XƏBƏRLƏR

02.12.2018 16:30
Arılar dünyanı məhv olmaqdan necə xilas edir? – Eynşteynin dini kitabla razılaşması

 

 Bu günün insanlarının  arıları yalnız bal istehsalçısı kimi dəyərləndirmələri təbii ki, onların funksiyasını kiçiltməkdən başqa bir şey deyil. Arının bioloji funksiyası bəlkə də bəşəriyyəti öz qanadları altında qoruyub saxlamasıdır. Bəs bu ağır funksiya hansı mexanizmlə həyata keçirilir? Müqəddəs Quranın bal arısı mənasını verən “Ən-Nəhl” surəsində göstərilən konkret faktlar arının insan cəmiyyəti üçün nə dərəcədə faydalı olmasına bir sübutdur. Ancaq bu haqda bir az sonra. 
Gəlin

 Arıların Eynşteyn dəyərləndirilməsi

 mexanizmindən danışaq. Nisbilik nəzəriyyəsinin banisi olan yəhudi əsilli Albert Eynşteyn həm də arılarla bağlı apardığı dərin araşdırmaları ilə də seçilirdi. Amma bu araşdırmalar elmi müstəvidə deyil, sadəcə  bir hobbi xarakteri daşıyırdı. Hobbi olmasına baxmayaraq, alim uzun müddətli araşdırmalarından sonra belə bir yetkin qənaətə gəldi: arılar olmasa, insanlar da olmaz! Sonra isə arqumentini nisbətən açaraq arıların vacibliyini bir daha göz önünə gətirdi: “Əgər arılar kütləvi şəkildə Yer üzündən itərsə, ondan sonra insanlar cəmi 4 il yaşaya bilər. Çünki arıların məhvi tozlanmanın, bitki və insan nəslinin artmasının sonu deməkdir”.
 
Arılar 130 min növ bitkidə tozlanma prosesini yaradaraq, Yer kürəsində bəsit desək, həyatın varlığını təmin etmiş olurlar. Çünki həmin 130 min bitki bütün Yer kürəsinin oksigen tələbatını ödəməklə yanaşı, ekoloji tarazlığın bərpasını da təmin edir. Tozlanma prosesinin ildən-ilə yavaşlaması isə sosial terminologiyada ekoloji böhran adlanan, əslində isə ekoloji natarazlığı əmələ gətirir, kütləvi istiləşmə və havada maqnit induksiyasının artmasına gətirib çıxarır.

 “Missioner” arılar

 Özündə xüsusi və hər bir incəliyinə qədər peşəkarlıq meyarlarına cavab verən “laboratoriya”ya sahib olan arı gündəlik uçuşu zamanı iki önəmli işi görür. Hər gün də olmasa, ara-sıra qarşılaşdığımız çiçəyə qonan arı səhnəsi əslində bəşəriyyət üçün o anda oksigen balansını qorumaqla yanaşı, öz “fabrik”inin məhsulu olan balı da hazırlayır. 
Hər bir bal arısı dayanmadan gün ərzində 20 min çiçəyə qonur. Bir arı isə orta hesabla həyatı boyu 2 milyon kvadrat kilometr qət edir. Arı bir çiçəyə qonduqda yapışqan, sıx tükləri çiçək tozuna bulaşır. Sonra həmin bitkinin başqa fərdinə qonaraq çiçək tozlarını ona bulaşdırır. Bu vəzifənin icrasında isə maraqlı bir səhnə meydana gəlir. Bal arısı qızılgülə qonsa, ətrafdakı qızılgül çiçəkləri bitənə qədər başqa növə qonmur. Bunun səbəbi isə budur: əgər fərqli çiçəklərə qonsaydı, çiçək tozları fərqli gül növlərinə daşınacağına görə döllənmə meydana gəlməz və çiçəklərin nəsli kəsilərdi. Çiçək nəslinin var olması sırf estetik anlamda qavranmamalıdır. Arılar onlarda instinkt kimi formalaşan tanıma qabiliyyəti sayəsində çiçək növlərini bir-birindən ayırd edə  bilir. Bu ayırdetmə bacarığı çiçək tozlanmasını pozmamaqla yanaşı, balın tərkibinin də stabil qalmasını təmin edir. Bəşəriyyətin mövcudluğu müddətində əsrlərdir ki, öz mənəvi-elmi aktuallığını itirməyən Quranda da tozlanma, bal, ekoloji tarazlığın səbəbkarları olan arıların xüsusi missiyanı yerinə yetirmələri qeyd olunur.

 “Ən-Nəhl” surəsi

 “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə özünə yuva tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarında insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”.
Qurani-Kərimin “Ən-Nəhl” surəsi bal arılarının Allah tərəfindən hesablanmış missionerlik funksiyasını çox gözəl şəkildə həyata keçirir. Təkcə bunu demək kifayətdir ki, dünyada balın azalması belə, bir-çox fiziki problemlərə gətirib çıxara bilər. Təsadüfi deyil ki, nanotexnologiyaların xüsusilə də tibb sahəsində surətlə inkişaf etməsinə baxmayaraq, bal ilə müalicə üsulu günü-gündən öz aktuallığını artırır. Apiterapiya adlanan bu üsul təkcə bal deyil, həmçinin arı südü, arı qonmasından sonra yaranan çiçək tozu və arı zəhəri vasitəsilə həyata keçirilən terapik metoddur.   
Dərmanların müalicə edə bilmədiyini arı ilə müalicə etmək olur. Arı ilə qabırğalararası nevralgiyada, üçlü sinir nevralgiyasında, fəqərə sütununun osteoxandrozunda, ürək-damar xəstəliklərində, andrologiyada, urologiyada, ginekologiyada, pulmanologiyada, burun-boğaz xəstəliklərində, oynaq hərəkat aparatı xəstəliklərinin müalicəsində, dermotologiyada, ankologiyada, virus hipatitlərində effektiv müalicə vasitəsi kimi istifadə olunur. Hələ eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər Hindistanda vəfat etdiyi zaman onun meyitini Yunanıstanadək uzaq yolda xarab olma və iylənməkdən qorumaq üçün, bir müdrikin məsləhəti ilə təmiz balın içində aparıblar. Nəticədə meyit öz təzəliyini qətiyyən itirməyib. 

 

Arı ilə digər müalicə üsulu

 

Arı ilə müalicə üsulunu ən çox tətbiq edən həkim Seyfəddin Əsəd arı balı ilə müalicə ilə yanaşı, arı sancmasının da çox vacib terapik metod olduğunu qeyd edir: 

“Arı ilə müalicənin ən güclü növü arı sancması ilə aparılır. Çünki arı zəhəri xüsusilə qiymətli və əvəzedilməz dərmandır. Hətta xeyli sayda iynənin verdiyi xeyirdən arı sancması daha üstündür. Misal üçün, beli, ayağı tutulmuş, ürəyində güclü ağrı ilə gələn xəstənin təkcə bir arı sancması bizdə pristupu dayanıb, ağrı kəsib. Təmiz balla hazırlanan dərmanlarla müalicə metodu da mövcuddur. Xüsusi hazırlanmış bu məlhəmlərə mədə, onikibarmaq bağarsaq  yarasını, qastriti, kaliti, eroziyaları yüz faiz müalicə etmək olur. Bədənin gücü bərpa olunur. Arı məhsullarından hazırlanan iynə və mazların çox güclü ağrı kəsici effekti var. Sevindirici haldır ki, arı ilə müalicə üsulunu başa düşən, qiymətləndirən adamlar günbəgün artır. “

Arıların məhvi bəşəriyyətə hansı “hədiyyə”ni verəcək

Artıq dünyanın bir çox universitetlərində və elmi tədqiqat müəssisələrində  arıların kütləvi yoxa çıxması qlobal problem müstəvisində araşdırılır. Türkiyənin də bir çox universitetləri Albert Eynşteynin qoyduğu yolla getməklə arıların qorunması və artırılmasına çalışır. İngiltərə Arıçılar Birliyi hər il arıların yoxa çıxmasının fəsadlarını özündə əks etdirən hesabatla çıxış edir. Son hesabatda arıların məhvinin ekoloji böhranla yanaşı, ərzaq qıtlığına da gətirib çıxacağı vurğulanır. Artıq Braziliya, Kanada, Hindistan, Çin, İngiltərə kimi böyük ölkələr arı qıtlığının fəsadlarını yaşamaqdadırlar. Azərbaycanda da dağ və dağətəyi rayonlarda ildən-ilə bal ehtiyatının azalması arıların kütləvi şəkildə azalmasına səbəb olur.

Azalan tək bal olsa idi nə var idi ki?!