Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 14:03:00
“Oradan-buradan oğurlayıb  gündə bir kitab çap etməklə alimlik olmur”Razi Nurullayevin sərt “təhsil resepti”  

Razi Nurullayev: “Əzbərçilik manqurtlaşma, zombiləşmə deməkdir”

AzEdu.az “Təhsil resepti” rubrikasını davam etdirir. Rubrika çərçivəsində respublikanın tanınmış ictimai-siyasi şəxsləri, incəsənət və maarif xadimləri Azərbaycan təhsilinin gələcək inkişafı üçün öz “resept”lərini təqdim edirlər

“Dünya elmi Marsa aparat göndərir və o texnologiyalar onillərlə orada işləyib yerə şəkillər yollayırlar. Niyə o gözlük taxıb, ciddi-ciddi baxan və ləngərlə yeriyən alimlərimiz bir telefon, bir ağıllı çip, televizor, məişət avadanlıqları yaratmırlar?! Yekə-yekə danışmaqla, oradan-buradan oğurlayıb gündə bir kitab çap etməklə alimlik olmur”.

Bu sözlər isə rubrikanın budəfəki qonağı, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Razi Nurullayevin “resept”inə daxildir. O, nitqinə ümumiyyətlə, Azərbaycanda təhsil səviyyəsinin o qədər də ürəkaçan durumda olmaması  fikri ilə başlayıb:

“Statistika deyir ki, bizdə az qala, yüz faizlik savadlılıq dərəcəsi var. Yalandır, orta məktəblər “yaxşı məhsul” istehsal etmirlər! Hələ də məktəblərdə, ali təhsil müəssisələrində vətəndaş  rüşvət verir ki, övladı oxumasın. Müəllim də rüşvət alır ki, dərs verməsin. Özəl və bahalı məktəblərdə oxuyanlardan savayı bir tələbə göstərin ki, o, məktəbdə aldığı biliklə universitetə daxil olsun. Tapmayacaqsınız! Yüksək bal toplayanaların əksəriyyəti ya özəl məktəbə, ya da repetitor yanına gedənlərdir.

Bu gün az qala, hər valideyn övladını repetitor yanına göndərir. Bu, təhsilimiz barəsində nəsə demirmi?! Az maaş alan müəllimin dərs keçməyə, bilik öyrətməyə həvəsi yoxdur. Bilərək məktəbdə dərs keçmirlər ki, şagirdlər pul haqqı ilə əlavə dərslər üçün onların yanına gəlsinlər.

Razi Nurullayev yeni qaydalara əsasən, qəbul imtahanlarına dinləmə mətninin salınması məsələsinə də toxunub. Onun fikrincə, məktəblər buna hazır deyillər:

“Məgər, onlar xarici dilləri şagirdlərə dinlədiblər?! Ayıb-əcəb bilmədən ağıllarına gələni edirlər. Guya, bunlar islahatçıdırlar. Yanaşmaları yanlış və ziyanvericidir. Bu şagird harada xarici dil dinlədi ki, ona bu çətinliyi yaradaq?! 

O, öz “təhsil resepti”ndə Azərbaycan Dillər Universitetinin fəaliyyətinə də toxunub. Bildirib ki, ingilis dilini elə məzunu olduğu bu universitetdə öyrənib:

“Amma, buranın yüksək təhsil verən bir qurum olduğunu demək olmaz. O zaman diplom alsa da, xarici dildə iki cümləni ardıcıl deyə bilməyən məzunlar vardı. İndi xəbərim yoxdur.

Ümumiyyətlə, bəzi ali təhsil müəssisələri çox da yaxşı durumda deyillər.. Azərbaycanda son zamanlar yaranan universitetlərə böyük ümidim var. Çünki, onlarda rüşvət yoxdur və müəllimlər də yüksək əmək haqqı ala bilirlər. Bura Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını, ADA Universitetini, Azərbaycan-Fransa Universitetini, Bakı Ali Neft Məktəbini, Seçenov Universitetinin Bakı filialını və Xəzər Universitetini aid edirəm. Dövlət universitetləri arasında isə Azərbaycan Dövlət Pedaqoji Universitetini normal təhsil müəssisəsi kimi tanıyıram. Bu isə hörmətli Cəfər Cəfərovun rektor təyin olunmasından sonra baş verib.

O, Azərbaycanda bəzi orta məktəb direktorları haqqında da fikirlərini bildirib, onların xarakter və davranışlarına toxunub:

“Elmlər Akademiyasının şöbə müdirləri, müavinləri sanki ayda bir dəfə Nobel mükafatına layiq bir kəşf edirlər.

Rektorlar, dekanlar, elmi dərəcəsi olanlar da özlərini hamının üzərində görürlər. Bu, çox biabırçı davranışdır. Xarici ölkələrdə çox oluram, vəzifəli şəxslər o qədər sadə, səmimidirlər ki, adamın ağzı açıq qalır.

O, müəllimlər haqqında danışarkən, onların sosial vəziyyətlərinə də toxunub:

“Aldıqları aylıq əmək haqları onlara bəzi kriteriyalarda  maneçilik törədir. Məktəb direktorlarının təhsillə məşğul olmağa vaxtları qalmır”. 

R.Nurullayev Azərbaycanın əksər tələbələrini birləşdirən “ortaq özəllik”ləri sadalayıb. Bildirib ki, onlar oxumadan, biliklərini artırmadan, telefonlarda qurdalana-qurdalana iş sahibi olmaq istəyirlər:

“Çoxu hesab edir ki, oxumaq boş şeydir, əsas odur ki, adamın olsun. Bu, yanlış yanaşmadır, cəmiyyət dəyişir və “adamın adamı” da irəli çəkmək üçün kütbeyin yox, beyinli birini seçir. Bir də hər kəs hər şeyin tez olmasını istəyir, əziyyət çəkməyə meylli deyillər.

“Nəyə lazımdır, bu statistika, bu rəqəmçilik və əzbərçilik? İmkan verin şəxsiyyətlər yetişsin!”

ABŞ və Kanada Universitetlərində olan Razi müəllim onlarla müqayisədə Azərbaycan ali məktəblərində  gözədəyən çatışmazlıqları qeyd edib. Onun sözlərinə görə, Qərb universitetlərində şəxsiyyət yetişdirirlər, bizdə isə...

“Orada azad fikir, təşəbbüslər, praktika önəmli rol oynayır, bizdə isə əzbərçilik. Hələ də məktəblərdə, ali təhsil müəssisələrində əzbərləmə metodu önəm daşıyır. Əzbərçilik manqurtlaşma, zombiləşmə deməkdir. İmtahan suallarına baxırsan, adamın əti tökülür. Nəyimizə lazımdır bu statistika, bu rəqəmçilik və əzbərçilik?! İmkan verin şəxsiyyətlər yetişsin. İmtahana hazırlaşan məzunlara yazığım gəlir. Çünki, o sualları hazırlayanlar, ona rəhbərlik edənlərin təfəkkürü keçən əsrlərdə qalıb və nəsli məhv etməklə məşğuldurlar.

“Oradan-buradan oğurlayıb  gündə bir kitab çap etməklə alimlik olmur”

O, son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının adına hallanan plagiatlıq nüanslarından da danışıb:

“Alim diplomu daşıyanların çoxunun elmi işini başqaları yazıb və elə onlar da haradansa oğurlayıb. Bu hal humanitar sahələrdə özünü daha qabarıq büruzə verir. Hanı o elm, hanı o yenilik?!

Dünya elmi Marsa aparat göndərir və o texnologiyalar onillərlə orada işləyir, yerə şəkillər göndərir. Niyə o gözlük taxıb ciddi-ciddi baxan və ləngərlə yeriyən alimlərimiz bir telefon, bir ağıllı çip, televizor, məişət avadanlıqları yaratmırlar?! Gedin, mağazalarımıza girin və görün orada nə qədər ölkəmizdə istehsal olunan, yaradılan məhsul var?! – Yoxdur! Yekə-yekə danışmaqla, oradan-buradan oğurlayıb gündə bir kitab çap etməklə alimlik olmur.

“Kəşfini bir yapon şirkətinə göndər, əgər dediyin qədər varsa, səni qızıla bükərlər”

Əslində, elmi potensialı olan çoxlu alimlər də var. Onlar kölgədə qalır və başı qapazlıdırlar. Çünki, gücləri yoxdur və cəmiyyət də onlara sahib çıxmır. Elm böyük vəsait və sərmayə tələb edir. Bacarığı olan, kəşfi olan, icadlar edən alimlərimiz çoxdur, amma onlar bacarıqlarını kommersiyalaşdıra bilmirlər. Çünki, dünyagörüşləri zəifdir, dünyaya çıxış imkanları, dil bilikləri, biznes bacarıqları yoxdur. Hərçənd ki, sənin icadın bu ölkədə heç kimə lazım deyilsə, get patenti Amerikada al. Əgər özünə inamın varsa, sən mütləq onu kommersiyalaşdıra bilərsən. Kəşfini bir yapon şirkətinə göndər, əgər dediyin qədər varsa, səni qızıla bükərlər”.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları