Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 10:34:43
Əfqanıstan Dövlət Neft və Sənaye Universitetinin məzununu Azərbaycana səfir təyin edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.

AzEdu.az xəbər verir ki, səfir Xeyrullah Spelenay fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xeyrullah Spelenay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə dəfələrlə görüşdüyünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirdi, ölkələrimizin iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə töhfə verdiyini və Əfqanıstanda xidmət edən Azərbaycan hərbi qulluqçularının sayının artırıldığını qeyd etdi. Əfqanıstanda sülhün və təhlükəsizliyin bütün region üçün vacib olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın “ASAN xidmət” təcrübəsinin bu ölkədə uğurla tətbiq olunmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu imkanlarına toxunaraq, Əfqanıstanın da Şərq-Qərb marşrutu üzrə Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən dəmir yolu layihələrindən faydalana biləcəyini bildirib.

Səfir Xeyrullah Spelenay Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb. Səfir Azərbaycanın Əfqanıstanda sülhə və təhlükəsizliyə verdiyi töhfəsinə və ikitərəfli əsasda ölkəsinə müxtəlif sahələrdə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin inkişaf təcrübəsinin Əfqanıstan üçün xüsusilə vacib olduğunu deyib. Xeyrullah Spelenay Əfqanıstanın Şərq-Qərb marşrutu üzrə Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək, yükdaşımaların həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu vurğulayıb.

Dövlət başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş edib.