Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 14:24:00
Bir-birindən vacib qərarlar, qəbul proqramının gecikmə səbəbi, orfoqrafiya lüğətinə edilən  dəyişikliklər  – Həftənin təhsil icmalı 

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız  günlərdə  təhsil sahəsində  nələrin baş verdiyinə  qısa nəzər  salaq: 

Universitetlərə rektor 5 illik təyin olunacaq - Fərman

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.

 Prezident İlham Əliyevin 12 dekabr tarixində imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

 Bu müddəa bu Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq. 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib.

Mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz buraxdığını bildirib. Rektor bütün həyatını xalqına həsr edən ulu öndərin musiqiyə xüsusi bağlılığının olduğunu, onun əziz xatirəsinin hər il ali məktəb tələbələrinin ifasında konsert proqramı ilə anıldığını qeyd edib.

Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi mərasimdə əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları səslənib.

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM  

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilib.

Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi və səmərəli istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir.

Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, vahid elektron informasiya sisteminin yaradılması, elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılmasında elektron hesabat formalarının, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası iki ay müddətində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

Orfoqrafiya lüğətinə bu dəyişikliklər edildi - Bütün maddələr

Sentyabrın 13-də AMEA-nın Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib.

İclasa sədrlik edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, orfoqrafiya məsələlərilə bağlı mətbuatda bu günə kimi 300-dən artıq məqalə dərc edilib. Vurğulayıb ki, bu müddət ərzində Azərbaycan ictimaiyyəti yeni orfoqrafiya qaydaları ilə bağlı fikirlərini bölüşüb və onlar nəzərə alınıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Orfoqrafiya Komissiyasının İşçi qrupu müzakirə prosesində diqqətli olmağa çalışıb: "Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb".

İclasın sonunda üç maddə qəbul edilməyib.

 Qəbul edilən yeni maddələr isə bunlardır:

- Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: ssenari, ssuda.

Təklif olunan variant: senari, suda.

- Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.

Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.

- Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.

- Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya və s.

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

- Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi.

- Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan

Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s. 

Qəbul proqramının gecikmə səbəbi və nəşr tarixi AÇIQLANDI

2019-cu ildən qəbul imtahanları  kurikulum standartları əsasında təşkil olunacaq. Buraxılış imtahanları üzrə proqram ictimaiyyətə  elan olunsa da, ixtisas qrupları üzrə qəbul proqramını əhatə edəcək  “Abituriyent” jurnalı hələ də nəşr olunmayıb.

Bu da öz növbəsində abituriyent və müəllimlərin narazılığına səbəb olub.

Dövlət İmtahan Mərkəzi  mətbuat xidmətindən AzEdu-az-a bildiriblər ki, qəbul qaydaları ilə bağlı bütün dəyişiklikləri ictimaiyyətə elan edilib. Məlumatda qeyd olunub ki, yeniliklər haqqında lazımlı bütün məlumatlar  DİM-in  saytında yerləşdirilib. Lakin qəbul qaydaları rəsmi  qaydada təsdiq edilməyib.

Qəbul qaydalarının hüquqi cəhətdən təsdiqi bir neçə orqanla razılaşdırma aparıldıqdan sonra həyata keçirilir. Qəbul qaydaları  “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunur.

Qəbul qaydaları təsdiq  edildikdən sonra “Abituriyent” jurnalının 1-ci nömrəsinin yanvar ayında dərc edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, DİM ixtisas qrupları üzrə qəbul proqramının noyabrın ikinci yarısında elan olunacağını açıqlamışdı. 

Nazir müavini Moskva şəhər hökumətinin nümayəndə heyəti ilə görüşüb

Dekabrın 7-də təhsil nazirinin müavini Firudin Qurbanov Moskva şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Nazir müavini tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində fənn olimpiadalarına marağın daha da artması, həmçinin 2019-cu ildə ölkəmizdə informatika üzrə beynəlxalq olimpiadanın keçiriləcəyi və rusiyalı şagirdlərin bu olimpiadada iştirak üçün dəvət olunduqları barədə məlumat verib.

Firudin Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb. Moskva Dövlət Universiteti və M.T.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti filiallarının uğurlu fəaliyyətini qeyd edən nazir müavini ölkəmizdə rus sektorunda tədrisin aparıldığını, rus dili və ədəbiyyatı üzrə hər il olimpiadanın keçirildiyini, Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələrində azərbaycanlı gənclərin təhsil almaları üçün kvotaların ayrıldığını deyib.

Vladimir Filippov Moskva şəhərində təhsil sahəsində həyata keçirilən yeniliklər, aparılan islahatlar, yeni informasiya texnologiyalarının tədrisdə tətbiqi və digər aktual məsələlərlə bağlı geniş məlumat verib. Azərbaycanda rus dilinə göstərilən diqqəti xüsusi vurğulayan Vladimir Filippov təhsil sisteminin informasiyalaşdırılması, məktəbdənkənar fəaliyyətin təşkili sahələrində təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edib.

Görüşdə həmçinin Moskva şəhərinin şagirdləri ilə paytaxtımızın şagirdləri arasında idman yarışları və intellektual oyunların keçirilməsi təklif olunub.

Məktəblilərimiz Beynəlxalq Elm Olimpiadasından 5 medalla qayıdıblar 

Botsvanada yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada ölkəmizi 6 şagird təmsil edib.

Mötəbər elm yarışında öz bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin IX sinif şagirdi Sədiyar Qafarov, Fizika, riyaziyyat və infomratika təmayüllü liseyin X sinif şagirdi Məhəmməd Yusifov, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin IX sinif şagirdi Xanım Yaqublu və X sinif şagirdi Əjdər Fərzullazadə, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Murad Bəşirov bürünc medallara layiq görülüblər.

 2004-cü ildən etibarən bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri 4 gümüş, 38 bürünc olmaqla 42 medal qazanıblar. 

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək   

Azərbaycan Respublikasının Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində Təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 2-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirib.

Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndərib. Müsabiqəyə  ümumilikdə 724 tələbə müraciət edib. Onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçib və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilmiş və aşağıdakı siyahıda həmin şəxslərin adları qeyd edilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları