Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 13:15:00
"Nişanlımla birlikdə eyni məktəbə qəbul olduq" - Gənc müəllimin “uğur hekayəsi”

AzEdu.az müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 55 bal toplayaraq Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbə işə qəbul olmuş Mədinə Məmmədovanın “uğur hekayəsi”ni oxuvulara təqdim edir:

"Hədəfinizə çatmaq üçün heç bir əngəldən qorxmayın, çünki əngəllər sizin əzminizdən güclü deyil!"

"Addım-addım məqsədə doğru irəlilədiyim bu yolda çox çətinliklərdən keçmişəm. Sumqayıt Dövlət Universitetindən məzun olduğum il - 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim. Rayonumuzda vakant yer olmadığından Tovuz rayonunun ucqar kəndlərindən birinə qəbul oldum, lakin ailəm mənim təkbaşına, uzaq rayona getməyimə razı olmadı. Bu arzumu bir il ürəyimə həbs etdim. Növbəti il nişanlımla birlikdə - iki filoloq işə qəbul müsabiqəsində iştirak etməyi qərara aldıq. Gələcəyimizi qurmaq üçün ucqar kənddə işləmək təklifini mən vermişdim. Bu qərarla biz çiynimizə çox ağır yük aldığımızın fərqində idik. Eyni məktəbdə eyni ixtisasdan 2 vakant yer verilmiş məktəbləri seçdik və işə qəbul olduq. Bu möcüzə idi, ancaq biz bunu bacarmışdıq, ilk yazdığımız məktəbə - Kürdəmir rayon Ərəbqubalı kəndinə qəbul olmuşduq. Beləcə mənim cehizim həmin kəndə yola düşdü. Şərait çətin olsa da, şagirdlərimin gözlərindəki o sevinc və ümid dolu baxışlar, mənim bütün qorxularımı üstələmişdi. Bizi bir "xilaskar" kimi görən o uşaqların oxumaq həvəsi pedaqoji fəaliyyətə başlayan yeni müəllimi daha da həvəsləndirib daha da əzmini artırırdı. Həmin məktəbdə çox nailiyyətlərimiz oldu. Test üsulundan xəbərsiz bu uşaqlar arasında rəqabət yaranmışdı, qızları məktəbə cəlb etməyi bacarmışdıq. Uzun aradan sonra məktəbdən ilk universitetə hazırladığımız şagirdimiz bu il məzun oldu. Beləcə 3 ilimizi tamamladıq. Artıq kənddən getməyi qərara almışdıq. Şagirdlərimizdən ayrılmaq nə qədər çətin olsa da, evdə olan körpə uşağın rahatlığını da düşünməli idik. Vakant verilmiş şəraiti yaxşı olan kəndləri araşdırmağa başladıq. İstədiyimiz kəndi tapmışdıq. Bircə qaldı yerdəyişmə imtahanından keçib eyni ixtisasdan 2 vakant verilmiş məktəbə qəbul olmaq. Rəqabət artmışdı artıq. Bu dəfə eyni məktəbə düşməyimiz bir möcüzə idi, düzü, elə də ümidimiz yox idi. İmtahana getdik və o möcüzə baş vermişdi. Biz yenidən eyni məktəbdə - İmişli rayon Qızılkənd kənd tam orta məktəbində çiyin-çiyinə işləyəcəkdik. Bu sevinclə yeni tədris ilini gözlədik. Yeni şagirdlər, yeni kollektiv, yeni şərait... Burda da fəaliyyətimizi davam etdirdik, bir an olsun əqidəmizdən dönmədik. İki ili başa vurduq. 5 illik ucqar kəndlərdəki pedaqoji fəaliyyət missiyamızı tamamlamışdıq. Beş il öncə müəllim maaşı ilə qurub başa vurduğumuz evimizə köçmək idi istəyimiz. Bunun üçün Sumqayıt şəhər məktəblərinin birinə yerdəyişmə etməliydik. Çox ciddi hazırlaşmağa başladıq. İki körpə uşaqdan ayrı hazırlaşdığım bir ay mənə çox ağır gəlirdi. Ancaq məqsədimizə 1 addım qalmışdı bunun üçün göz yaşlarımı silə-silə məntiq işləməyə davam edirdim. Həmin gün çatdı. Imtahana getdik. Mən Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbə, həyat yoldaşım isə Qobu qəsəbə 3 nömrəli tam orta məktəbə qəbul oldu. Ayrı-ayrı məktəblərdə dərsə başlasaq da, yenə eyni yol ilə irəliləyirdik. Artıq balaca dahi dilçilərimizi seçmək üçün müsabiqəyə start vermişik. Bu onları daha da həvəsləndirərək dilimizi mükəmməl öyrənib sevməyə istiqamətləndirəcək. Hədəfinizə çatmaq üçün heç bir əngəldən qorxmayın, çünki əngəllər sizin əzminizdən güclü deyil."

Qeyd: MAterial İnsan Resursları Mərkəzinə istinadən təqdim olunur