Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 13:00:00
“Biz bu mövzunu müzakirə etməmişik” – Deputatdan qızıl medal olayına reaksiya

“Ola bilər ki, orta məktəbi qızıl medalla bitirənlərin ali məktəbə imtahansız qəbul olunmasıyla bağlı təklif Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. Qanunvericilikdə isə bu məsələ müzakirə mövzusu olmayacaq”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə deyib. Onun sözlərinə görə, müzakirə olunan qanun layihəsi tələbə qəbulu proseslərini nəzərdə tutmur:

“Bu layihə ümumi təhsilə həsr olunub. Ali təhsillə bağlı ayrıca qanun qəbul olunur. Ola bilər ki, orta məktəbi qızıl medalla bitirənlərin ali məktəbə imtahansız qəbul olunmasıyla bağlı təklif  Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. Qanunvericilikdə isə bu məsələ müzakirə mövzusu olmayacaq. Hələlik “Ümumi təhsil haqqında” Qanun müzakirə olunur. Ali təhsillə bağlı qanunun müzakirəsi hələ qarşıdadır”.

Asim Mollazadə bildirib ki, ali təhsil haqqında qanun gələcəkdə müzakirə ediləndən, parlament tərəfindən ikinci oxunuşda qəbul ediləndən sonra qanunun üzərində işlənməsi üçün müvafiq işçi qrupu yaradılacaq:

“Bu məsələ Milli Məclisdə müzakirə olunmayıb. Medalçılarla bağlı müzakirə çox güman ki, Təhsil Nazirliyində baş tutub. Bizim komitədə bu mövzuyla bağlı belə müzakirələr aparılmayıb”.

Qeyd edək ki, ota məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb.

Xatırladaq ki, Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma ictimai müzakirələrdən sonra artıq bu müddəa layihədən çıxarılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları