, təhsil haqları hədsiz dərəcədə yüksək olaraq qalmaqdadır hansıkı əhalinin  böyük əksəriyyəti üçün əlçatmazdır.

Azərbaycan Dövlət Aqrar Universiteti-Öz sahəsində ölkənin yeganə universitetinin  rəhbərliyi  son dövrlər bir çox islahatlar həyata keçirib.

Universitetin texniki və kampus problemləri demək olar ki, nəzərə çarpacaq dərəcədə azalıb. Burada rüşvət halları minimuma enib. Ancaq universitetin tədrisin keyfiyyətində hələ də böyük boşluqlar rast gəlinir.

İtaliyanın Peruca Universitetinin  tələbəsi Cavid Fərzullayev:  

Azərbaycan Tibb Universiteti – Professor  Eldar Qasimovun təbirincə desək, bu universitetdə Azərbaycanın "yağ"ları  yəni kifayət qədər istedadlı gəncləri toplanıb.  Onlara dərs deyən professor-müəllim heyəti də  seçiləndir. Amma  baza tərəfdən ali tibb təhsil sistemində  ciddi dəyişiklər  etmək lazımdır ki, hər iki tərəfdən daha səmərəli  nəticələr əldə  etmək mümkün olsun.  

Bakı Musiqi Akademiyası – Bakıda olan  zaman akademiyada  təşkil  olunan konsert  proqramlarında  iştirak etməyə çalışıram. Ümumiyyətlə, bu sahədə  çox istedadlı gənclər var.  Onlara verilən təhsil  də yüksək olmalıdır. Məsələn, xaricdən  tanınmış  musiqiçiləri dəvət  etməklə “master klaslar”  təşkil etmək  yaxşı olardı. Avropa, Amerika və uzaq şərqdə yetişən   musiqiçilərlə görüşlər, konsertlər təşkil etmək tədrisdə  müsbət   effekti   yüksək olacaq. Bir tamaşaçı  kimi,  akademiya  konsertlərini  öz  zallarında  təşkil etsələr çox gözəl olardı.  

Azərbaycan Dillər Universiteti -  Fikrimcə, bu universitetin müxtəlif regionlar, dillər üzrə təhsil  ala tələbələri təhsil müddətlərində mütləq uyğun xarici ölkəyə  dövlət, ya da  sponsorlar  vasitəsilə  təcrübə və mübadilə proqramında iştiraka cəlb edilməlidir.     

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu