Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 10:30:00
BDU-nun professoru: “Avrasiya Universiteti özəl ali məktəblərimiz içində ən mükəmməlidir”

Dünyanın inkişaf etmiş ölkələrində özəl ali təhsil müəssisələrinin sayı getdikcə azalır. Tələbələr dünyanın əksər universitetlərində dövlət hesabına təhsil alırlar.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Üstəlik, özəl ali məktəblərə edilən ödənişlərin qarşılığı olaraq keyfiyyətli təhsil demək olar ki, yox səviyyəsindədir.

AzEdu.az-ın təqdim edəcəyi silsilə yazılarda hər özəl ali məktəb haqda ekspert və tələbə fikirlərinə yer verilir.

Budəfəki yazıda Bakı Avrasiya Universitetinin fəaliyyətindən danışılıb.

Təhsil eksperti Nadir İsrafilov: “Bakı Avrasiya Universiteti qəbildən olan çox profilli universitetlərə növbəti qəbul zamanı elan etikləri ixtisasların sayını nisbətən məhdudlaşdırmağı və konkretləşdirməyi tövsiyə edərdim”

Ekspert adıçəkilən universitet barədə kifayət qədər təsəvvürə malik olmadığını söyləyib:

“Bakı Avrasiya Universitetinin humanitar sahə üzrə peşəkar kadrlar yetişdirməsi, məzunlarının hər hansı uğur qazanması və ya bu ali məktəbin tələbəni müəllim kimi yetişdirmək gücünə malik olub-olmaması barədə kifayət qədər təsəvvürüm yoxdur. Bu universiteti 90-cı illərin əvvəllərində “Ali Diplomatiya Kolleci” adı ilə təsis olunub. Bir müddət sonra “Bakı Diplomatiya Universiteti” adı altında dövlət qeydiyyatından keçib və hazırda “Bakı Avrasiya Universiteti” kimi fəaliyyət göstərir.

Bildiyim qədərilə ali məktəbdə diplomatiya, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, sinxron tərcümə, regionşünaslıq, beynəlxalq iqtisadi münasibətlər, marketinq və biznesin idarə edilməsi ixtisasları üzrə kadrlar hazırlamaqla yanaşı, xarici dil müəllimliyi, riyaziyyat və informatika, dil və ədəbiyyat müəllimliyi ixtisasları üzrə də kadr hazırlamaq səlahiyyətləri verilib”.

“İfrat dərəcədə çox profilli təhsil müəssisələri qarşılarına qoyduqları əsas hədəflərdən yayınır, konkret məqsəd və vəzifələrdən uzaqlaşırlar”

Nadir İsrafilov universitetin fəaliyyət göstərməsinin əleyhinə deyil:

“Bu kimi ali və orta ixtisas təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması sahəsində müəyyən addımlar atılır. İfrat dərəcədə çox profilli təhsil müəssisələri qarşılarına qoyduqları əsas hədəflərdən yayınır, konkret məqsəd və vəzifələrdən uzaqlaşırlar. Hüquq, jurnalistika, iqtisadiyyat, regionşünaslıq, müəllimlik – böyük yük deyilmi?

Müstəqillik qazandığımız ilk illərdə sosial və iqtisadiyyat sahəsində olduğu kimi təhsil sahəsindəki bəzi boşluqlardan istifadə edərək yardılan 100 qədər ali və orta-ixtisas müəssisələrindən 30-qədəri lazımi maddi-texniki bazası, pedaqoji kadr potensialı, digər infrastruktur resursları olmadan müəllim “istehsalına” başladılar. Keçmiş “Müəllimləri Təkmilləşdirmə İnstitutu” öz konkret vəzifəsilə məşğul olmaq əvəzinə, ayrı-ayrı ixtisaslar üzrə müəllim hazırlamağa “baş qoşdu”. Hələ bu azmış kimi, daha 11 filialını yaratdı. Nəticədə, tələbatdan iki dəfə yarımdan artıq müəllim “dövriyəyə” buraxıldı. Müəllimlərin Diaqnostik qiymətləndirilməsi həmin müəllimlərin “hazırlıq səviyyəsini” üzə çıxardı. Bəzi filiallara isə Korrupsiya idarəsi lazımi qiymətini verməli oldu.

Bu qəbildən olan çox profilli universitetlərə növbəti qəbul zamanı elan etikləri ixtisasların sayını nisbətən məhdudlaşdırmağı və konkretləşdirməyi tövsiyə edərdim. Bu onların nüfuzuna və daha konkret sahə üzrə profilləşib, tanınmasına da öz müsbət təsirini göstərə bilər”.

Professor Nəsir Əhmədli: “Bakı Avrasiya Universiteti özəl ali məktəblərimiz içində ən mükəmməlidir”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlinin sözlərinə görə, BAAU özəl ali məktəblərimiz içində ən mükəmməlidir:

“Burada müxtəlif profilli kadrlar hazırlanır: filologiya, regionşünaslıq, tərcümə, iqtisadiyyat və s. Təəssüf ki, jurnalistika ixtisasına qəbulu dayandırıblar. O vaxt dərs dediyim tələbələrdən bir neçəsi Almaniyada, Türkiyədə, Azərbaycanın televiziya kanallarında, qəzet redaksiyalarında çox uğurla fəaliyyət göstərir. BAAU-nun müasir, elektron vasitələrlə təchiz edilmiş geniş auditoriyqlqri, peşəkar professor-müəllim heyəti var. Beynəlxalq  əlaqələri genişdir. Təbii ki, başqa yerlərdə olduğu kimi, orada da çatışmazlıqlar yox deyil”.

Təhsil üzrə mütəxəssis Elxan Nəcəfov: “Bakı Avrasiya Universitetinin illik ödənişi ötən illərdə digər ali mətkəblərdən bir balaca az olduğundan abituriyentlər məcburiyyətdən buranı seçirdilər”

Mütəxəssisin sözlərinə görə, insanın peşə uğuru təkcə təhsil aldığı universitetlə bağlı deyil:

“Əsas şərtlərdən biri həmin insanın ixtisasına, peşəsinə marağının olub-olmamasıdır. İstənilən universitet kimi Avrasiya Universitetinin də tələbələri arasında peşə baxımından uğur qazanan və qazanmayan məzunları olub. Peşə uğuru üçün mühit, iş şəraiti və həvəs çox önəmlidir”.

“Bu il hər hansı abituriyent üçün Avrasiya Universitetinə ixtisas seçdiyimi tam xatırlamıram”

Ekspert deyib ki,sözügedən ali məktəbi çox az abituriyent seçir:

“İllik ödənişi əvvəllər digər ali məktəblərdən bir balaca az olduğundan abituriyentlər məcburi olaraq buranı seçirdilər. Məncə, universitetin özünü yaxşı mənada təqdim etməyə ehtiyacı var.Bu il  hər hansı abituriyent üçün o universitetə ixtisas seçdiyimi tam xatırlamıram.

Özəl ali məktəblər daha innovativ təhsil verməyi bacarmalıdırlar. Rəqabət mühiti yaradılmalıdır. İstər binadaxili şərait, istər kadr seçimi, istərsə də təhsil baxımından bütün üstünlükləri təmin etmək lazımdır. Tələbələrə mükəmməl mühit yaradılmalıdır. Çox arzu edərdim ki, universitetlər şəhərkənarına çəkilsin və hər ali məktəbin öz daxili şəhərciyi olsun. Orada tələbələr həm öyrənsin, həm də istirahət etsin. Tələbə özünə lazım olan biliklərlə bərabər, həm də sağlam və cəlbedici mühitdə təhsil alsın”

Təhsil eksperti Kamran Əsədov: Bakı Avrasiya Universiteti müasil təhsil çağırışlarına cavab verir və məzunlarının əmək bazarında işlə təmin olunma faizi müsbətdir”

Kamran Əsədov qeyd edib ki, bu ali təhsil müəssisəsi müstəqilliyimizin ilk illərində Ali Diplomatiya Kolleci adı ilə yaranmışdı:

“O zamanlar ölkəmiz yeni müstəqillik qazanmışdı və kadrlara ehtiyac var idi. Ona görə də bu elmi mərkəz çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar yetişdirmək, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmağı qarşısına məqsəd qoyub.

Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən qəbul imtahanlarından sonra abituriyentlərin rahatlıqla seçim etdikləri universitetlərdən biridir. Burda təhsil haqlarının digər universitetlərlə müqayisədə aşağı olması təhsilin əlçatımlılığına müsbət təsir göstərir.

25 ildən çox fəaliyyət göstərən  Bakı Avrasiya Universiteti bu müdət ərzində müxtəlif istiqamətlər üzrə əmək bazarıının tələblərinə cavab verən kadr hazırlığını həyata keçirə bilib.

Apardığım araşdırmalardan sonra məlum oldu ki, BAAU nüfuzlu təhsil ocaqları, elm mərkəzləri ilə təcrübə, tələbə və müəllim mübadiləsi sahəsində əlaqələrə xüsusi önəm verir. BAAU Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qafqaz Universitetləri Birliyinin üzvüdür”.

Ekspertin sözlərinə görə, bu universitetin bir sıra digər ali təhsil müəssisələrindən fərqi yataqxana, yeməkxana və idman zalı kimi obyektlərin fəaliyyətidir:

“Universitetin nəzdində ümumi sahəsi 340 kv.m olan, 14 otaqlı, 31 nəfərlik, müasir istilik sistemi, telekomunikasiya xidmətləri ilə tam təchiz olunmuş qızlar yataqxanası fəaliyyət göstərir. Halbuki bir çox universitetlərin yataqxanası ya yoxdur, ya da yararsız vəziyyətdədir.

DİM-in statistik göstəricilərinə görə, hazırda 2 fakültədə bakalavr pilləsində 18, magistr pilləsində 13 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə ixtisaslardan asılı olaraq  1, 2, hətta bəzi hallarda tələbələrin istəyinə uyğun 3 xarici dil tədris  olunur.

Bakı Avrasiya Universiteti müasil təhsil çağırışlarına cavab verir və onun məzunlarının əmək bazarında işlə təmin olunma faizi müsbətdir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları