Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 13:00:00
Direktorluğa namizədin  müsahibə mərhələsi ilə bağlı təəssüratı – Sadə suallar, əsassız gərginlik, güclü həyəcan  

“Müsahibədə iştirak edəcək namizədlərə məsləhətim odur ki, həyəcan və narahatlıqlarını büruzə verməsinlər. Emosional olmaq direktora  yaraşmayan xüsusiyyətdir. Suallara təmkinlə aydın və səmimi cavab versinlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak etmiş  namizəd, Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Şahnazxanım Şükürzadə deyib.

Müsahibə  təəssüratlarını, bu mərhələdə növbəti günlərdə iştirak edəcək namizədlərlə bölüşən müəllim verilən suallar, komissiya üzvlərinin münasibəti ilə bağlı bütün xırdalıqlar barədə məlumat verib. O, müsahibədən xoş təəssüratla ayrıldığını deyib:

“Komissiya üzvləri təhsil və əmək qanunvericiliyi, idarəetmə və dünyagörüşünü əhatə edən suallar verdilər. Düşünürəm ki, bu suallarla bir məktəbi idarə etmək üçün ən uyğun namizədi qərarlaşdıra bilərlər.

Direktorluq müsabiqəsində ilk dəfə iştirak etməyimə baxmayaraq,  heç bir həyəcan və narahatlıq keçirmədim. Mən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olduğuma görə, xeyli imtahan və müsahibələrdə iştirak etmişəm.

Komissiya üzvləri təhsil müəssisəsini idarə edəcək peşəkar kompetensiyalara, ümumi dünyagörüşünə, savada və  liderlik bacarığına malik direktoru seçmək üçün ən doğru namizəddə qərarlaşmalıdırlar”.

Direktorluğa namizəd ona müsahibə mərhələsində əsasən bu tip sualların verildiyini bildirib:

“Təhsilin idarəetməsi, qanunvericilik və digər istiqamətlərlə bağlı suallar verildi.  Məsələn:

-Bir məktəb direktoru hansı keyfiyyətlərə malik olmalıdır?,

-İşlədiyiniz məktəbin idarəçilik fəaliyyəti sizi nə dərəcədə qane edir?,  

-İşlədiyiniz müddətdə məktəbinizdə yaranan ən yaddaqalan problem nə olub və bu problemin həllini direktorunuz necə yoluna qoyub?

-İstifadə etdiyiniz dərslikdə hansı qüsurları görürsünüz?

-Şagirdlərinizdə hansı keyfiyyətləri görmək istərdiniz?

-Keçmiş şagirdinizi görəndə hansı hissləri keçirirsiniz?

-Cocuq Mərcanlı kəndinin işğaldan azad olunması sizdə hansı təəssütatları yaratdı?

-Şagirdlərinizə hansı bədii ədəbiyyatları oxumasını məsləhət görürsünüz?

-Sonuncu dəfə hansı xarici ədəbiyyatları oxumusunuz?

Təhsil qanunvericiliyi ilə əlaqədarda suallar verildi. Məsələn, mütaliə bacarıqlarının inkişafı haqda əmr, təhsillə bağlı arzularım, işlədiyim məktəbin direktorunun məktəb heyəti ilə necə  davranması  və s. haqda suallar səsləndi. Soruşdular ki, məcburi köçkün olmayan şagirdin məcburi köçkün məktəbinə qəbulu necə həyata keçirilir? Bunu hansı idarə həyata keçirir, hansı qanunla təsbit olunur?”

Müsahib bildirib ki, dərsliklərlə bağlı verilən suallara cavab olaraq dərsliklərdəki qüsurlardan söz açması bir komisiya üzvünün xoşuna gəlməyib:

“Dərsliklərdəki qüsur və çatışmazlıqlar, onların meyarlara uyğunsuzluğu, standartların mətn və tapşırıqlarda reallaşdırılmaması haqda danışdım. Deyəsən, bu, komissiya üzvlərindən birinin xoşuna gəlmədi”.

O, növbəti günlərdə müsahibədə iştirak etmək istəyən namizədlərə bunları məsləhət görüb:

“Məsləhətim odur ki, həyəcan və narahatlıqlarını büruzə verməsinlər. Emosional olmaq direktora  yaraşmayan xüsusiyyətdir. Suallara təmkinlə aydın və səmimi cavab versinlər. Vacib deyil ki, məktəb direktoru olaq, vacib olan dövlətə, cəmiyyətə və vətəndaşlara olduğu mövqedən xidmət etməkdir. Önəmli olan, öz peşəsinin öhdəsindən ləyaqətlə gəlmək, işini sevə-sevə görməkdir. O zaman hansı vəzifədə olmağından asılı olmayaraq ortaya çıxan nəticə səmərəli olur”.

Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri dərhal məlum olmur. Bu mərhələdə müsbət cavab alan namizədlər isə ya təyinat alır, ya da ehtiyat kadr siyahısına daxil edilirlər. Ehtiyat kadr siyahısındakı namizədlər 2 il ərzində orada saxlanılır. Bu müddət ərzində yaranan vakansiyalar onlara təklif olunur. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları