Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-09 12:00:00
Bələdiyyə hazırlayan təhsil ocağına ehtiyac varmı?   

Milli Məclisin payız sessiyasının iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.

 Komitə sədri hazırki bələdiyyə üzvlərinin sayının həddindən artıq çox olduğunu deyib. Deputat hesab edir ki, bələdiyyə üzvlərinin sayı azaldılsa, onların işində çeviklik artacaq.

 Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında deyib ki, qanunvericiliyə uyğun olaraq bələdiyyə üzvlərinin sayının artırılması, azalması, birləşməsi və ləğv olunması onların öz səlahiyyətləri çərçivəsindədir.

 “2008-ci ildə və həmçinin iki il bundan əvvəl belə bir proses oldu, 1000-dən artıq bələdiyyə azaldıldı. Bələdiyyələr azaldılanda sözsüz ki, onun üzvlərinin sayıda azaldılır. Bu proses zamanı minlərlə insan ixtisara düşdü”.

 Millət vəkili bir neçə dəfə çıxışı zamanı   Azərbaycandakı bələdiyyələrin iş prinsipinin xarici ölkələrdəki bələdiyyələrin təcrübələrinə uyğunlaşdırılmasını söyləyib.

 Maraqlı məqam odur ki, gələn il Azərbaycanda bələdiyyə sisteminin yaranmasının 20-ci ili tamam olacaq. Amma bu 20 il ərzində tam olaraq xarici ölkələrdə mövcud olan bələdiyyə sistemini tətbiq edə bilməmişik. Baxmayaraq ki, ən ucqar kəndlərdə belə bələdiyyə üzvləri var, ancaq çox zaman onların adı torpaq alışı-satışı işlərində keçir.

 Üstəlik, bələdiyyə üzrə kadrlar hazırlayan təhsil ocağı da var.

 Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “İnzibati idarəetmə” fakultəsi mövcuddur ki, orada “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə kadrlar yetişdirilir.

 Maraqlıdır, tam olaraq özünü doğrultmayan bələdiyyə sistemi üzrə kadrların hazırlanmasına ehtiyac varmı?

 “İnzibati idarəetmə” fakultəsinin dekanı Xatirə Hüseynova Modern.az-a açıqlamasında deyib ki, adıçəkilən fakultə Azərbaycanda ilk bələdiyyə sistemi yarandığı ildən fəaliyyət göstərir.

 “Bildiyiniz kimi ilk bələdiyyə 1999-cu ildə yaradılıb. Bələdiyyə yerli özünü idarəetmə orqanlarını həyata keçirən qurumdur. Həmin vaxt indiki təhsil ocağının adı  Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu adlanırdı. Həmin illərdə belə “dövlət və bələdiyyə idarəetmə” ixtisası mövcud olub. Elə o  vaxtlarda qanunvericiliyin hazırlanmasında bizim tələbələr də iştirak ediblər”.

 Fakultənin dekanı bildirib ki, hər bir bələdiyyə üzvü üçün ayrıca kurslar da təşkil edilir.

 “Akademiyada bələdiyyə üzrə kurslar keçirilir. Bələdiyyə sədrləri də bu kurslarda iştirak edirlər. İlk dəfə bələdiyyə sistemi yarananda bütün bələdiyyə üzvləri ali təhsilli insanlar olub və bələdiyyə sisteminə çox yaxşı formada xidmət ediblər. Həmçinin, bələdiyyə üzvləri arasında müxtəlif peşə sahibləri də olur”

 Xatirə Hüseynovanın sözlərinə görə, akademiyanı bitirən tələbələr öz ixtisasları üzrə çalışırlar

 “Tələbələrimiz arasında bələdiyyə sahələrində çalışanlar var. Bir çoxları Sumqayıt, Nərimanov və digər rayonlardakı bələdiyyələrin üzvləridir. Hətta Avropa Şurasında ölkəmizi təmsil edənlər də olur. Tələbələrimizin çoxu icra strukturlarında çalışır. Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə elə il olur ki 25 tələbə universiteti itirir. Bu il iki qrupumuz var ki, onların hamısı “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını bitirəcək”.