Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 20:42:00
İnstitutda qadınlara qarşı zorakılıq müzakirə edildi

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə həsr olunan seminar keçirilib. Aİİ-dən AzEdu.az-a bildiriblər ki, institutun dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanması məqsədilə ali məktəbdə müxtəlif mövzularda “dəyirmi masa”, seminar, məşğələ və tədbirlərin keçirildiyini söyləyib. O, qadınlara qarşı zorakılığın dünyanın bir sıra ölkələrində müşahidə olunduğunu bildirib.

Vurğulayıb ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanır.

 

İnstitutun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə dair məruzə ilə çıxış edib. O vurğulayıb ki, hazırda bütün dünyada hər üç qadından biri həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada 1200-ə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir. Qadın və qızların 71 faizi insan alverinin qurbanına çevrilir. Bütün bunlar göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş həddi tanıyır. Bunları nəzərə alaraq, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı noyabrın 25-ni rəsmi olaraq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü elan edib.

 

Məruzəçi qadın zorakılığına qarşı mübarizə metodlarından da bəhs edib: “Bu fəaliyyətə ictimaiyyət nümayəndələri cəlb olunmalı, qadınlara qarşı zorakılıqla mübarizə ictimai xarakter almalı, bütün cəmiyyət bu mövzuda maarifləndirilməli və bu həssas problemə qarşı münasibətdə gənclər xüsusi təlimatlandırılmalıdır”. O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Cəmiyyətimizin ictimai həyatında qadının mövqeyi uzun mərhələ keçərək formalaşıb və inkişaf edib. Bu inkişaf heç də asan əldə olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar.

 

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.