XƏBƏRLƏR

04.12.2018 09:00
Kollec məzunlarının ali məktəbə qəbul qaydaları AÇIQLANDI

Gələn il keçiriləcək buraxılış imtahanlarında bəzi məqamlar abituriyentlər üçün aktuallığını qorumaqda davam edir.

Ən çox maraq doğuran məsələlərdən biri kollec məzunlarının ali məktəbə qəbul qaydaları ilə bağlıdır.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, kollec bitirən və ya orta təhsil müəssisəsinin son kursunda təhsil alan abituriyentlər, əvvəlki illərin məzunları kimi buraxılış imtahanı modelində əlavə imtahan verəcəklər.

İmtahan fənlərinə Azərbaycan dili, Riyaziyyat və Xarici dil daxildir. İmtahanda səhv cavabların sayı doğru cavablara təsir göstərmir. Məzunlar əlavə imtahan verdikdən sonra I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edə bilərlər.

V ixtisas qrupunun müsabiqəsində iştirak etmək istəyənlər üçün isə buraxılış imtahanı modelində əlavə imtahanda iştirak etmək kifayətdir. Lakin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının verilməsi vacib şərtlərdən biridir.

Orta və ya ali təhsil müəsissələrinin son pilləsi istisna olmaqla təhsillərini istənilən kursda davam etdirən tələbələrə qəbul imtahanlarında iştirak etmək üçün icazə verilmir.

Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR