Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-09 11:24:40
  “Yaşıl məktəb” pilot təhsil müəssisəsi layihəsinin icrası yekunlaşıb - FOTO

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Yaşıl məktəb - ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” layihəsi çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə yekun konfrans keçirilib.

Azedu.az xəbər verir ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultanzadə və məktəbin direktor müavini Zafta Şirinova Bakıda müasir ekoloji tələblərə cavab verən, alternativ enerji mənbələri ilə tam təmin olunmuş nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılmasının əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, sentyabrdan start verilən layihənin məqsədi belə bir təhsil müəssisəsinin yaradılması, alternativ enerji meydançasının təşkili, müasir texnologiyaların tətbiqi, davamlı inkişaf naminə fasiləsiz ekoloji təhsilin həyata keçirilməsidir. Layihə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat bağının ağac və kol bitkiləri laboratoriyasının müdiri Elman Əsgərov “Fitodizayn və yaşıllaşdırma”, “Eco Solutions” MMC-nin kommersiya meneceri Süleyman Əliyev “Tullantıların utilizə edilməsi və təkrar istehsalı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nərmin Hacıyeva “Suyun qənaətlə istifadəsi”, “Provitaz” MMC-nin mühəndisi Emin Məmmədov ”Səmərəli enerji təsərrüfatı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Elnur Muxtarov “Ekoloji təmiz məhsulların yetişdirilməsi”, AMEA Topraqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Leyla Qasımova “Sağlam qidalanma”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri, Pərvin Əzizli “Ağıllı ev və ekoloji məktəb” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans qrup işləri ilə davam etdirib. Məktəblilər beş istiqamət üzrə müzakirələr apararaq, işçi qruplarda bacarıqlarını sərgiləyiblər.