Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 16:50:55
Polis Akademiyası ilə bağlı ən çox verilən suallar – Qəbul qaydaları, xüsusi tələblər…  

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.

Bu müəssisələrdən biri də Daxili İşlər Nazirliyinin Polis Akademiyasıdır.

AzEdu.az ali təhsil müəssisəsinin fəaliyyəti və Akademiyaya qəbul qaydaları barədə yazını təqdim edir:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası  ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiya hüquqi şəxsdir, müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Akademiyanın Bayrağına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adı və öz adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.

Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir.

Akademiyaya qəbul olunmaq üçün namizədlərin seçilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, ali təhsilin magistratura səviyyəsinə isə ali təhsilin bakalavriat səviyyəsini bitirən şəxslər qəbul olunurlar.

Sınaq və müvafiq yoxlamalardan miivəffəqiyyətlə keçən abituriyentlərin siyahısı III ixtisas qrupu fənnləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının  Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Qəbul müsabiqəsində Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

-    şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

-    təhsil müəssisəsinin buraxılış sinifində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

-    yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

-    ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

-    oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

-    9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-97-76.

İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

Abituriyentlər DİN-in Tibb İdarəsinin xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fıziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma - 6 dəfə; qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması - 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə, qaçış 100 metr məsafəyə - 19 saniyə və 1000 metr məsafəyə - 5 dəqiqə 30 saniyə).

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt  abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Abituriyentlərin Akademiyaya qəbulu Akademiya rəisinin əmri ilə təsdiq olunur.

Akademiya ali təhsilin aşağıdakı səviyyələri üzrə təhsil proqramlarını (kurikulumları) həyata keçirir:

bakalavriat;

magistratura;

doktorantura;

əlavə təhsil.

Akademiyada təhsil əyani və qiyabi formalarda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Akademiyada təhsil xarici dildə də aparıla bilər.

Akademiyada təhsilin müddəti, məcburi auditoriya dərsləri, həftəlik tədris işi, ali təhsilin dövlət standartlarına müvafiq olaraq, tədris proqramlarına və tədris planlarına əsasən müəyyən edilir.

Akademiyanın tədris məşğələlərinə mühazirə, seminar, praktik və laboratoriya məşğələləri, tematik mühakimə (kollokvium), məsləhət və müstəqil hazırlıq saatları daxildir. Akademiyada ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.

Dərslər 15 sentyabrda başlamaqla, tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, oğlanlar və qızlar istisna olmadan akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

Məzunlara “Hüquqşünaslıq” ixtisası “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları