Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 13:02:38
“Kəsirin yoxdursa,  özünü 4 ilin əyləncəsindən məhrum etmisən” – ADU-nu dünya nəhəngi sayan tələbə

ADU dünyanın hegemon universitetləri sırasındadır

AzEdu.az tələbələrin universitet həyatıyla bağlı olan “Atüstü  söhbət” layihəsini davam etdirir.

Layihə vasitəsilə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclərin tələbə həyatıyla bağlı maraqlı fikirlərinə yer veriləcək.  Amma geniş və ağır-ləngərli müsahibə formatında yox, elə tələbənin öz özgürlük, sürət tələbinə uyğun olaraq, atüstü söhbət...

Layihənin növbəti qonağı Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakültəsinin I kurs tələbəsi Nərgiz Əzizlidir.

“Yuxusuzluq, yorğunluq və stress”

-Nərgiz, abituriyent olanda, yəni bir neçə ay öncə ali məktəbə hazırlaşmağın çətinliyini hansı sözlərlə ifadə edə bilərsən?

-Hazırda mənə elə gəlir ki, sanki 4-5 ay bundan əvvəl imtahana hazırlaşan mən olmamışam. Abituriyent deyəndə ağlıma 3 amil gəlir: Yuxusuzluq, yorğunluq və stress. Bu 3 söz tamamilə məni izah edirdi. Yaxşı ki, əziyyətimin bəhrəsini gördüm və tələbə adını qazandım.

-Ali məktəblərdə əksər vaxtlarda yuxarı kurs tələbələrinin I kurslara münasibəti birmənalı olmur. Tələbə olduğun müddət ərzində sən onlardan necə münasibət görmüsən?

- I kurs olduğuma görə yuxarı kurslardan çox az tələbə tanıyıram. Ona görə hər hansı məlumat deyə bilməyəcəyəm. Ancaq bizim "sempai"lərimiz (yuxarı kurslar) möhtəşəmdirlər və onlara hörmətlə yanaşırıq.

“Tələbəlik səhrada susuz qalmağa bənzəyir”

-Səncə, tələbəlik nədir?

-Tələbə həyatı ümumi götürdükdə abituriyent həyatının ekvivalentidir. Tələbəlik səhrada susuz qalmaq kimi bir şeydir. Balının az olduğunu görəndə müəllimə dil töksən də, qiymətin yazılmadığı ana şahid olmaq tələbəlikdir. Xoş təəssüratları isə qazandırdığı dostlar, yaxud da sənə insanları müqayisə etmək bacarığını zamanla aşılamasıdır.

- Arzuladığın və hazırda təhsil aldığın ali təhsil müəssisələri arasında hansı fərqlər var?

-XI sinifdə təhsil alanda qarşıma qoyduğum məqsədlərimdən biri ali məktəbə qəbul olunmaq idi. Hazırda Azərbaycanın ən müasir və təhsil sahəsində dünyanın hegemon universitetləri ilə bir sırada yer alan Azərbaycan Dillər Universitetində təhsilimi davam etdirirəm. Şükürlər olsun ki, xəyalımda olan, arzuladığım ali məktəbin tələbəsiyəm.

- Səncə, kurikulumun ənənəvi sistemlə müqayisədə əsas çətinlikləri hansılardır?

-Kurikulum, ənənəvi sistemlə müqayisədə çətin olsa da, mövzular geniş şəkildə izah olunur. Bu, şagirdlər üçün müsbət cəhətdir. Kurikulumun yaratdığı çətinliklərdən biri şagirdlərdən həddindən çox mütaliə və diqqət tələb etməsidir. Abituriyentlər, eyni zamanda, sualların üzərində də düzgün işləməlidirlər.

“TV-lərdə əsas xəbərləri, ya gizlədirlər, ya da şişirdirlər”

-Harvard Universitetinə qəbul zamanı tələbələrə “1 milyon dollar qazansaydınız, bu məbləğlə nə edərdiniz” sualı ünvanlanır. Bu sual sənə verilsəydi, cavabın nə olardı?

-Elə şansım olsaydı, ixtisasıma uyğun dünya turuna çıxmaq və ya gələcəyim üçün yatırım etmək istərdim. Ehtiyacı olan insanlara da köməklik etməyi unutmazdım.

-Nərgiz, gündəmi haradan izləyirsən?

-Düzü, Azərbaycan TV-lərinə baxmıram. Çünki ya lazım olan xəbərləri insanlardan gizlədirlər, ya da bəzilərini şişirdilmiş formada çatdırırlar. Buna görə də gündəmi sosial şəbəkələrdən izləyirəm.

-ADU-nun rektoru Kamal Abdulla tələbələr üçün əlçatandır?

-I kurs olduğuma görə rektor kimi fəaliyyətindən çox da məlumatlı deyiləm. Amma bildiyim qədərilə çox yaxşı insandır. Tələbələrə anlayışlı davranır və  əminəm ki, bu belə də davam edəcək.

“Qaib limiti tətbiq olunmasa, heç kim səhər yuxusuna haram qatıb dərsə gəlməz”

-Universitetlərdə dərsdə iştirak sərbəst olsa və qaib limiti tətbiq olunmasa, nə baş verər?

-Məncə, dərsdə iştirak Boloniya sisteminin tələblərinə uyğun, sərbəst olsa və qaib limiti tətbiq olunmasa, heç kim səhər yuxusuna haram qatıb universitetə gəlməz. Xüsusilə də qış aylarında. Lazımi dərslərdə də iştirak etməyəndə mövzulardan geri qalarıq və dünyagörüşümüzü genişləndirə bilmirik.

-Tələbə zamanını düzgün planlaşdırmaq üçün nə etməlidir?

-Tələbə zamanı özünə uyğun formada qurmalıdır. Öncə yuxuya ayrılan zamana diqqət etmək lazımdır. Vaxtında yatıb, vaxtında oyanmaq vacibdir. Sağlam qidalanmaq üçün də vaxt bölgüsü düzgün aparılmalıdır. Çünki insan ac və yuxusuz qalanda heç nəyi düzgün planlaşdıra bilmir.

-Fərz et ki, IV kurs tələbələri hazırda bu yazını oxuyur. Onlara sözün nə olardı?

-IV kurslar aşağı kurslar üçün xüsusi gəzintilər təşkil edə bilərlər. Həmçinin universitetdə təcrübə və ya iş həyatında təcrübə qazanmaq barədə bizi məlumatlandıra bilərlər. Onlara, yalnız bunları deyə bilərəm.

“Yəqin ki məndə də “göz muncuğu” olacaq”

-“Kəsirsiz” tələbə…… (cümləni tamamla)

-Məncə, kəsirsiz tələbə deyilən anlayış mövcud deyil. Yəqin, məndə də “göz muncuğu” olacaq. Kəsri olmayanlar bütün gününü, ancaq dərsə sərf edən tələbələrdir. Bu da 4 ilin əyləncəli günlərindən məhrum olmaq deməkdir.

-Coğrafiyadan ən sevdiyin mövzu hansı olub?

-Coğrafiyadan ən sevdiyim mövzu ümumi regionlardır. Əslində regionlaşmanı sevməkdə mənə stimul verən coğrafiyadan xüsusi regionların öyrənilməsi oldu. Elə buna görə də ixtisasimi sevirəm və gələcəkdə təhsilimi Yaponiyada davam etdirmək istəyirəm.

-Səndən sonra gələcək I kurslara hansı məsləhətləri verərdin?

-Məndən sonra gələn l kurslara məsləhətim budur ki, çalışın, təməli güclü qoyun. Tədbirlərdə də iştirak edin, amma bir müddətlik. Yəni görsünlər ki, siz də varsınız. Əsas olan universitet xaricində tanınmağınızdır. Çünki ali məktəbi bitirdikdən sonra iş tapmaqda bu çox faydalı ola bilər. Mənə həmişə deyərdilər ki, gəzmək həmişə olacaq, əsas olan dərsləri düzgün oxumaqdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları