Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 08:45:00
İqtisadçı universitetlərimizə ayrılan pullar barəsində təəccübləndirici rəqəmləri açıqladı –“Yazılanlar yanlışdır”

“2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu. Son 4 ildə isə yalnız  ADA, Moskvanın 2 universitetinin filialı, bu ildən isə İlahiyyat İnstitutuna ayrılan vəsaiti görmək mümkündür. Yerdə qalan universitetlər üzrə isə yalnız ali təhsilin ümumi xərci göstərilir”

AzEdu.az xəbər verir ki, iqtisadiyyatçı Rövşən Ağayev büdcə müzakirələrindən sonra sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitlə bağlı yayılan məlumatlara şəxsi feysbuk hesabında bu sözlərlə münasibət bildirib.

Onun fikrincə, sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitin həcmi barədə yayılan məlumat yanlışdır:

“Sosial şəbəkədə yayılan məlumatlara görə, dövlət büdcəsindən Azərbaycan Tibb Universitetinə 1.3 milyon manata yaxın, Bakı Dövlət Universitetinə 700 min manatdan bir qədər yuxarı, ADA Universitetinə 17.6 milyon  manat, Moskvanın buradakı 2 universitet filialına birlikdə isə 17.2 milyon manat vəsait ayrılıb.

Reallıq isə belədir:

Son illər dövlət büdcəsindən ali təhsilə 180 milyon manata yaxın vəsait ayrılır. Onun da bu məlumatda deyildi kimi 35-40 milyon manatı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun tələbə hesabı maliyyələşmə mexanizminə keçməyən 5 universitetə ayrılır. Yerdə qalan 140 milyon manata yaxın vəsait isə digər universitetlər arasında tələbə hesabı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür”.

Onun sözlərinə görə, 2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu. Son 4 ildə isə yalnız ADA, Moskvanın 2 universitetinin filialı, bu ildən isə İlahiyyat İnstitutuna ayrılan vəsaiti görmək mümkündür. Yerdə qalan universitetlər üzrə isə yalnız ali təhsilin ümumi xərci göstərilir:

“Məlumat açıqlığı və şəffaflıq şayiələrin qarşısının alınmasının ən yaxşı dərmanıdır. Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır.

Məsələn, Türkiyədə parlamentə daxil olan büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur”.

Mövzu Türkiyədən düşmüşkən Rövşən Ağayev bu ölkədə və Azərbaycanda təhsilə ayrılan maliyyəni bir-biri ilə müqayisə edib:

“Türkiyə demişkən, bu ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18%-i təhsilə ayrılacaq və təhsil 1-ci yerdədi. Bizdə bu göstərici 10% ətrafındadı və 3-cü yerdədi. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərcərinin 25%-i universitetlərə gedəcək. Bizdə 9%-dən azdır. Türkiyədə gələn ilki cəmi büdcə xərclərinin 5%-i ali təhsilə gedir, bizdə həmin göstərici 1.5% ətrafındadır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları