Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 14:00:00
Azərbaycanda elm niyə populyarlaşmır? - SORĞU

Dünyada elmə çox diqqət ayırırlar, burası məlumdur, amma bir də o məlumdur  ki, bəzi ölkələrdə elm olduqca populyardır.

İldə milyon tirajlarla kitab çap edilir, alıcısına qovuşur. Uzaq getməyək, qonşu dövlətlərdə belə elmi-populyar ədəbiyyat özünün intibahını yaşamaqdadır. Amma bizi narahat edən əsas məsələ budur: Bəs Azərbaycanda elm niyə populyarlaşmır?

Avropa Nevroloji Akademiyasının həqiqi üzvü Qalib Əsədov: 

"Birinci, əsas səbəb odur ki, KİV-də elm yetəri qədər təbliğ olunmur. Bu gün hansı kanalı açsan, ya şou-biznes nümayəndələri və ya idmançılardı. Və yeni yetişən nəsil görür ki, müğənni tutaq ki, 5 min manata yarım saat oxuyur və yaxud da idmançı getdi güləşdi, 100 min pul aldı. Yanında oturan elm adamlarına baxır ki, iqtisadi cəhətdən hansı vəziyyətdədir. Ona görə də gənclər şou-biznesə, idmana daha çox meyl eləyir. Hər şey təbliğatdan asılıdır. Mən demək olar ki, bütün televiziya kanallarına müraciət eləmişəm. Bu gün Azərbaycanda bircə dənə də olsa, elmi - populyar veriliş yoxdu. İstəyir internet televiziyası olsun, istəyir yerli televiziya - bir dənə elmi təbliğ edən veriliş yoxdu. Bircə, Azvision.az saytının açdığı "Elmi cavab" rublikası var. Təkcə bu sayt bizim təkliflərimizə reaksiya verdi. Yerdə qalan bütün Azərbaycan televiziyalarının qapıları elm adamlarının üzünə bağlıdır. İkinci, məsələ budur ki, bizim elmimizdə olan professorlar, akademiklərin bəziləri hələ sovet “şinel”ini soyunmayıblar. Hələ sovet sistemindən kənara çıxa bilmirlər. Dünyada gündə bir kəşf, ixtira olunur. Təbabətdə nə qədər yeniliklər olur. Bizim gənclər gedirlər xaricdə təhsil alırlar, yetişirlər, amma Azərbaycanda sovet düşüncəsiylə yetişən nəsil, o gənclərin yaratdıqlarını qəbul etmək iqtidarında deyildir. Bu gün elmlə məşğul olmaq istəyən gənc varsa, o burda onu reallaşdıra bilməyəcək. Ciddi elmi işlə məşğul olmaq istəyən xarici ölkəyə üz tutmağa məcburdur. Bəzən elə adamlar fəlsəfə doktoru adını alır ki, cəmiyyətdə gülüşə, ironiyaya səbəb olur. Elmi ad almaq məsələsində hələ də əyri metodlar mövcuddur. Bir də ən böyük maneə gənclərin xaricdə təhsiliylə bağlı dövlət proqramının dayandırılmasıdı. Bu da düşünürəm ki, gənclərin inkişafına çox böyük zərbə vurur. Bu gün imkansız, amma istedadlı birinin gedib xaricdə təhsil almağı üçün imkanı yoxdu. Tutaq ki, hansısa idman yarışlarına getmək üçün idmançılara pul ayrılır, onlar gedib dövlətimizi təmsil edirlər, bayrağımızı qaldırırlar, bizi tanıdlrlar. Eyni zamanda tələbələrə də vəsait ayrılmalıdır. Çünki yüksək səviyyədə ixtisaslaşmış bu tələbələrin gələcəkdə dövlətimizə, millətimizə, inkişafımıza verəcəyi xeyir daha böyükdür. Dövlət savadlı vətəndaşlarının hesabına dövlətli olur.

Şair Aqşin Yenisey: 

"Bu məsələni sosial zərurət qanunları tənzimləyir. Elmin populyarlaşdığı cəmiyyətlərdə elitaya gedən yol universitetlərdən keçir. Bizim kimi ailə kultuna söykənən ölkələrdən fərqli olaraq o cəmiyyətlərdə varlı ailələr uşaqları oxusun deyə pul verirlər, oxumasın deyə yox. Yəni elmə marağı elitanın davranışları yaradır, istər Kanada olsun, istər Hindistan. Məsələn, ABŞ-ın keçmiş prezidenti Bill Klinton müsahibələrinin birində deyir ki, mən prezident olanda Oval kabinetə astronavtlardan aldığım yaşı 3,6 milyard il olan bir meteorit parçası qoymuşdum. Demokratlar və Respublikaçılar kabinetdə dava-dalaş salanda bu daşın yaşını onların yadına salıb deyirdim ki, bizim çox az vaxtımız.  Bizim onlardan nə qədər uzaqda yaşadığımızı təsəvvür edirsinizmi? Bizdə elm deyil, din qazanc gətirdiyi üçün mövhumat daha populyardır. Çünki insanlar Faradeyə deyil, hansısa bir cinə inandıqları üçün daha yaxşı yaşayırlar. Bakı Dövlət Universitetində əlində kitab olan tələbəni hamı ələ salırdı 7-8 il bundan əvvəl. Yəqin ki, vəziyyət indi daha acınacaqlıdır. Çünki oxuyan uşaqlar itə də bir çörək borclu idilər, oxumayanlar isə dərsə CİP-lə gəlirdilər, bütün qızlar o CİP-li oğlanları sevirdilər. Belə bir cəmiyyətdə, ümumiyyətlə, hələ də kitab nəşr olunursa, olmayan papağımızı göyə atıb sevinməliyik. Müsəlman ölkələri arasında ən çox oxuyan ölkə Türkiyədir ki, burada da il ərzində hər yüz nəfərə dörd kitab düşür, hər kitaba il ərzində ayrılan vaxt bir dəqiqədir. Elitası şəriət qanunları ilə formalan ölkələrdə heç vaxt elm populyarlaşmayacaq".

Azvision.az saytının Jurnalist Vüsal Məmmədov:

"Cəmiyyətdə elmlə din eyni anda yayıla bilməz. Bunlar bir-birinin antipodudurlar. Din yayılırsa, elmə maraq azalacaq və əksinə. Bu gün Azərbaycan cəmiyyəti ikinci yolla gedir - dindarlaşır. Dindar cəmiyyət elmi ancaq öz məzhəbinin prizmasından görmək istəyəcək, necə ki, istəyir də. Necə ki, harunyahyaçılar Təkamülü Darvindən yox, Harun Yahyanın kitablarından oxuyurdular. Necə ki, şiələr elə həmin Təkamülü və başqa ideyaları ilk mənbələrdən yox, Mürtəza Mütəhərrəridən (səhv dedimsə, bağışlayın, adını demək də olmur) oxumağı üstün tuturlar. Bunlar ən son elmi fikirləri də öz dini liderlərinin lazımsız kitablarından öyrənmək istəyirlər. Çünki maraqlı olan elm yox, onun interpretasiyasıdır. Yəni elmi fikri necə yozaq, necə fırladaq ki, inancımız ilə zidd gəlməsin? Belə olan halda elmin anası ağlayacaq, necə ki, ağlayır da. Nə qədər ki,  cəmiyyət elmə avtonom, saf ideya kimi yox, öz inancının prizmasından yanaşmaqda davam edəcək, heç vaxt toplumda elmi təfəkkür inkişaf etməyəcək. Elmi-populyar ədəbiyyat isə yayılmayacaq. Çünki həmin elmi-populyar ədəbiyyatda yazılanı məsələn, Caner Taslaman kimi din tacirləri öz kitabında məzhəblərinə uyğun yonub-rəndələyib, təqdim edirlər, dindara isə məhz elə bu lazımdır".

"Yaşıl Elm" hərəkatçısı Tariyel Abdullayev:

"Mənim üçün ən aktual mövzulardan biridir. Çünki “Yaşıl Elm” portalının redaktoru olaraq elmin kütləviləşməsində maraqlıyam və bu istiqamətdə bir çox layihələr həyata keçirmişəm. Mənim fikrimcə, müasir zamanda güc yalnızca elm və texnologiyadadır.

İnsanın həyatı elmlə rifah tapmağa doğru sürətlə irəliləyir. Dünyada elmin inkişafına baxsaq görərik ki, kainatın mənşəyindən nanotexnologiyaya, robototexnikadan genomikaya, süni intellektdən gen terapiyasına qədər hər sahə dayanmadan inkişaf etdirilir. Hətta elm və texnologiyanı inkişaf etdirmiş ölkələr öz aralarında bunun rəqabətini aparırlar. Ancaq biz ölkə olaraq bundan kənar qalmışıq.

Elm və texnologiyanı inkişaf etdirmək üçün əvvəlcə elmi düşüncəyə sahib olan cəmiyyət olmalısan. Bunun üçün isə elmi ədəbiyyatın müstəsna rolu vardır. Yaşıl Elm platforması olaraq bu günə qədər heç bir təşkilatdan dəstək almadan, ikisi uşaq ədəbiyyatı olmaqla dörd elmi kitab çap etdirmişik. Və hazırda jurnalımızı təsis etməkdəyik.  Lakin hər bir halda ölkəmizdə elmi ədəbiyyata maraq çox azdı, çünki bizim insanlar daha çox bayağı məsələləri diqqətdə saxlayır. Bunu facebook üzərindən fəaliyyət edən səhifələrdə də görə bilərsiniz. Hansı ki, elmi mövzular paylaşılan səhifələrin izləyicisi az olduğu halda, caps vine kimi mövzuları olan səhifələr daha çox izləyiciləri vardır. 100 il əvvəl də belə idi. Məsələn Molla Nəsərddin jurnalında Mirzə Cəlil belə deyirdi: “O kəsləri  deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılna qulaq asmağa”.

Fikir verin, 100 il sonra belə forması fərqli olsa da, mahiyyətində dəyişiklik olmayıb. Hələ də danabaşlıq aktual olaraq qalır, hələ də bizim çoxluğumuz novruzəlilər, usta zeynallar, şeyx nəsrullahlardı. Ona görə ki, ciddi mövzularla maraqlanmırlar, özlərini əziyyətə salmaq istəmirlər, elmlə maraqlanıb, elmi kitab oxumaq istəmirlər. Buna görə də elmi ədəbiyyat istədiyimiz kimi populyarlaşa bilmir.

Bundan əlavə olaraq sizə jurnalist kimi bir mövzu vermək istəyirəm: Araşdırın görək, Azərbaycanın bölgələrində neçə dənə kitab mağazası var və hər yarım milyon nəfərə neçə kitab mağazası düşür".

AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri: 

"Bir toplumda elmə, elmi-kütləvi ədəbiyyata - proqram, film, dərgi və s- maraq onun mədəni göstəricisi, intellektual dəyəridir. Elm həmin toplum üçün artıq vaz keçilməyəcək məfhuma çevrilib. Təkcə, adına "akademiya", "laborotoriya", "mərkəz" deyilən məhdud dairələrdə sıncıxıb, ağ xalat, qalın eynək içində itib-batmır... Xoş o toplumun halına ki, orada yaşamın bütün mahiyyətini özündə əks etdirən elm məfhumu ayrı-ayrı fərdlərə- onu arzulayan hər kəsə məxsus olur, təkcə professorlara yox...

Sualınıza elə bəlkə, sualla cavab verək? - Siz deyin, bizdə bu cür elmlə yaşamaq, ona bağlı olmaq kimi bir formula varmı?! Ümumiyyətlə, bizim üçün elm anlayışı nə ilə məhdudlaşır?- AMEA iləmi? Ya, hərdən capslarla bəzədiyimi Eynşteyn fotoları iləmi?!

Bəndənizin ən böyük məqsədlərindən biri də elmi kütləvi istiqamətdə nəsə bir iş görməkdir... Amma aylardır ki, apardığımız mübarizədə cəmiyyətə, onun şou tələbinə uduzuruq. Qalibiyyətin sirrini bilsəniz, lütfən bizə də yazarsınız"".