Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 12:15:00
İnformatika dərsliklərinin üz qabığındakı nöqsanlar – şablon şəkil, natamam təsvirlər

AzEdu.az müxtəlif fənn dərsliklərinin üz qabığını araşdırmaqda davam edir. Bu dəfə isə informatika dərsliklərinin üz qabığından bəhs edəcəyik. Onlar şagirdlərə nələr aşılayır? Məkətblilərin yaş xüsusiyyətləri ilə nə daərəcədə uzlaşır?

Mövzu ilə bağlı AzEdu.az-a danışan informatika müəllimi Əfsanə Həşimova bildirib ki, dərsliklərin üz qabığı uşaqların yaşına uyğun tərtib olunub. Amma üz qabıqları içindəki bütün mövzuları əhatə etmir:

“Məsələn, VII sinif dərsliyinin üz qabığında müxtəlif proqramlarda olan bağların rəsmləri təsvir olunub.

Amma VIII sinif kitabının üz qabığında yalnız say sistemləri əks olunub. Burada yalnız qlobus formasında 0 və 1-ləri görmək mümkündür. Yəni, o kitabda başqa mövzulardan da söhbət getməsinə baxmayaraq üz qabığında dərsin əvvəlində olan bircə mövzu əks olunub. Üz qabığı kitabdakı bütün mövzuları əhatə etməlidir.Şagird baxdıqda yalnız 0 və 1 rəqəmlərini görür. Başa düşmür ki, bu rəqəmlər nəyi ifadə edir”.

Müəllimin fikrincə, informatika kitabları şagirdə lazımi biliyi çatdıra bilmir:

“Dərsliklər elə dildə yazılır ki, müəllim onu izah etməsə, şagird heç nə anlamır. Məsələn, say sistemlərini elə çətin izah ediblər ki, mən belə o mövzuya baxanda beynim qarışır. Amma mən say sistemlərini şagirdlərə başqa bir üsulla öyrədirəm.

İnformatika fənni  I sinifdən tədris olunur. Amma aşağı siniflərə bu fənn həyat bilgisi kimi çatdırılır. Əvvəl həyat bilgisi, informasiyadan danışıb, sonra kompüterə keçirik. I sinifdə hələ uşaqlar bu fənni başa düşə bilmirlər. Buna görə də bu sinfin əvvəlini oyunlar formasında keçirəm. İnformatikanı niyə keçdiklərini isə şagirdlrə kompüterə çatanda başa düşürlər. I sinif kitabının üz qabığını kompüter, animasiyalar vasitəsilə maraqlı hala salıblar”.

Fənni tədris edən digər müəllim Sima Səfərli isə düşünür ki, kitabın içi daha əsasdır, nəinki üzü:

“Üz qabığı barədə elə də şikayətim yoxdur. Yetər ki, kitabın içi normal olsun. Məncə kitabın içindəki mövzular  şagirdlər üçün kifayət edir. Tələbələr üçün isə onsuz da başqa kitablar var.

Amma yaxşı olardı ki, aşağı sinif dərsliklərinin üz qabığındakı kompüter, informasiya anlayışları uşaqların yaşlarına daha uyğun formada təsvir edilsin. Yuxarı sinif dərsliklərində isə kompüter, internet, axtarış saytlarının işarələri və s. əks oluna bilirlər”.

Mövzu ilə bağlı danışan informatika müəllimi Gülsüm Şirəliyeva isə düşünür ki, bu dərs vəsaitləri hər yaşa uyğun hazırlanıb. Amma bəzi çatışmazlıqlar da var:

“Sadəcə bu fəndə yeni anlayışı yoxdur. Məsələn, kitabda Windovs 2010-dan danışırıq, gələn il daha yeni versiyası çıxır. Buna görə də məncə informatika dərsikləri digər vəsaitlər kimi 4 ildən bir deyil, tez-tez dəyişdirilməlidir. Məsələn, bu il informatikadan təqdimat proqramları mövzusu var. Mən şagirdə o təqimat proqramını izah etəliyəm ki, o, artıq istifadə olunmur. Buna görə də mən məcburən proqramdan kənara çıxıb şagirdə yeni, ən son versiyanı izah edirəm”.

Üz qabığı sarıdan dərsliklərdə problem olmadığını deyən Gülsüm müəllim bildirib ki,  burada kitabdakı bütün mövzulardan şəkillər verilib:

“Mən kitab tərtibçisi olsaydım, hər fəsili ümumiləşdirilmiş illustrasiya ilə üz qabığında təsvir edərdim. İnformasiya cəmiyyətindən söhbət gedirsə, müəyyən insanların ünsiyyəti  təsvir edilə bilər.

Ümumiyyətlə, cəmiyyətdə informatika ilə bağlı tam məlumat yoxdur. Bu fənn yalnız kompüteri öyrənmir. O, həm də informasiya proseslərinin üsul və vasitələrini öyrənir. Burada üsul və vasitələrdən biri də kompüterdir. Amma yalnız kompüter deyil. Biz həm də proqramlaşdırma, informasiyanın cəmiyyətdə rolu, alqoritmləri keçirik. Bu o demək deyil ki, bütün informatika kitablarının üstünə kompüter şəkli vurmalıyıq. Bu, tamamilə yanlış fikirdir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları