Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 14:00:03
Aygün Kazımovanın yarımçıq qalan təhsili, baş tutmayan istək – Məktəb konsertindən “Altın Kələbək”ə  

Ötən gün Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

AzEdu.az-ın məlumatına görə, gecədə Xalq artisti Aygün Kazımovaya “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim olunub.

“Altın Kelebek” mükafatını almaq üçün Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərlinin namizədliyi irəli sürülsə də, Azərbaycanda keçirilən səsvermə nəticəsində qalib Aygün Kazımova seçilib.

Aygün Kazımova və təhsili...

O, 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Ailənin dördüncü - sonuncu övladıdır.

Aygün 1977-ci ildə 12 saylı məktəbin I sinfinə gedib. Tezliklə o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilir. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə musiqiyə daha da həvəsləndirir. O, VIII sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub.

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. İfaçı İlk qran-prini məhz bu yarışmada qazanıb. 1989-1989-cu illərdə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub.

VIII sinifdən  kollecə daxil olur, amma...

Aygün Kazımova orta məktəbin VIII sinfindən Bakı Mədəni Maarif texnikumuna(indiki Bakı Humanitar Kolleci)  qəbul olunub .  (o zamana görə, VIII sinfi bitirən şagirdlər texnikuma sənəd verə bilirdilər). Sonradan texnikum təhsilini yarımçıq qoyub və ailə həyatı qurub. Bu səbəbdən Aygün orta məktəbi də tam bitirə bilməyib.

Orta məktəbdə oxuduğu zaman musiqiyə böyük sevgisi olan Aygün  2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə Qrand mükafatına layiq görülüb.

Onun indiyə qədər 10-a yaxın solo konserti olub. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar.

2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb.  Aygün xanım Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. Xarici ölkələrdə də konsertlər verir. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilmiş konsertdir. Bunlardan savayı, xeyriyyə konsertləri də keçirib. 2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin Best Model of Azerbaijanın rəhbəri vəzifəsində də iştirak edib.

Beynəlxalq mükafata layiq görülən ilk Azərbaycanlı...

Aygün Kazımova 2012-ci ildə ifa etdiyi mahnılara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi Qrand 2012 mükafatına layiq görülüb. 2012-ci ilin sonundan dünya layihəsinə start verib. Müğənninin Türkiyədə çalışdığı "DokuzSekiz" musiqi şirkətinin köməkliyi ilə Hollivud ulduzu, reper Snoop Dogg ilə duet ifa edib.

Eyni zamanda Snoop Dogg ilə ifa olunan duetə dünyanın, xüsusilə Amerika Birləşmiş Ştatlarının və Türkiyənin ən məşhur DJ-ləri remiks versiya hazırlayıb. "Coffee from Columbia" mahnısı və mahnıya çəkilən klip Türkiyə və Azərbaycan telekanalları ilə yanaşı, dünyanın əsas musiqi kanalları, o cümlədən MTV-də də nümayiş olunub.

Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk Azərbaycanlıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları