Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 14:00:00
Heydər Əliyevin təhsil yolu və bu sahədə gördüyü böyük işlər – Anım günü  

Dekabrın 12-si xalqımızın  Ümummilli lideri,  Ulu öndər Heydər Əliyevin anım günüdür.

Heydər Əliyev və təhsil yolu...

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsili yarımçıq qalıb.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.1 957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

Heydər Əliyev1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

Təhsil intibahı...

Azərbaycan  təhsilinin milli tariximizdə coşğun  yüksəlişi, əsl  intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana  rəhbərliyinin birinci dövrünə təsadüf edir.

Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə  ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib.  Ölkədə   təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi.

Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev  elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi. Ümummilli lider Heydər Əliyev hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”. 

Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq, yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. 

Ulu öndər SSRİ dövründə - 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların reallaşması nəticəsində respubikamızda orta ümumtəhsil məktəbləri şəbəkəsi 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açıldı. Bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılıb. Ulu öndər respublikanın zəruri mütəxəssisə ehtiyacını və gələcəyini nəzərə alaraq bu illərdə yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində oxumasına nail olub. Bu proses 1970-ci ildən başlayaraq və hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilib.

İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident  təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Dahi rəhbər  Heydər  Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.

Müdrik  siyasi və dövlət  xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son  illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları