XƏBƏRLƏR

03.12.2018 10:52
“Bura  kəsir olmayanda nəticələri yoxlatdırır,  ATU üçün isə çox narahat olmalıyıq” –“İraq göz”dəkilər  

AzEdu.az  “İraq göz” rubrikasını davam etdirir.  Rubrika əsasında  xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini öyrənirik.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxırıq...

Qeyd edək ki, müsahiblərə  bir çox universitet adlarını təqdim etsək də, onlar  yalnız  məlumatları olan universitetlər haqqında danışdılar.

Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Macarıstanın Korvinus Universitetinin tələbəsi Rəsul Musayev: 

Azərbaycan Dövlət İqtisad Universiteti- UNEC – UNEC”  dediyimiz zaman konkret olaraq hansı fakültə haqda danışdığımız çox önəmlidir. Çünki bəlkə də, tədrisin keyfiyyəti baxımından fakültələr arasında ən dərin fərqlərin olduğu universitet məhz UNEC-dir.

SABAH, ISE və TUDİFAK fakültələrində təhsil alan tələbələr digərlərindən daha şanslıdır. Həmin fakültələrdə dərs keçən müəllimlərin arasında dünyanın nüfuzlu universitetlərində təhsil alanlar daha çoxdur, bu da müəllim-tələbə münasibətini, ümumilikdə tədris prosesini daha effektiv edir.

Digər fakültələrə gəldikdə isə, son illərdə test sisteminə keçid imtahanların şəffaflığını kifayət qədər artırıb. Amma təhsilin keyfiyyəti isə ümumilikdə elə də ürəkaçan deyil.

Azərbaycan Tibb Universiteti- Tibbyönümlü  ixtisaslarda təhsil almaq istəyən abituriyentlər bəlkə də seçim baxımdan ən şanssızdırlar. Ona görə ki, maddi baxımdan xaricdə təhsil almağa imkanları olmadıqlar müddətcə ATU-dan başqa alternativləri olmur.  Universitetin özü barədə isə ən çox eşitdiyim imtahanların kifayət qədər çətin olmasıdır. Dünya təcrübəsində də bu tip ixtisaslarda oxşar tendensiya müşahidə olunduğu üçün, fikrimcə, təəccüblü deyil.

Bakı Dövlət Universiteti- Hüquq, jurnalistika, tarix və s. kimi ixtisasların tədrisi üzrə ölkənin ən yaxşısıdır. Buna baxmayaraq, orada da, təhsilin keyfiyyəti zənnimcə, elə də yüksək deyil. Orada oxuyan dostlarımdan tez-tez imtahan nəticələrinin qeyri-obyektiv olması barədə də söz-söhbətlər eşidirəm. Hətta bəzən sırf heç kim kəsilmədi deyə imtahan vərəqlərinin təkrar yoxlamaya göndərilməsi halları da müşahidə olunub. Ümid edirəm ki, tezliklə bu problemlər həll olar və əsas diqqət imtahan nəticələrinə deyil, tələbələrin əldə etdiyi biliyə yönləndirilər.

Azərbaycan Texniki Universiteti- Zənnimcə, bizi hazırda ən çox bu universitetin vəziyyəti narahat etməlidir. Çünki bir ölkəni ən çox irəli aparan onun istehsal etdiyi texnologiyadır. Azərbaycanda bu sahədə irəliləmək istəyən şəxslərin əksər hallarda seçimi  Azərbaycan Texniki Universiteti olur. Ancaq, təəssüf ki, bu universitet tələbənin özünü inkişaf etdirməsi üçün ona lazım olan innovativ mühiti yarada bilmir. Düzdür, hələ ki, ABŞ-ın MIT-i ilə müqayisə aparmaq üçün çox tezdir, ancaq ən azından Türkiyənin ODTÜ-sünün çatdığı səviyyəyə mümkün qədər tez çatmaq lazımdır.

Polşada Lodz  Universitetinin tələbəsi - Faiq Qasımov:

Azərbaycan  Dillər Universitet - Tələbələrə qloballaşan dünyada kommunikasiyanı təmin edəcək beynəlxalq dillərdə, eləcə də dünyanın bir çox dilində ünsiyyət qurmaq üçün kifayət qədər imkanlar yaradır. Universitetin yaxından əməkdaşlıq etdiyi Bakı Amerika Mərkəzi, Fransa Məlumat Mərkəzi, Hindistan, italyan dil  mərkəzi və digər dil mərkəzləri, eləcə də universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu bunu deməyə əsas verir ki, bu universitetdə  təhsil alan istənilən çalışqan tələbə özünü Avropa və digər dünya ölkələrində asanlıqla ifadə etməyə qadirdir.

Bakı Dövlət Universiteti-Azərbaycanda ilk universiteti olan  bu təhsil müəssisəsi demək olar ki, elmin hər bir sferası üzrə tələbələri bilik və bacarıqlarla təmin etməkdədir. Dünya universitetləri ilə tələbə mübadiləsi aparan Bakı Dövlət Universiteti dünyanın nüfuzlu universitetlərinə gənclərimizi göndərməklə yanaşı, bir çox xarici tələbəyə də öz daxilində təhsil hüququ verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti- Liberal, əməkdaşlarına müstəqillik və rahat işləmək mühiti təmin edir. Cavan kadrlara çox üstünlük verilir.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu