Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 17:03:55
Tələbələrin II Qurultayından nə gözləməliyik? – “Teatrı xatırladan formal tədbirlərdir”  

“Tələblərin I Qurultayında təəssüf ki, ölkədə fəaliyyət göstərən bütün ali, orta ixtisas, peşə təhsili müəssisələrini təmsil edən tələbələrin hamısı iştirak etməyiblər. Eyni zamanda, tələbələrin qarşılaşdığı problemlərin həlli istiqamətində iş görülməyib. Bu tipli qurultaylar ancaq formal xarakter daşıyır. Heç bir ciddi nəticəsi olmayan, görüntü üçün edilən, teatrı xatırladan tədbirlərdir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Azərbaycan Tələbələrinin Qurultayının keçirilməsi Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il sentyabrın 16-da imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb:

“Bu tədbiri Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birlikdə təşkil edirlər. Buna qədər keçirilən tələbələrin qurultayında təəssüf ki, ölkədə fəaliyyət göstərən bütün ali, orta ixtisas, peşə təhsili müəssisələrini təmsil edən tələbələrin hamısı iştirak etməyib.

Eyni zamanda, tələbələrin qarşılaşdığı problemlərin həlli istiqamətində iş görülməyib. Bu tipli qurultaylar ancaq formal xarakter daşıyır. Heç bir ciddi nəticəsi olmayan, görüntü üçün edilən, teatrı xatırladan tədbirlərdir. Hesab edirəm ki, bu qurultayda tələbələrin müstəqil işi problemi, onların təhsil haqları, yataqxana, nəqliyyat, tələbə krediti və digər ciddi problemlərinin həlli istiqamətində ciddi təkliflər səslənəcək, onların həlli istiqamətində bəyanatlar qəbul ediləcək. Eyni zamanda, Azərbaycan tələbələri ilə xarici ölkə tələbələri arasında mütəmadi formların, tədbirlərin keçirilməsi kimi mühüm qərarlar qəbul ediləcək”.

Ekspert bildirib ki, hazırda ali təhsil müəssisələrində 165, orta ixtisas və peşə məktəblərində isə 40 minə qədər tələbə təhsil alır:

“Bu o deməkdir ki, bu gün tələbə adı altında 200 mindən çox gənc birləşib. Amma onların fəaliyyəti, hərəkətliliyi demək olar ki, yoxdur. Təəssüf ki, bu tədbirdə də bəzi gənclərin, tələbələrin son illər əldə etdiyi nailiyyətlərdən danışılacaq. Amma bütün tələbələrin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilməyəcək. Tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsinin həlli üçün qəti addımın atılmaması, tələbələrin yataqxana – mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişi görməyəcəyik.  4 il bakalavr, 2 il magistratura, 3 il doktorantura pilləsində təhsil alıb tələbə olsam da, tələbələrin qurultayında iştirak etməmişəm. Amma bu qurultayın o qədər də əhəmiyyətli olacağını düşünmürəm.

Hesab edirəm ki, tələbələrin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan tələbələrin  fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi vacibdir”.

Xatırladaq ki, dekabrın 21-də Azərbaycan Tələbələrini II Qurultayının keçirilməsi nəzərdə tutulub. İlk tələbə qurultayı isə 2013-cü ildə təşkil olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları