Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 17:27:50
“Şüşələri  “skoç”la yapışdırıb, sinifdə kurtka ilə otururuq” – Ucqarların soyuq məktəbləri  

Havaların soyuması bəzi məktəblərdə istilik problemini ortaya çıxarıb. Xüsusilə də bölgə məktəblərində bu problemə çox təsadüf olunur. Şagirdləri təmiri elə də yaxşı olmayan sinif otaqlarında bir odun sobasının ümidinə qalan məktəblər az deyil:

AzEdu.az bölgə məktəblərində istilik sisteminin nə vəziyyətdə olmasını araşdırıb. Müəllimlər sinfin odun soba ilə qızdırıldığını, amma temperaturun normal olduğunu desələr də, müasir dövrdə məktəbdə odun sobası ilə kifayətlənmək insanı təşvişə salır:

Gədəbəyin iki məktəbində müəllim işləyən Tural Topçuyev buradakı mövcud vəziyyəti izah edib. Onun sözlərinə görə, çalışdığı 1 saylı məktəbdə istilik sistemi normaldır. Hətta bəzən çox isti olduğuna görə pəncərələri açıq saxlayırlar:

“İşlədiyim digər məktəb isə ucqar dağ kəndində yerləşir. Qızılqaya kənd orta məktəbində müasir istilik sistemi yoxdur. Məktəb odunla isidilir. Dövlət 2-3 maşın odun verib. Bu, sinif otaqlarını isti saxlamaq üçün kifayət edir”.

Balakən rayon İmişli kənd tam orta məktəbinin müəllimi Gülnar İsmayıl da məktəbdə istilik sisteminin olmadığını bildirib:

“Odun sobasından istifadə etsək də, temperatur normaldır. Şagirdlərin istiliklə bağlı heç bir şikayəti yoxdur. Şikayətimiz yalnız təchizat məsələləri, kompüterin olmaması ilə bağlıdır”.

Şəmkir rayonu Qılıncbəyli kənd məktəbinin müəllimi Fidan Həsənova isə məktəbdə istilik sisteminin quraşdırıldığını deyib. Onun sözlərinə görə, bu, müasir istilik sistemi olmasa da sinfin qızdırılması üçün kifayət edir və hələ ki, heç bir problem yoxdur.

Kəlbəcər 3 saylı tam orta məktəbdə isə istilik sisteminin tam təmirli olması və müasir tələblərə cavab verdiyini bildiriblər.

Lerik rayon Vistən kənd tam orta məkətbinin müəllimi Rusif Məmmədov isə burada vəziyyətin tam fərqli olduğunu bildirib. Onun sözlərinə görə, məktəbdə istilik sistemi yalnız odun sobasından ibarətdir:

“Sinifdə temperatur daim dəyişkən olur. Hətta odun sobaları da köhnə, bəziləri deşikdir. Odun baxımından çatışmazlığımız yoxdur.

Amma ilk dərsdə sinfin gec qızması və dərsin sonunda artıq soyuq olması problem yaradır. Temperatur yalnız orta dərslərdə normal olur. Şagirdlər çox vaxt sinifdə kurtka, palto ilə otururlar. Bura 1500 yüksəklikdə olan dağ ərazisidir deyə, temperatur dəyişkən olur. Amma ümumilikdə vəziyyət qənaətbəxş deyil”.

Müəllim bildirib ki, mərkəzi istilik sisteminin olmaması bir yana, məktəbdə pəncərələr də möhkəm  olmadığına görə, soyuq hava kütlələri sinfə dolur:

“Şüşələrin çoxunu “skoç”la yapışdırmışıq. Döşəmənin hissələri bir-birindən aralı, qapıların kənarları boşdur. Bura 70 ilin məktəbidir. O vaxtlar kərpicdən inşa edildiyinə görə, rütubəti içində saxlayır”.

Müəllimin sözlərinə görə lazımi orqanlar vəziyyətdən xəbərdar olsalar da, tədbir görülmür:

“Bu vəziyyəti rəhbərlik bilir. Ən azından müəllim də, direktor da eyni məktəbdə işləyirik, vəziyyəti görürük. Təhsil Şöbəsindən gəlib davamiyyəti yoxlayanda otaqlara daxil olublar. Deməyə ehtiyac  yoxdur. Amma bir neçə dəfə müraciət etmişik. Valideynlər də tez-tez deyir. İcra hakimiyyəti ilə görüşümdə də demişəm. Vəziyyət isə ortadadır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları