Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 11:53:30
Bağçalarda görünməz problem – “Keçid balını yığa bilməyən həkimlər işdən kənarlaşdırılırlar”  

Şagirdlərin orta təhsil müddətində uğur qazanmaları üçün hələ məktəbəqədər dövrdən onların zehni və fiziki sağlamlıqlarının qeydinə qalınması mütləqdir.  Bu işin öhdəsindən gələ bilmək üçün məktəbəqədər təhsil müəssisələrində tibbi xidmət təşkil olunub. Amma bu xidmət dövlət bağçalarında bir qədər formal xarakter daşımaqdadır. Tibb işçilərinin xüsusi bir yoxlamadan keçməyərək işə qəbul edilməsi, çalışdığı müddətdə heç bir tibbi bacarığını tətbiq etməməsi azyaşlıların sağlığını şübhə altında qoyur.

Bəs, əslində,  bağçalardakı tibbi  xidmət  necə təşkil  edilməli, tibb işçiləri bağçalara hansı şərtlərlə işə götürülməlidirlər? 

Mövzu ilə  bağlı AzEdu.az-a danışan  İndigo  uşaq bağçasının  həkim  pediatrı Firuzə Əsədova məktəbəqədər təhsil müəssisələrində tibb işçilərinin fəaliyyət prinsiplərinə aydınlıq gətirib. O bildirib ki, bağçada həm kiçik tibb işçisi, həm də sahə həkimi çalışmalıdır:

“Kiçik tibb işçisi hər gün bağçada olmalı, həkim  pediatr isə həftədə   bir dəfə bağçaya baş çəkərək onun işinə nəzarət etməlidir. Pediatr həm də 3 aydan bir uşaqların boy və çəki artımını yoxlamalı, yaş xüsusiyyətlərinə uyğun olaraq menyunu tərtib etməlidir.

Kiçik tibb işçisinin vəzifəsi isə bağçanın sanitar-gigiyenik qaydalarını daim nəzarətdə saxlamaqdır. O, xadimənin işi, mətbəxin təmizliyi, qida hazırlanma şəraitinə  nəzarət etməlidir. Hər hansı qayda pozuntusu olarsa, bu barədə bağça rəhbərliyinə məlumat verməlidir. Tibb bacısı uşaqların sağlamlığına da nəzarət etməli, xəstə azyaşlıları bağçaya  buraxmamalıdır. Uşaqlar  ən  azı  xəstəliyin 3-5 gün davam edən kəskin dövründə bağçaya gəlməməlidirlər. Səpkili, qızdırmalı uşaqlar xüsusilə uzaq tutulmalı, bağçaya qayıdanda isə arayış təqdim etməlidirlər. Bu, həm də digər uşaqları yoluxdurmamaq üçün nəzərdə tutulub. 

Kiçik tibb işçisi uşaqlara ilkin yardım etməyi bacarmalıdır. Ola bilər ki, uşaq yıxılsın, burnundan qan açılsın, qəfil qızdırması qalxsın və s. Tibb bacısı belə vəziyyətlərdən çıxmağı bacarmalıdır. Bu, həm özəl, həm də dövlət bağçalarında qaydadır. Bütün bağçalarda buna nə dərəcədə əməl olunub-olunmadığını isə deyə bilmərəm”.

“Keçid balını yığa bilməyən həkimlər 6 ay müddətinə işdən kənarlaşdırılırlar”

Bağçalarda tibb işçilərinin biliklərinin qiymətləndirilməsinə gəlincə isə pediatr bildirib ki, qaydalara əsasən, hər həkim 5  ildən bir attestasiyadan keçməlidir: 

“Dövlət müəssisələrində bu işə baş həkimlər baxır. Onlar 5 ili tamam olan həkimləri kursa göndərirlər. Kurs Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunda  1 ay müddətində və məcburi keçirilir.

Kursun sonunda həkimlər attestasiyadan keçirlər. Daha sonra onlara sertifikat verilir. Keçid balını yığa bilməyənlər  6 ay müddətinə işdən kənarlaşdırılırlar.  Onlara 3-6 ay ərzində yenidən öz üzərlərində işləmək, həmin mühazirələrdə iştirak etmək imkanı verilir. Bu, bağçalardakı həkimlərə də aiddir. Amma kiçik tibb işçiləri üçün belə bir qiymətləndirmənin olub-olmadığı deyə bilmərəm”.

Onun sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələri ilə müqayisədə özəl bağçalardakı tibbi xidmətin üstünlükləri var:

“Burada həkim daha ciddi nəzarət edir. Özəl bağçada illərin  təcrübəsi olan, həqiqətən bilikli tibb bacısı işləyirlər.  Həkimə o qədər  də ehtiyac  qalmır. Çünki çox  çətin iş deyil. Amma bir  həkimin işləməsi yaxşıdır. Çünki menyunu həkim tərtib edir, yaş fərqlərini nəzərə alır.

Bağçada  sağlamlıq və gigiyenadan əlavə, təhlükəsizlik də qorunmalıdır. Şkaflar aşmamaq üçün divara yaxşı  bərkidilməlidir. Məktəbəqədər təhsil müəssisəsində iti, kəskin uclu heç bir əşya olmamalıdır. Uşaqların qəfil yıxılmaması üçün pilləkənin qabağında bağlı qapının olması mütləqdir. 

Mətbəx işçiləri, xadimə və tibb bacıları həkimə tabedirlər. Bütün işlərə həkim nəzarət edir və sanitar normanın hansısa formada pozulduğunu gördükdə ona müdaxilə edir”.

“Tibb bacısını kolleci bitirən kimi bağçaya işə götürüb ona uşaq əmanət etmək olmaz”

O qeyd edib ki, özəl bağçaların digər üstünlüyü burada tibb bacılarından əlavə, müəllimələrin də ali təhsilli olmasıdır:

“Biz tibb işçilərini sorğu-sualla  işə qəbul edirik. Özüm şahidi olmuşam, xanımlar bir şeyi başa düşmürlər. Bir neçə aylıq tibb kurslarını kursunu bitirənlər bağçaya müraciət edir ki, mən tibb bacısıyam. Belələri bağçalara qəbul olunmamalıdırlar. Tibb işçisini  tibbi  savad  və təcrübəsi olmalıdır. O heç olmasa bir müddət  tibb bacısı kimi haradasa  işləməlidir. Universiteti bitirən kimi tibb bacısı kimi işə götürüb uşaqları ona əmanət etmək olmaz. Bağçalarda elə də kritik məqamlar baş verməsə də, tibb bacısı hər hadisəyə hazır olmalı, uşağı istənilən vəziyyətdən çıxarmağı bacarmalıdır.  

Bizim bağçaya tibb işçisini işə qəbul edəndə mən sorğu-sual edirəm. Bu, test imtahanı formasında deyil, şifahi şəkildə olur. Məsələn, sual verirəm ki, filan vəziyyətlə  qarşılaşsan, nə edərsən?  Həmin tibb bacısının təcrübəsi  azdırsa,  həkimin yanında 1-2  aylıq  təcrübə keçməlidir. Yəni,  bağça asan görünə bilər, amma bunun üçün də təcrübə olmalıdır”. 

“Təkcə təhsilin durumu  aşağı səviyyədə deyil, tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var” 

Təhsil eksperti Kamran Əsədov isə  bildirib ki, məktəbəqədər təhsil müəssisələrində  tibbi xidmətin təşkili ilə bağlı ciddi problemlər var. Ara sıra bağçalarda baş verən bədbəxt hadisə, yoluxucu xəstəlik və zəhərlənmələr bunu deməyə əsas verir:

“Xüsusilə  də qış aylarında uşaqların qrip və soyuqdəymə riski çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Amma hər şeydə olduğu kimi burada da müəyyən hədd var.  Uşaqların qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 8-9 təlim saatı ərzində şagirdin normal qidalanmaması onun fiziki zəifləməsi ilə nəticələnir.

Düzdür, qanunvericiliyə əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsümü xəstəliklərə yoluxma şagirdlərin təhsil müəssisələrinə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz. Lakin qrip və bu kimi xəstəlik daşıyıcıları bağçalara daxil olduqda tibb xidmət göstərən əməkdaşı profilaktik tədbirlər həyata keçirməlidir.

Bağça rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalı, şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün azyaşlılar qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq sonuncu partada əyləşməlidir. Qrup tərbiyəçisi virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət  yetirilməlidir. Məktəbin  tibb  işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir”.

“Tibb işçilərinin bağçalara işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir”

Ekspertin sözlərinə görə, bağçalarda bundan əlavə, ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu qanunvericilik aktlarında orta məktəblər üçün də nəzərdə tutulub:

“Bu, bədbəxt hadisə zamanı  ilkin tibbi  yardımın göstərilməsi üçün mütləqdir. Amma baş verən hadisələr onu  göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin  təkcə təhsilin səviyyəsi aşağı səviyyədə deyil, tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var. Bir uşaq bağça ərazisində bədbəxt hadisə nəticəsində vəfat edirsə, bu, həmən o məktəbəqədər təhsil müəssisələrində fəaliyyətin düzgün təşkil olunmaması deməkdir. Azyaşlılar ciddi nəzarət tələb edən  yaş  dövründədirlər. Onlar nə sinifdə, nə də təlim, yemək, istirahət  vaxtı nəzarətsiz qala bilməz.

Məktəbəqədər təhsil müəssisələrində normal şərait olmadığı üçün çox vaxt  azyaşlı təkbaşına evdən gətirdiyi qidaları nəzarətsiz yeyir. Halbuki, məktəbəqədər təhsil müəssisələrində onlar üçün normal şərait yaradılmalıdır. Ümumilikdə  məktəbəqədər təhsil müəssisələrindəki  tibbi personalın xidmət səviyyəsi müasir standartlardan aşağıdır”.

Ekspert bildirib ki, məktəbəqədər  təhsil  müəssisələri xüsusi yer olduğuna görə, bura tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilməlidir:

“İndi işə qəbul birbaşa təyinat yolu ilə olduğu üçün keyfiyyət aşağı səviyyədədir. Öncə müraciətləri elektron qaydada qəbul etmək, daha  sonra  müsabiqə və müsahibə mərhələsi təşkil etməklə daha yüksək bilik və bacarıqlara malik olan şəxslərin qəbulunu həyata keçirmək olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları