Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 14:59:07
Tam fərqli Riyaziyyat müəllimi olmaq istəyən qız - “Ətrafımdakılar pis insanlardır”- “Atüstü söhbət”  

“İstəyirəm ki, illər sonra gəlib elə bu kənddə, bu məktəbdə Riyaziyyat müəllimi kimi çalışım. Bu, ən böyük arzumdur”.

AzEdu.az müxtəlif bölgə şagirdlərini birləşdirən “Atüstü söhbət” rubrikasını davam etdirir.

Budəfəki “Atüstü söhbət”imiz  isə Salyan rayon  Salman Cəfərov adına Yenikənd  kənd orta məktəbinin VIII sinif şagirdi  Zeynəb Şıxəliyeva ilədir.

 “Lazım gəlsə, müəllim şagirdi vura bilər. Amma çox şiddətli dərəcədə yox” deyən, sonradan isə fikrini dəyişən və uyğun cəza variantlarını söyləyən Zeynəblə “Atüstü söhbət”i təqdim edir:

-Zeynəb, əvvəlcə səndən dərslərini xəbər alaq. Nədəsə çətinlik çəkirsən?

-Kimya və Tarixdən başqa heç bir fəndən çətinlik çəkmirəm. Tarixdə illəri yadda saxlaya bilmirəm. Kimyada isə reaksiyaları oxusam da, tez unuduram. Bunlar mənə çətinlik yaradır.

-Bəlkə də hansısa fəndən çətinlik çəkməyində müəllimlərinin də rolu var. Sən özün müəllim olsaydın, nələr edərdin?

-Müəllim olsaydım, şagirdlərə dərsi elə tərzdə izah edərdim ki, heç vaxt yadlarından çıxmazdı. Elə həqiqətən,  Riyaziyyat müəllimi olmaq, bu fənni tətbiq edərək öyrətmək istəyirəm.

-Zeynəb, özün də məktəbli olduğuna görə, məncə, gün ərzində şagirdin beynində dolaşan fikirləri yaxşı bilirsən. Şagirdin bir gün ərzində düşüncələrini təsvir et...

-Şagirdin beynində gün ərzində fərqli fikirlər dolaşa bilər. Düşünürəm ki, bu, əsasən, dərs və qiymətlə bağlı olur.

-“2” alanda hansı hisləri keçirmisən?

-Bir dəfə Ədəbiyyatdan “2” aldığıma görə oturub ağlamışdım.

-Heç sevmədiyin müəllim obrazı hansıdır?

-Məncə müəllim şagirdə dərsi elə başa salmalıdır ki, nə çox elmi, nə də aşağı səviyyədə olmasın. Sevmədiyim müəllim obrazı savadı olsa da, şagirdlərə biliyini çatdıra bilməyən müəllimdir.

-Səncə, məktəbdə qadın, yoxsa kişi müəllimlər çox olmalıdır?

-Qadın müəllimlər səbirsiz olurlar. Kişi müəllimlər isə əksinə. Buna görə də məktəbdə kişi müəllimlərin çox olmasının tərəfdarıyam.

-Zeynəb, bugünəcən müəllimə nəyisə bəhanələri etmisən?

-Əlbəttə, müəllimə neçə dəfə demişəm ki, evdə qonaqlar var idi. Ona görə də dərsimi hazırlaya bilmədim və hazır deyiləm.

-Səncə, belə olan halda müəllim şagirdi döyə bilər?

Lazım olsa, bəli. Amma çox şiddətli dərəcədə yox.

-Fiziki cəzanı düzgün hesab edirsən? Səncə, müəllim şagirdi başqa formada cəzalandıra bilməz?

-Əslində, müəllim şagirdi sinif yoldaşlarının yanında danlayaraq da cəzalandıra bilər. Ona deyə bilər ki, “sən bura oxumağa gəlirsən, yaxşı vətəndaş olmalısan. Bu, sənə uyğun hərəkət deyil və s”. Bayaqkı fikrimi isə dəyişirəm, şagirdi döymək düzgün deyil.

-Səncə, ətrafında yaxşı, yoxsa, pis insanlar çoxdur?

-Düşünürəm ki, mənim ətrafımdakılar pis insanlardır.

-Bu yaşında niyə belə düşündüyünü bilmək olar?

-Çünki sədaqətli dostlarım azdır...

-Sənə sədaqətli dostlar arzulayıram... Bəs, səncə yaxşı sinif yoldaşı necə olmalıdır?

-İlk növbədə vəfalı dost olmalıdır. Sənin uğuruna sevinməlidir. Uğursuzluqla üzləşəndə kömək etməlidir. 

-Necə fikirləşirsən, sən yaxşı sinif yoldaşısan?

-Məncə, hə. Çünki məndə həmin xüsusiyyətlər var.

-Zeynəb, bilmirsən, şagirdlər niyə direktordan belə çəkinirlər? Onunla müəllimləri ilə olduğu kimi səmimi, rahat olmurlar?

-Bizim direktor müavinimiz Elnur müəllim ciddi olsa da, valideyn, müəllim kimi çox qayğıkeşdir. Dərslərimizlə maraqlanır.

Amma ümumilikdə digər müəllimlərlə müqayisədə direktorlar daha ciddi, qəddar olurlar. Bəlkə də şagirdlərdəki qorxu bundan irəli gəlir.

-Bəs, sevgi sənin üçün nədir?

-Bu sualı keçək!

-Yaxşı, bəs, müəllimdən küsdüyün vaxt olub?

Bəli, aşağı siniflərdə olub. Çünki müəllim məni danlayıb. Düzü, bu, uşaqlıq əlaməti idi. Böyüdükcə başa düşürsən ki, artıq küsməyin mənası yoxdur.  Bəzən küsəndə şagirdin həmin müəllimə və onun  fənninə olan simpatiyası ölür. Amma nə vaxtsa bu dərsi oxumadığına görə peşman olur. Onda isə gec olur.

-Müəllimlərinə nə demək istərdin?

-Onlar çox yaxşı, savadlıdırlar. Nə yaxşı ki, mənə dərs deyiblər. 

-Zeynəb, fikirlərindəki ideal müəllimlə tanış olduq. Bəs, necə bir məktəbdə oxumaq istərdin?

İstərdim ki, oxuduğum məktəb Avropa standartlarına uyğun olsun. Amma oxuyan şagird üçün bunun fərqi yoxdur. Oxuyan adi kənd məktəbində də oxuyar.

-Təsəvvür et ki, üstündən illər keçib. Bu müddət ərzində həyatında nələtin dəyişməsini hansı arzularının reallaşmasını istərdin? 

-İstəyirəm ki, illər sonra gəlib elə bu kənddə, bu məktəbdə Riyaziyyat müəllimi kimi çalışım. Bu, həqiqətən, ən böyük arzumdur. İstəyirəm ki, məni müəllim kimi tanısınlar. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları