Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 15:20:00
QUA və AZEdu.az-ın ortaq layihəsinin qalib şagirdləri  mükafatlandırılacaq

"Məktəblinin kitabı" layihəsi çərçivəsində mükafatlandırma  mərasimi 15 dekabr saat 12:00 tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans  zalında  baş  tutacaq. Layihəyə  qoşulan şagirdlər valideynləri ilə birlikdə tədbirdə iştirak edə biləcəklər.

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə  ədəbiyyata, mütaliəyə  maraq yaratmaq  üçün  AzEdu.az  Azərbaycan  Təhsil  Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsinin birinci və ikinci mərhələsi başa çatıb.  

Layihənin birinci  mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı  QUA  və  AzEdu.az-ın Feysbuk və İnstaqram səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib.

İkinci mərhələdə isə  QUA və AzEdu.az komandası  tərəfindən  həmin  ədəbiyyat siyahıları  arasından  ən  yaxşı  10  siyahı seçilib. Qalibləri isə layihə çərçivəsində keçiriləcək tədbir zamanı ictimai xadim, ədəbiyyat və təhsil adamları ibarət olan münsiflər heyəti onların oxuduqları əsərlər haqqında fikirləri dinləyərək seçəcək.

Seçilən üç qalib xüsusi hədiyyə və təltifnamə ilə, layihəyə qoşulan digər bütün məktəblilər isə kitab və sertifikatla mükafatlandırılacaqlar. Ən bəyənilən fikir sahibi olan məktəblinin isə mətbuata müsahibəsi  yayımlanacaq  və uşaqlara təlimi təşkil olunacaq.

Bütün bu proseslər zamanı QUA və AzEdu.az-ın çəkiliş komandası müzakirə, təltifetmə mərasimi, həmçinin, ayrı-ayrı müsahibələri video formatında hazırlayaraq  yayımlayacaq.

Qeyd edək ki, layihənin məqsədi həm də uşaqların kiçik yaşdan sosiallaşmasına, ictimai həyat və məsuliyyəti dərk etməsinə şərait, sağlam rəqabət yaratmaqdır.