Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 11:30:00
Medaldakı qızılın probu enməklə keyfiyyəti aşağı salınıb - EKSPERT

“Əsl qızıl medallar 1945-ci illərdə hazırlananlar hesab edilir. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilib və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınıb. Medallarda qiymətli metallar yalnız toz halında qalmış olub”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov feysbuk hesabında məktəblərdə verilən qızıl medalların tarixi haqda yazdığı statusunda bildirib. O, qeyd edib ki,  orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub:

“Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə “Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri"nin qəbulu ilə başlayıb.

Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib.

İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar həmin illərdə hazırlananlar hesab edilir. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır”.

Ekspert xatırladıb ki, 1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilib:

“Beləcə medalların diametri 40 mm-dək böyüdülür, amma əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır. Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur. Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalmış olur”.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində qızıl medalların verilməsi məsələsinə də toxunulub. Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları