Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 14:45:00
Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə şəhərində Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.

DİM-dən AzEdu.az-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

Əvvəlcə Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verib. Sonra Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Samir Hüseynli, ingilis dili fənni üzrə Şəhla Musayeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, fizika fənni üzrə Əlövsət Rəcəbli, biologiya fənni üzrə Eynulla Musayev, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə Mərifət Eyyubova müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

Sonuncu mərhələdə kurs iştirakçıları kalibirləmə prosesindən keçiblər. Müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.