Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 13:00:00
Alimlər aşıq yaradıcılığının gələcək inkişaf yollarını müzakirə etdilər  

AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, tədbirdə Azərbaycan aşıq sənətinin tarixinə nəzər salınıb, bugünkü vəziyyəti və gələcək inkişaf yolları təhlil olunub.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək cari ildə Beynəlxalq Muğam Mərkəzi ilə birgə “Dastan gecələri” layihəsini həyata keçirdiklərini bildirib. Qeyd edib ki, layihə aşıq sənətinin bel sütunu olan dastançılıq ənənəsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq məqsədi daşıyıb.

Akademik bu gün ölkəmizdə 400, Azərbaycandan kənarda isə 1300-ə yaxın aşığın fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, müasir texnikanın imkanlarından istifadə etməklə aşıq sənətinin xüsusiyyətlərini dünya xalqlarına çatdırmaq mümkündür.

M.İmanov, həmçinin bu gün ustad-şagird ənənəsinin getdikcə zəiflədiyini vurğulayıb.

Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı aşıqlığın universallıq keyfiyyətinə toxunub, xalq ruhundan gələn bu cəhətlərin ardıcıl qorunmasının zəruriliyini bildirib.

"Dəyirmi masa"da filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev, professor Kamilə Dadaşzadə, filologiya üzrə fəlsəfə doktorları - Elxan Məmmədli, Nemət Qasımlı, Gülhüseyn Kazımlı, Altay Məmmədli, sənətşünaslıq üzrə elmlər doktoru İradə Köçərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov, tanınmış aşıqlar Cahangir Quliyev, Ağamurad İsrafilov aşıq sənətinin müasir problemlərindən, kütləvi informasiya vasitələrində təbliğatından danışıblar.