Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 16:48:00
Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”  

Goranboy rayon Qızılhacılı qəsəbə 1 saylı orta məktəbin pedaqoji kollektivi AzEdu.az-a məktəbin qəzalı vəziyyəti, nizam-intizam qaydalarının pis olması ilə bağlı məlumat veriblər.

AzEdu.az  ümumtəhsil müəssisəsindəki problemi araşdırmaq  məqsədilə, məktəbin direktoru Qabil Həsənovla əlaqə saxlayıb. Direktor bildirib ki, deyilənlərdən yalnız məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı fikirlər düzgündür:

“Əslində, heç bina qəzalı vəziyyətdə də sayılmaz. Sadəcə məktəb köhnə binada yerləşdiyinə görə əsaslı təmirə ehtiyacı var.  Təmirlə bağlı isə aidiyyatı orqanlara müraciət olunub. Məktəbin təmiri gözlənilir”. 

Məktəbdə gigiyena qaydaların əməl olunmaması, şagirdlər arasında bit-birənin yayılması iddiasına gəlincə isə direktor bunların tamamilə yalan olduğunu deyib:

“Həmçinin, nizam-intizam qaydalarının pozulması, MİQ imtahanından keçməyən müəllimlərin burada çalışması faktı isə tam əsassızdır.

Mən məktəbdə bu tədris ilindən işləyirəm. Nazirin əmri ilə yerdəyişmə edərək bura direktor təyin olunmuşam. Burada müəyyən nizam-intizam yaratmışam. Bəlkə də bu, kimlərəsə xoş gəlmədiyinə görə belə danışıblar. Başqa bir şey yoxdur. Bu məlumatlar şər və böhtan xarakterlidir. Bu barədə rayon təhsil şöbəsinin də məlumatı var. Onlar hər şeyi bilir, gəlib yoxlayıb və araşdırma aparıblar”.

Qeyd edək ki, məktəb kollektivinin AzEdu.az-a ünvanladığı müraciətində bunlar qeyd olunub:

“Məktəbi bit, cücü bürüyüb. Sinif otaqları qəzalı vəziyyətdədir. Buna görə şagirdlər dərsə də girmək istəmirlər. İdarəçilik zəif olduğuna görə, şagirdlər “zırpaket” partlatmaqla məşğuldurlar.

Elə şagirdlər var ki, adları jurnala yazılıb, özləri dərsə gəlmirlər. Bəzi şagirdlər isə dərsə gəlsələr də tez gedirlər. Bu, davamiyyətə ciddi təsir göstərir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları