Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 10:03:00
Ucqar kənd müəllimindən valideynlərə üsyan: “Tərbiyəyə birinci özünüzdən başlayın”  

AzEdu.az  hazırda ucqar kənddə (Bərdə rayon, Kürdborakı kəndi) müəllim kimi çalışan, həmçinin, portalımızın zona üzrə təmsilçisi olan Kimya müəllimi Elşən Məmmədovun təhsilimizin vacib problemi ilə bağlı müşahidələrlə zəngin yazısını təqdim edir:

İnsan daima həyat keyfiyyətini yüksəltmək barədə düşünür, bunun əsas təkanlarından birinin  təhsil olduğunu dərk edir. Ona görə də azacıq dünyagörüşü, ortabab savadı olan azərbaycanlı ailəsinin əsas hədəfi övladının oxumasıdır.

Bəli, təhsildə ailənin rolu vacib faktordur. Təhsil almaq, təhsilin müəyyən pilləsini başa vurmaq vacibdir. Bu, birmənalıdır. Bəs, təhsil almada yalnız uşağın zəkası kifayət edirmi? Əlbəttə, yox!

Ailə faktoru -  bunu unutmaq olmaz! Uşaq ilk tərbiyəsini ailədə alır. O, 6 yaşına qədər valideynlərinin, nənə - babasının ətrafında olur . Loru dildə desək, onların tökdüklərini yığır. Türk psixoloqlarının araşdırmalarına əsasən, hansı uşaqlar ki , ərkəsöyün , hər dediyi lazımlı- lazımsız ediləndirsə, onlar məktəbə başlayanda istədiyini edə bilmədiyi üçün çətinliklər yaşayır, aqressiv , davakar olur,  əksinə problemli ailələrin uşaqları yəni valideynləri tərəfindən diqqətə alınmayan uşaqlar isə özünəqapanıq , çəkingən , özgüvənsiz qalırlar. Ona görə də təhsilli övladı olmaq istəyən valideynlər ilk növbədə tərbiyəyə özlərindən başlamalıdırlar. Havayı yerə deyilməyib: “Əgər övladların kobud və tərbiyəsizdirsə, bunu öz valideynlərindən və ya birlikdə yaşadıqlarından öyrənib”.

Uşaq tərbiyəsi , uşaq psixologiyası çox həssasdır. Əgər düzgün diqqət yetirilməzsə, sonrası gec ola bilər. İndi isə gəlin valideynlərin təhsilli , seçilən etmək istədikləri övladlarının tərbiyəsində yol verdikləri nöqsanlara baxaq.

Hara gedirəmsə, qohumlara , qonşuya, dosta ,  tanışa adətən bu sözü eşidirəm : “Ay bala get dərsini oxu!”

Bir dəfə görmədim deyilə ki , ay oğul, ay qız, bir az istirahət elə.

Bir dəfə şagirdlər arasında sorğu aparırdım.  Suallar içərisində mənə maraqlı olanlardan biri də “ Gündəlik dərslərinizə və istirahətinizə nə qədər vaxt ayırırsınız ?”sualı idi.  

Aldığım cavablarda istirahət demək  olar ki, sıfıra bərabər idi. Ümumi şəkildə desək, uşaqların əksəriyyətinin ümidi şənbə və bazar imiş, o da valideynləri bir – iki saatlıq icazə versə...

Ara günlərdə isə belə şans yoxdur. Paytaxtda vəziyyət daha çətindir. Yazıq uşaqların “günü “ yoxdur. Dərsdən gələn kimi tələm –tələsik hansısa kursa ( xüsusi ilə dil kursları dəbdədir ) , getməlidir , idmanın dəbli növü ilə məşğul olmalıdır , musiqiyə getməlidir. Bunlarla yanaşı dərslərini gözəl oxumalı, birincilərin birincisi, liderlərin lideri olmalıdır. Valideynlərinin başını uca etməlidir, dalaşmamalı, dəhlizdə qaçmamalı,  dəcəllik etməməli bir sözlə “ nümunəvi “ olmalıdır.

Bəzi valideynlər elə bilir ki, övladı məktəbə getdisə, uşaqlıq hisslərindən məhrum olmalıdır. Övladı məktəbdən gələn kimi  yemək yedi, vəssalam, ancaq dərs oxumalıdır; çölə - bayıra çıxmaq olmaz, oyun oynaya bilməz. Maraqlısı odur ki, uşaq dərslərini hazırlasa belə, yenə də bu imkan ona verilmir, ”təkrarla”, ”sabahın dərslərinə” hazırlaş və s. Yəni yer-göy dağılar, lakin  uşaq uşaqlığından istifadə edə bilməz.

“Filankəsin uşağı bütün günü küçədədi ,avaradır, bu da küçəyə çıxıb   avaralanacaq”, deyib özlərinə haqq qazandıranlar da olur. Valideyn yalnız bir şeyi fikirləşir ki, övladım universitetə girib tələbə olmalı, ali təhsil almalıdır. Hətta 5–ci sinifdə oxusa belə indidən deyirlər ki ,  həkim olacaq. Olsun , kim nə deyir ki, amma icazə verin, vaxtı gələndə bu barədə fikirləşək. Uşaqları bu qədər yükləmək olmaz !

Bir şagird etirafı...

Bir dəfə şagirdimlə söhbət edirdim, dedi, müəllim, evdən icazə vermirlər küçəyə çıxmağa... Ancaq  bəhanələrlə evdən çıxıram; gah deyirəm,  dərsin yerini bilmirəm ,ya kitabımı sinif yoldaşıma verirəm gedirəm kitabı götürməyə, bəzən də  qələmimi gizlədib, düşürəm qələm almağa. Heç nə bəhanə edə bilməyəndə isə  girirəm otağa  guya dərs oxuyuram ,anam da  qapını açır ki, kitab qarşımdadı, elə bilir, dərs ouyuram. Ancaq əslində axşam yatmaq vaxtını gözləyirəm.

Valideyn bununla nəyə nail oldu? -  oxumağı sevməyən, yalançı uşağa... Düzdür , çox zaman bu  cür  “oxu , oxu”  tənbehləri effekt verir , uşaq böyüyüb gözəl həkim ,mühəndis olur, lakin xoşbəxt uşaqlığı olmur axı!

Bəzən, həkimlər arasında bir aktyor həvəsi, müəllimlər arasında bir musiqiçi ürəyi görürsən. Bu vaxtı ilə fikri soruşulmadan yerinə qərarlar verilmiş uşaq olmadan böyümüş təhsillilərdir.  

Həə, bir qrup da var,  yuxarıdakının tam əksi...  Uşaqdan xəbəri olmayan “Oxu” demək əvəzinə,  “ əə, oxuyanları görürük də , mən onlardan yaxşı yaşayıram “  deyənlər , və ya ailə problemləri,  sosial durumları üzündən övladına vaxt ayırmayan , onun təhsili , tərbiyəsi ilə maraqlanmayan və yuxarıdakıların övladlarına misal çəkdikləri “filankəsin uşağı kimi küçələrdə qalmaq istəyirsən “  cümləsinin canlı nümunələri .  Bu da başqa bəladır ...

İndi fikirləşirəm hansı daha yaxşıdır ? Heç biri əlbəttə ki! Hər şey öz düzgün ayarlanmış miqdarında gözəldir. Artıqlıq da , əskiklik də balansın pozulmasına , fəsadlar yaranmasına səbəb olur. Hazırlanan “ məhsul “isə canlı olduğundan korlanan zaman nə dəyişdirmək, nə də geri qaytarmaq olur. Ona görə də üzümü valideynlərə tutub deyirəm: Uşaqlarınızı dinləyin, istəklərini, sevdiyi, maraq göstərdiyi şeyləri öyrənin . Özünüzü onlarda tamamlamağa çalışmayın , etməyin ki , onlar da yarımçıq qalıb öz uşaqlarını korlamasınlar. Bir də ki, heç nəyin balansını pozmayın . Dahi Nizami gözəl deyib :

Bir ici saflığı varsa da suda  ,

Artıq içiləndə dərd verir o da !