Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 14:40:00
BDU-da məzunların görüşü keçirildi - Foto  

Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin 1998-ci il məzunlarının görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, ali məktəbi başa vurmalarının 20 illiyinə təsadüf edən görüşdə məzunlar öncə doğma universitetlə tanış olublar. Vaxtilə dərs keçdikləri auditoriyalarda toplaşan məzunlar öz xatirələrini bölüşüb, bu illər ərzində qazandıqları uğurlardan danışıblar.

Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun yaradılmasının 100 illik yubileyləri ərəfəsində keçirilən görüşün olduqca əlamətdar tarixi məqama təsadüf etdiyi vurğulanıb, doğma universitetdə olmaqdan məmnunluq ifadə olunub.
Məzunlar, həmçinin yaradılmış şəraitə görə görüşün təşkilatçılarına və BDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonra Tarix fakültəsinin dekan müavini, tarix elmləri doktoru, professor Əmrah Dadaşov məzunlara son illər ərzində BDU-nun həyatında baş verən yeniliklər və tədris ocağının keçdiyi inkişaf yolu barədə məlumat verib. Tarix fakültəsinin fəaliyyəti və uğurları barədə danışan dekan müavini ənənlərin qorunub saxlandığını və tələbələrə yaxşı təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını söyləyib.

Daha sonra məzunlar dünyasını dəyişmiş müəllimlərin və tələbə yoldaşlarının xatirəsini yad edib, onlar haqqında xatirələrini bölüşüblər.

Səmimi atmosferdə keçən görüşdə qərara alınıb ki, belə görüşlər vaxtaşırı keçirilsin və qarşılıqlı əlaqələr genişləndirilsin.