Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 12:13:00
Finlandiya ilə bağlı məşhur kitabın təqdimatı  oldu    

Noyabrın 29-da "The Landmark Hotel"-də “Kitabıstan” nəşriyyatı tərəfindən tərcümə olunmuş "Finlandiyadan 100 sosial innovasiya" kitabının təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimatda Finlandiyadan gələn fəxri qonaqlar, diplomatik korpus nümayəndələri, ictimai simalar və gənclər iştirak edib. 

Təqdimatı giriş sözü ilə “Kitabıstan”ın direktoru Pünhani Əsgərli açıb. Azərbaycan və Finlandiyanın Dövlət Himni səsləndikdən sonra o, "Finlandiyadan 100 sosial innovasiya" və Kitabıstanın digər nəşrləri haqqında qonaqlara məlumat verib:


“"Kitabıstan” alternativ informasiya mənbəyi kimi 2015-ci ildə Şəhriyar Məcidzadə tərəfindən təsis edilib. Bu gün nəşriyyatımızın tərcümə olaraq 6-cı, ümumilikdə 7-ci kitabını təqdim edirik. Nəşrlərimiz müxtəlif sahələri əhatə edir. "Finlandiyadan 100 sosial innovasiya" kitabı isə Finlandiya haqqında nəşr etdiyimiz 2-ci kitabdır. İlk kitab olan "Bəyaz zanbaqlar ölkəsində" böyük sevgi və maraqla qarşılandı. 

Bu kitabın yazılmasında İlkka Taypale, keçmiş nazirlər, keçmiş deputatlar və s. iştirak edib. "Finlandiyadan 100 sosial innovasiya" kitabı indiyə qədər 27 dilə tərcümə edilib. Kitab Finlandiya Prezidenti Sauli Niinistönün giriş sözü ilə başlayır.

Pünhani Əsgərlinin çıxışından sonra qonaqlar "Finlandiyadan 100 sosial innovasiya" kitabı haqqında hazırlanmış təqdimat videosunu izləyib.

Daha sonra “Kitabistan”ın və etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə çıxış edib: 

"Xanımlar və bəylər, dəyərli qonaqlar hər birinizi görməkdən şadam və hər birinizi salamlayıram. Öncəliklə vurğulayım ki, mən təqdimata gələndə bildim ki, təqdimat İlkka Taypalenin doğum gününə təsadüf edir. 

Mən Finlandiya və Azərbaycanın çoxsaylı alternativini göstərə bilərəm: hər iki ölkə müharibə görüb, bəzən separatizmlə üzləşib, hər ikisinin də əhalisi çox olmayıb. Mən bayaq videoya baxanda İlkka Taypalenin gözünün necə dolduğunu hiss etdim. Məncə onun gözü dolmamalı, əksinə gülümsəməlidir. Onların sayəsində bu ölkə möhtəşəm olub. Kitabları oxuyun və başqalarına oxutdurun. Biz Finlandiyanı Azərbaycanı sevdiyimiz qədər sevirik".


Daha sonra çıxış edən Finlandiyanın Azərbaycandakı səfirinin ikinci müşaviri Tarya Parkkinen Azərbaycan dilinə tərcümə edilmiş "Finlandiyadan 100 sosial innovasiya" kitabının təqdimatında iştirak etməkdən məmnunluq duyduğunu bildirib:

"Kitab ilk dəfə 2006-cı ildə cənab İlkka Taypale tərəfindən nəşr edilib və o, kitabda çox mühüm əməyi keçən xanım Taypale ilə birgə bu gün burada, bizimlədir. Bu günə kimi kitab 30-a yaxın dilə tərcümə edilib:

Biz finlər praqmatik və yaradıcı xalq kimi tanınırıq və bunun bir səbəbi də bizim tariximizdir. Böyük və kiçik problemlərdən xilas ola bilmək üçün biz praktiki həllər və praktiki ixtiralar tapmaq məcburiyyətində idik. Bu Finlandiyanın uğur tarixçəsinin əsas təkanverici gücüdür. Belə deyirlər ki, problemləri həll etmək biz finlər üçün çox təbii bacarıqdır.

Tariximiz güllər içində, şən-firavan keçməyib, ancaq biz 100 ildir ki, öz müstəqilliyimizi çox çalışaraq, bərabərlik əsasında inkişaf edən Qərb demokratiyası quraraq, hər kəs üçün təhsil və sosial rifahla qoruduq.

Biz finlər bir az qəribə olmağımızla qürur duyuruq və sözlərə deyil fəaliyyətə üstünlük veririk. Biz nə etdiyimizi deyirik və dediyimizi də edirik. Elə buna görədir ki, Finlandiya dünyada ən funksional ölkədir. 

“Finlandiyadan 100 sosial innovasiya” kitabı fin yaradıcılığına ən yaxşı nümunədir. İnnovasiyalar yalnız texniki cəhətdən deyil, təbiətcə, sosial cəhətdən də görünə bilər. Bu kitab buna yaxşı bir sübutdur. Finlandiya ilə maraqlanan hər kəs üçün bu kitab ən yaxşı bələdçidir. Kitab 100 hekayəsi ilə sizə Finlandiyanın bu günə necə gəlib çıxdığını izah edir, fin yaşayış tərzini anlamağa kömək edir və hətta deyərdim ki, bizim bəzi sirlərimizi belə ortaya çıxarır. Finlandiyaya aid kitabın başqa ölkələrdə yayımlanmasını görmək hər zaman xoşdur.

Biz təhsilə inanırıq və onu çox dəyərləndiririk. Finlandiya tarixinin ən görkəmli hadisələrindən biri də 1960-cı illərdə fin baza məktəb sisteminin təqdim edilməsi olub. Cəmi 5 milyon yarım olan kiçik bir xalqıq və az olduğumuz üçün də heç kimin geridə qalmasını istəmirik.

Bizim təhsil sistemimiz sosial-iqtisadi statusundan, yaşadığı yer və mədəni keçmişindən asılı olmayaraq, hər kəs üçün bərabər təhsil imkanları təklif edir. Yüksək təhsil sistemimiz nəticəsində son illərdə beynəlxalq səviyyədə bir sıra iqtisadi və sosial sektorda çox yaxşı nailiyətlər əldə etmişik. Təhsil bizim cəmiyyətimizin və uğurlarımızın onurğa sütunudur. 

Biz bərabərliyə inanırıq və bir-birimizin qayğısına qalırıq, həmçinin birgə çalışmağı da yüksək qiymətləndiririk. İnsanlar da daxil olmaqla, sahib olduqlarımızdan ən yaxşı şəkildə yararlanmalı olduğumuzu hər zaman bilmişik. 

Bu gün burada sizi, xüsusilə, gəncləri görmək məni hədsiz xoşbəxt edir. Bu axşam indi burada etdiyimiz kimi başqa ölkələrlə körpülər qurmaq, insanlar arasında əlaqələri genişləndirmək bizim üçün çox vacibdir. Sizin müəllif cənab İlkka Taypale ilə birbaşa danışmaq imkanınız var. İstərdim cənab Taypale və həmçinin bu axşam bizimlə olan, kitabda bir sıra yazının müəllifi xanım Taypalenin özündən kitab haqqında daha geniş eşidək. Bu tədbirə qatıldığınız üçün sizə minnətdaram. 

Sonra sözü kitabın ideya müəllifi, dosent İlkka Taypale və onun xanımı Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə naziri xanım Vappu Taypaleyə verildi. 

İlkka Taypale çıxışı zamanı bildirdi ki, ilk dəfə bir azərbaycanlı ilə 1991-ci ildə tanış olub:

"O, Estoniyada bir həbsxanada xidmət edən əsgər idi. Biz finlər həmin vaxt Estoniyada keçirilən referendumu müşahidə etmək üçün Estoniyada idik. Bizim üçün maraqlı o idi ki, həbsxanada səsvermə necə keçirilir. Sonra nə baş verdi... Biz yaxınlaşırdıq, azərbaycanlı əsgərin isə əlində silah var idi və o silahı özünə sıxmışdı. Bildirdik ki, biz Estoniyanın müstəqilliyi üçün burdayıq, bəs sən Azərbaycanın müstəqil olmasını istəyirsənmi? O, "Kalaşnikov"u dik tutdu və dedi: "Əbəttə biz istəyirik". 

Sonda söz Finlandiyanın Azərbaycandakı fəxri konsulu Faiq Cəbiyevə verilib: 

"Bu gün bizimçün, Finlandiyanın bütün dostları üçün əlamətdar gündür. Biz, bu gün Azərbaycan auditoriyasına İlkka Taypalenin "Finlandiyadan 100 sosial innovasiya" kitabını təqdim edirik. 

Hər birimiz Finlandiyanı gölləri olan gözəl təbiətə, zəngin tarixə və mədəniyyətə, həmçinin mükəmməl təhsil və tibb sistemi, yüksək inkişaf etmiş iqtisadiyyata malik olan bir ölkə kimi tanıyıriq.

Təbii ki, Finlandiya bu inkişaf səviyyəsinə addım-addım nail olub və bu nailiyyətlərdə sosial innovasiyaların da rolu böyük olub.

Əminəm ki, bu kitab azərbaycanlıların Finlandiyanı daha yaxından tanımasına, öyrəndikərini ölkəmizdə tətbiq etməsinə kömək edəcək. Bu da öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində öz pozitiv rolunu oynayacaq.

Təqdimatın rəsmi hissəsindən sonra furşet verilib və təqdimatı keçirilən kitabın imza mərasimi keçirilib.

Qeyd edək ki, fəxri qonaqlar - Finlandiya Parlamentinin sabiq millət vəkili, dosent İlkka Taypale, Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə Naziri xanım Vappu Taypale və Finlandiyanın Azərbaycan üzrə səfirinin müşaviri xanım Tarya Parkkinen Kitabıstanın və etatist.com-un təsisçisi Şəhriyar Məcidzadənin dəvəti ilə Azərbaycana gəlib.