Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 11:10:00
Türkiyədə ən populyar 10 universiteti siz də tanıyın

Dünən internetdə dolaşarkən bir elan diqqətimi çəkdi: “Xaricdə Təhsil şansı əldə et!” Elan Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq imkanlarından bəhs edirdi. İlk öncə ağlıma belə bir sual gəldi: “Xaricdə təhsil həqiqətən də, şansdırmı?”, “Azərbaycandakı təhsillə Türkiyədəki təhsilin nə kimi fərqləri var?”, “Üstünlüklər nələrdir?”

İlk öncə bunu qeyd etmək lazımdır ki, xaricdə təhsilin bir çox üstünlükləri var. Bu, təhsili yüksək olan hər hansı bir ölkə üçün ola bilər. Məsələn, xarici dil öyrənmək şübhəsiz ki, bir çox tələbənin istəyi və bir o qədər də problem çəkdiyi mövzudur. Öyrənmək istədiyiniz dilin geniş yayıldığı ölkədə təhsil aldıqda isə bu dilə daha rahat və mükəmməl yiyələnəcəksiniz. Bundan başqa xaricdə təhsilin yeni mədəniyyətlər öyrənmək, özünüzü inkişaf etdirmək, dünya görüşünüzü artırmaq və s. kimi imkanları vardır.

Azərbaycanlı tələbələrin təhsil üçün ən çox üz tutduqları ölkələr Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə, Kanada və s.-dir. Türkiyə bu siyahıda birinci yerdədir. Həm dilinin anlaşılmağına, həm coğrafi cəhətdən yaxınlığına, həm də təhsil üstünlüklərinə görə həqiqətən də, Türkiyə təhsil üçün çox əlverişli seçimdir. Türkiyənin “Yüksek Öğretim Kurulu” adlı qurumdan verilən məlumata görə, 2016-cı ilin statistikalarına görə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı 12500 nəfər təşkil edir.

Statistikaya  əsasən, 2017-2018-ci tədris ilində azərbaycanlı tələbələrin Türkiyədə ən çox üz tutduqları universitet 1123 tələbə sayı ilə Anadolu Universitetidir. Bu tələbələrin 78%-ni, yəni 875-ni oğlanlar, qalan 22%-ni isə qızlar təşkil edir. Həmin qurumun statistik məlumatlarına görə, azərbaycanlı xanım tələbələrin ən çox seçim etdikləri universitet isə Atatürk Universitetidir (403).

Ümumilikdə isə 2017-2018-ci tədris ilində Türkiyə universitetləri Azərbaycandan 15553 tələbə qəbul etmişdir. Bu rəqəmin 75.5%-i oğlan, 24.5%-i isə qız tələbələrdir. Bu nəticələri nəzərə alaraq 2016-cı ilə nisbətən 2018-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayında artım müşahidə olunub.

Türkiyədə hər bir universitet öz ixtisaslaşması ilə seçilir. Yəni hər universitet müəyyən sahələr üzrə öz sözünü demişdir. Hazırda Türkiyənin bəzi universitetləri dünya universitetləri reytinqində müəyyən sıralarda yerləşir. Türkiyənin ən yaxşı 50 universiteti siyahısının ilk 10-luğunda bu universitetlər yer tutur.

10.Boğaziçi universiteti. Boğaziçi Universiteti qəbul şərtləri ən çətin olan universitetlərdən biridir. Beynəlxalq standartlarda təhsil verən bu universitetin təhsil dili ingiliscədir. Boğaziçi Universiteti YÖS imtahanı ilə deyil, SAT imtahanı ilə qəbul aparır. Universitet hər ixtisas üzrə 3-5 xarici tələbə qəbul edir. 

9. Qazi Universiteti. Bu universitet ən çox xarici tələbə qəbul edən universitetlərdən biridir. Türkcə ilə yanaşı ingiliscə də təhsil verir.

8.Ege Universiteti. Türkiyənin İzmir şəhərində yerləşir. İzmirdə yaşam şərtlərinin ucuz olması və sakit şəhər olması bu şəhərdə yerləşən universitetlərə rahatlıq və seçim üstünlüyü verir.

7.Qəbzə Texniki Universiteti. Hələ 1992-dən bəri fəaliyyət göstərməyinə baxmayaraq, artıq illərdir Türkiyə universitetləri arasında ilk 10-luqda yer alır.

6.Ankara Universiteti. 2017-ci il QS Dünya Universitetləri Sıralanmasına görə tibb sahəsi üzrə dünyanın 1000 universiteti arasında ilk 400-ə daxil ola bilmişdir.

5.İhsan Doğramacı Bilkənt Universiteti. Bu universitetdə təhsil ingiliscə verilir. Özəl universitetdir. Universitet QS Dünya Universitetləri Sıralanması araşdırmasında 2016-cı il nəticələrinə görə dünyanın ən yaxşı 411 universiteti arasında yer almışdır. Times Higher Education (THE) Dünya Universitetləri 2017-ci il nəticələrinə görə isə dünyanın ən yaxşı 400 universiteti arasında göstərilmişdir.

4.İstanbul Universiteti. Əgər siz hüquq sahəsi üzrə mükəmməl təhsil axtarırsınızsa, məhz İstanbul Universiteti sizin seçiminiz ola bilər. Universitet həm türkcə, həm də ingiliscə təhsil verir. 2011-ci ildə Dünyanın ən yaxşı 500 universiteti sıralarına daxil olan tək Türkiyə universitetidir.

3.İstanbul Texniki Universiteti. 2015-2016-cı il QS Dünya Universitetləri Sıralamasında mühəndislik üzrə dünyada 173-cü, Türkiyədə isə 1-ci sıradadır. Təbiət elmləri üzrə isə dünyada 307-ci və yenə Türkiyədə 1-ci yerdə qərar tutmuşdur.

2.Hacettepe Universiteti. Dövlət universitetidir, 4 dildə (türkcə, almanca, ingiliscə və fransızca) təhsil verir.Türkiyənin tibb üzrə öndə gələn universitetlərindəndir. “Daha irəliyə... Ən irəliyə...” sloqanı ilə hərəkət edən bu universitet nə qədər öndə olduğunu və bundan daha-daha öndə olmağı qarşısına məqsəd qoyduğunu açıq şəkildə bəyan edir.

1.Yaxın Şərq Texniki Universiteti. Universitet texniki elmlər üzrə ixtisaslaşmışdır. Qısa adı ODTÜ olan bu universitet Ankarada yerləşir. 94 fərqli ölkədən 1700 tələbənin təhsil aldığı ODTÜ 27000 tələbəyə təhsil verir. 2013-cü ildə Dünyanın 100 ən yaxşı reputasiyalı universitetləri siyahısında ilk 50 universitet arasında Türkiyənin Yaxın Şərq Texniki Universiteti də yer alıb

Azərbaycanlı tələbələrin Türkiyəni seçməsi həm də bir sıra başqa səbəblərə bağlıdır. Türkiyədə Dövlət universitetlərində illik təhsil haqqı Azərbaycana və bir sıra ölkələrə nisbətən ucuz başa gəlir. Gediş-gəliş ucuz, yasayış xərcləri isə nisbətən aşağıdır. Viza probleminin də olmaması daha çox tələbənin Türkiyəyə üz tutmasına səbəb olur.

Artıq beynimdə yaranan bu suallara da cavab tapdığıma görə və bir çox statistikanı da nəzərə alaraq deyə bilərəm ki, bəli, həqiqətən də Türkiyədə təhsil almaq gələcəyimiz üçün böyük bir şansdır. 

Pakizə Mütəllimova