Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 16:00:00
Tələbələri pis durumda qoyan formallıq – endirim kartı- “Lazımsız yerlərdə keçərlidir”  

Ötən ilin fevralında  Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Kartının yeni dizaynda təqdimat mərasimi keçirilib.

Tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyan kart ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs bakalavr və magistr tələbələrinə aid edilir.

Artıq bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu kartların tələbələr üçün səmərəli olub-olmadığı sual altındadır.

Bu səbəbdən, AzEdu.az olaraq, tələbələrdən o  kartlardan nə  dərəcədə yararlandıqlarını soruşduq. Məlum oldu ki, tələbələr  tələbə endirim kartlarından gözlənilən dərəcədə fayda görə bilmirlər:

Azərbaycan Dillər Universitetinin  Filologiya və jurnalistika fakültəsinin III kurs tələbəsi Dəniz Səlimov bildirib ki, tələbə endirim kartını onların qrupuna gec veriblər:

“Tələbələrin ən çox əylənib, səyahət etdiyi dönəm birinci-ikinci kurslarda oxuduğu vaxtdır.   Bizdə ilk  kursun sonunda qeydiyyat oldu, növbəti ilin axırında isə kartlar verildi. Tanışlarımdan istifadə edənlər olsa da özüm yararlanmamışam.  Çünki getdiyim yerlərdə kartlar yararlı olmayıb”.

ADU-nun digər  tələbəsi Fatimə Baxşəliyeva da kartdan istifadə edə bilmir. O, deyir  ki,  kartlar tələbələrin gündəlik istifadəsi üçün yararlı deyil:

“Deyərdim, kartdan istifadəni elə etsinlər ki, tələbələr ondan  normal faydalana bilsinlər. Gündəlik istifadə etdiyimiz məkanlarda - metro, fast food verilən kafelər,  kitab mağazaları və s -  işə yarasın. Yoxsa, hər tələbə bahalı yerlərdən gündəlik istifadə edə bilmir. Qısacası, bu kart yalnız pul qabımda gəzir, vəssalam”.

Memarlıq və İnşaat Universitetinin “Sabah” qrupu tələbəsi Pərvin Əliyev da bildirir ki, endirimlər, əsasən, bahalı yerlərdə olur:

““Mall”-larda (böyük ticarət mərkəzlərində),  “Mcdonald”, “Park Cinema”da və s. bu kartlardan istifadə edə bilərik. Həmin bahalı yerlərə isə biz tələbələr nadir hallarda gedirik. Buna görə çox da istifadə etmirəm”.

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbəsi Orxan Nəbizadə isə kartdan yalnız kinoteatrda istifadə etdiyini, onun gündəlik istifadə üçün yararlı olmadığını bildirir:

“Kartlar gündəlik istifadə üçün o qədər də faydalı  deyil. Özüm ondan yalnız kinoteatrda istifadə eləmişəm; biletlər  tələbələrə yarı qiymətinə satıldığı üçün... Yerdə qalan kafe və alış-veriş mərkəzi  tipli yerlərdə isə çox da işə yaramır. Çünki kartların keçərli olduğu yerlər normal bir tələbənin gündəlik  gedə biləcəyi məkanlar deyil.”

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. O,  hazırki durumdan xəbərdar olduğunu bildirdi. Onun sözlərinə görə, bu proses dövlət tərəfindən planlaşdırılıb tənzimləndiyi üçün  hər hansı yeniliklərin tətbiqi üçün çox vaxt tələb edir:

“İlk növbədə qeyd edim ki, bütün dünya ölkələrində xarici və yerli tələbələri cəlb etmək üçün kampaniyalar, güzəştlər tətbiq edilir. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir.

Bizdə isə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir.

Bir neçə il əvvəl “tələbə kartı” adı altında bəzi geyim dükanları və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların ediləcək güzəştdən belə xəbəri yox idi.

Bu “şəbəkə biznesi” adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Hətta qardaş Türkiyədə tələbələrə verilən “Yaşıl kart”la onlar böyük  önəm kəsb edəcək dərəcədə güzəştlərə sahibidirlər. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlər ictimai nəqliyyatda və s.yerlərdə keçərlidir.

Azərbaycanda bunun tətbiqi sadəcə, yaxşı səslənir. Amma reallaşması çətindir. Çünki bu addım dövlət tərəfindən atılmalıdır. Bütün baza dövlət tərəfindən planlaşdırılıb, tənzimlənir. Həmin kartların bu sistemə daxil edilməsi uzun proses olacaq”.

Rəna Nəbi