Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-09 16:30:00
Ceyhun Hacıbəylinin imkansızlıq üzündən məktəbdən qovulan oğlu - Acı tale, qürbət həsrəti

 Mühacirət həyatının son illərini daha da ağır nisgillə keçirən Ceyhun Hacıbəyli xatirələrində çox xəfif və kövrək bir şəkildə ötənlərə boylanaraq yazırdı: "Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...”.

 Bunu yazanda həmin adam az qala 70 yaşı haqlayacaqdı. Amma qürbətə gələndə onun cəmi 28 yaşı var idi. O, Azərbaycan istiqlal mücadiləsinin, azadlıq hərəkatının ən gənc mühaciri olmaqla yanaşı, qürbətdə ən acı və ən çox ömür keçirən bir şəxs kimi yadda qaldı:

 1891-ci ilin fevralında Şuşada anadan olmuş Ceyhun bəy nüfuzlu Hacıbəylilər ailəsinin Azərbaycan maarifçiliyinə daha bir hədiyyəsi idi. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, bir şuşalı balası kimi  musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi. Şərqin ilk operası olan “Leyli və Məcnun”un ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynadığı deyilir. 
Amma təbii ki, ictimai arena onu özünə daha çox çəkirdi. Murtuza Nağıyevin maliyyə dəstəyi hesabına əvvəlcə Sankt-Peterburqda,  daha sonra isə o zamanın ən nüfuzlu universiteti sayılan Parisin Sorbonna Universitetində Siyasi işlər fakültəsində  təhsil alıb. Bu təhsil sayəsində Ceyhun bəy geniş dünyagörüş qazanmaqla yanaşı, bir neçə xarici dili də öyrənməyə macal tapdı. Elə bu üzdən də 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan “Azərbaycan” qəzetində redaktor kimi də öz bacarığını göstərmişdi.

 Versal Sülh Konfransı respublika üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu ilin yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə “general” mandatı təqdim olunur.

Versala ezam olunan nümayəndə heyəti öz işini çox böyük ustalıqla yerinə yetirir. Fasilələrlə davam edən konfransın yekununda “Antanta”  ittifaqı Azərbaycanın müstəqilliyini tanıyır. Bu, təbii ki, sovet Rusiyasını qəzəbləndirməyə bilməzdi. 

Nümayəndə heyəti məcburiyyət qarşısında qalıb elə Avropada məskunlaşmalı olur. Ceyhun Hacıbəyli də vətənə qayıda bilməyəcəyini qərarlaşdıraraq, ailəsini Fransaya gətirtməli olur. Həyat yoldaşı Zöhrə Hacıqasımova-Hacıbəyli 2 yaşı hələ tamam olmamış uşağını da götürüb Ceyhun bəyin yanına gedir.

O zaman Ceyhun bəyin cəmi 28 yaşı var idi. O hələ bilmirdi ki, həyatdakı bütün çətinliklər məhz bundan sonra başlayacaq. Doğrudur, o, hələ daha gənc ikən qürbət şəhərlərdə aclığın , səfalətin dadını görmüşdü. Elə bu səbəbdən də təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdı. Amma bu dönəm tamam ayrı bir dönəm idi. 

 Siyasi mühacir kimi heç yanda iş tapa bilməyən Ceyhun bəy məcburiyyət qarşısında qalaraq ödənişli məktəbdə oxuyan oğlunu da məktəbdən xaric etdirir. Yalnız Parisdə yaşayan dostu Topçubaşovun məktəb direktoruna yolladığı xahiş məktubundan sonra oğlu yenidən dərsə bərpa edilir. Bu haqda əvvəlcə Zülfüqar Hacıbəyovla məktublaşır. Öz ağır güzəranını ondan gizlətməsə də, böyük qardaşı Üzeyirin həssas olduğunu bilib ondan sirr kimi saxlayır. Amma təbii ki, tanınmış bəstəkar da qardaşının vəziyyətindən bir gün xəbər tutur. Bütün gücü ilə onun vətənə qayıtmasına çalışır. Amma hakim dairələr arasında böyük nüfuzu olan Üzeyir bəy də çox qabağa gedə bilmir. 

Ceyhun bəy özü də inanmırdı ki, Sovet rejimi onu nə zamansa bağışlaya bilər. Amma Bakıdakı ailəsi, xüsusən də Üzeyir bəy onun vətənə dönüşünü ömrünün sonuna qədər gözləyib.