Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 15:35:00
Xarici universitetdə oxuyan tələbə  Azərbaycandakı filiala necə köçürülə bilər? –Aktual suala cavab  

Tələbələrin xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud, bir ixtisasdan digərinə dəyişdirilməsi  prosesi transfer.edu.az portalı vasitəsi ilə elektron qaydada həyata keçirilir.

Bəs xaricdə yerləşən ali təhsil müəssisələrin Azərbaycanda fəaliyyət göstərən universitetlərə köçürülmə hansı qaydalarla aparılır?

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər:

-Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

 - Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması; - DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);

Qənaətbəxş akademik göstəriciləri;

Köçürülmə səbəbləri;

Təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.

Köçürülmək istəyən tələbə üçün lazım olan sənədlər:

 - tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd

- akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);

- təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);

- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);

 - köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);

- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

 - təhsil haqqı borcunun olmamasına dair arayış.

Transfer olunmaq istəyən tələbələr üçün qeydiyyat qaydalarını təqdim edirik:

Köçürülmək istəyən tələbə öncə transfer.edu.az portalına daxil olmalı, sistemdə qeydiyyatdan keçməlidir. Köçürülmə ildə 2 dəfə həyata keçirilir. Bunun üçün əsas səhifədə olan “sistemdə qeydiyyatdan keç” bölməsinə daxil olmaq lazımdır. Qeydiyyat üç mərhələdən və sistemin aktivləşdirilməsindən ibarətdir. Prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir. Qeydiyyatın ilkin mərhələsində sistemin təklif etdiyi iki variantdan birini seçmək mümkündür: Azərbaycan və ya Xarici ölkə universitetlərində təhsil alanlar.       

Tələbənin harada oxumasından asılı olmayaraq, qeydiyyatın ikinci mərhələsində öz şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd etməlidir. Əgər, o, əcnəbi universitetdə təhsil alıbsa,  bütün şəxsi məlumatlar əl ilə, manual rejimdə daxil edilməlidir.

FİN kodunu və ATM-ə daxil olduğu ili qeyd etdikdən sonra tələbə barəsində fərdi məlumatlar gəlir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir.

Növbəti mərhələdə, istifadəçi öz mobil nömrəsini daxil etməli və şifrəsini müəyyənləşdirməlidir. SMS bildirişi vasitəsilə telefona dördrəqəmli kod gəlir. Nömrəni təsdiqləmək üçün həmin kod daxil edilməlidir. Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi “Şəxsi səhifəsinə” keçid alır.

Əgər tələbə Azərbaycan universitetlərindən birində təhsil alırsa, sorğunun göndərilməsi üçün təqdim olunan siyahıdakı ali təhsil müəssisəsini seçməli və ixtisasların qeyd olunduğu cədvəldə aidiyyəti ixtisasının qarşısındakı “Sorğu göndərmək” düyməsini basmalıdır. Daha sonra müxtəlif məlumat və sənədlərin yüklənməsi üçün xüsusi formaya malik yeni səhifə açılır.

Köçürülmə üçün sorğu yalnız bir universitet və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari məlumatlar ləğv edilməlidir.

“Cavab gözlənilir” statusu müəyyənləşdirənədək tələbə göndərdiyi sorğunu ləğv edə bilər. Nəticədən asılı olaraq, sonda iki statusu qeyd edilə bilər;

“İmtina edilib” - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda;

“Təsdiqlənib” - proses uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər.

Qeyd edək ki, qeydiyyata hazırda bakalavr səviyyəsində təhsil alan tələbələr buraxılır . Sonuncu tədris ili və ilk tədris ilinin birinci semestrində təhsil alanlar istisnadır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisnadır.

Qeyd edək ki, Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetindən həmin ali məktəblərin Bakıda yerləşən filiallarına köçürülmə qaydaları da yuxarıda qeyd olunan tələblər nəzərə alınmaqla aparılır.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları