Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 12:26:45
Türk dünyasındakı məşhur universitetlərdən nələri götürməliyik? – Əkbər Qoşalıdan vacib təkliflər  

“Əhməd Yasəvi adına Qazax-Türk Universitetində xeyli azərbaycanlı tələbə təhsil alır. Həmin universiteti türk dünyasında fəaliyyət göstərən digər ali məktəblərə daha çox misal göstərmək olar. Buraya qardaş ellərdən ödənişsiz əsaslarla tələbələr qəbul edilir. Onlar həm müstəqil həyata hazırlanır, həm qardaş ölkələrdən gələn özyaşıdlarıyla təmasda olurlar”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu, Milli QHT Forumunun idarə  heyətinin üzvü  Əkbər Qoşalı deyib. Onun sözlərinə görə, türk dünyasında mövcud olan universitetlərin çox az hissəsi Azərbaycandakı yaşlı universitetdən daha öncə təsis olunub:

“Buna İstanbulda və Kazanda fəaliyyət göstərən bəzi universitetləri misal göstərmək olar. Xüsusilə Orta Asiyadakı bir çox ali məktəblər Azərbaycandakı ali təhsil müəssisələrindən sonra yaranıb. Lakin örnək fəaliyyət ən cavan universitetdə də özünü göstərə bilər. Səhv etmirəmsə, ötən il İstanbulda yerləşən universitetdə azərbaycanlı tələbə bacılar “Qızıl beyin” mükafatına layiq görüldülər. Demək ki, bizim ali məktəblərdə də ən azı tələbələr arasında belə sorğunun keçirilməsi, qaliblərin mükafatlandırılması, onların valideynlərinin dəvət olunması, valideyn və müəllim heyəti arasında münasibətlərin dərinləşdirilməsi işin xeyrinə olardı”.

Əkbər Qoşalı qeyd edib ki, son illər orta məktəblərdə valideyn-müəllim assosasiyaları fəaliyyət göstərir:

“Hörmətli ziyalılarımızdan Şahin Rəcəbin bu sahədəki fəaliyyətlərini dövri mətbuatdan, virtual aləmdən tez-tez oxuyuruq. Tələbələr artıq müəyyən yaşa çatıb deyə, sanki onları yetişdirən ailələrlə professor-müəllim heyəti arasında qopuqluq yaranıb. Valideynlər övladlarını etibar etdikləri ali təhsil müəssisələrini, professor-müəllim heyəti isə dərs dediyi tələbənin valideynlərini tanımırlar. 4-5 il beləcə keçib gedir. Bu sahədə müəyyən addımlar atmaq olar.

Bəzi universitetlər var ki, onlar yalnız öz ölkələrinin deyil, bütün türk dünyasının insanlarını maraqlandıra bilir. Türk dünyası üçün mütəxəssislər yetişdirirlər. Bunlara misal olaraq, Qazaxıstanın Türküstan şəhərində yerləşən Əhməd Yasəvi adına Qazax-Türk Universitetini örnək göstərmək olar. Burada bir neçə dəfə olmuşam. Ali məktəbdə xeyli azərbaycanlı tələbə təhsil alır. Həmin universiteti daha çox misal göstərmək olar. Qardaş ellərdən ödənişsiz əsaslarla tələbələr qəbul edilir. Onlar həm müstəqil həyata hazırlanır,həm qardaş ölkələrdən gələn özyaşıdlarıyla təmasda olurlar. Elə bir mühit yaranır ki, nəticə etibarilə tələbə, yalnız auditoriyada deyil, qaldığı yerdə də dil öyrənmək imkanı əldə edir. 4-5 il ikiqat faydalı keçmiş olur.Məncə, bu üsüllar da Azərbaycanda tətbiq oluna bilər”

Müsahibimiz Azərbaycanda mövcud olan ali təhsil təcrübəsinin faydalı cəhətlərini üzə çıxarıb onları qardaş ölkələrin təhsil arenası ilə paylaşmalı olduğumuzu vurğulayıb:

“Son illər türk dövlətlərinin Elmlər Akademiyaları arasında  münasibətlər dərinləşib. Ali məktəblər arasında da belə fikir mübadiləsinin meydanı açılmalıdır. Bu münasibətləri daha ümumi müstəvi üzərində maddiləşdirməkdə fayda var deyə düşünürəm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları