Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 11:41:54
“Şagirdlər tanıdır” layihəsi reallaşdırılır  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Şagirdlər tanıdır” layihəsi çərçivəsində tur-aksiya keçirilir.

İdarədən Azedu.az-a bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin təhsil aldığı məktəblərin yerləşdiyi ərazinin tarixi və mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri barədə digər rayonlardan gələn şagirdlərə ətraflı məlumat verməkdən ibarətdir.

Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanı rayonları üzrə tur-aksiyada BŞTİ-nin tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin VI-VIII sinif şagirdləri iştirak edirlər. Aksiya çərçivəsində məktəblilər getdikləri yer barədə topladıqları məlumatları digər məktəblərin şagirdləri ilə bölüşürlər.

İlk tur-aksiya 76 nömrəli tam orta məktəb tərəfindən Suraxanı rayonunda təşkil olunub. Əvvəlcə Heydər Əliyev Mərkəzi və Atəşgah məbədi ziyarət edilib. Mərkəzlə tanışlıq zamanı şagirdlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlandırılıb. Eyni zamanda, 76 nömrəli tam orta məktəbin şagirdləri qonaq şagirdlərə məbədin tarixi ilə bağlı məlumat veriblər.

Növbəti tur-aksiya 312 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Nizami rayonunda keçirilib. Şagirdlər Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Burada şagirdlərə qəsəbənin şəhidləri haqqında ətraflı məlumat verilib. Daha sonra məktəblilər Keşlə qəsəbəsinin tarixi abidələrdən sayılan Şah Abbas məscidi ilə yaxından tanış olublar. Həmçinin şagirdlər 300 ildən artıq yaşı olan "Keşlə bəy hamamı"na da ekskursiya ediblər.

Layihə çərçivəsində görüşlərin digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.