XƏBƏRLƏR

28.11.2018 16:46
Aprel döyüşlərində orduya yazılan xanım sürücülük təlimçisi – “Ölkədə iki peşəkardan biri mənəm”  

Arzu Babazadə: “Ən yaşlı tələbəm 75 yaşlı xanım olub, indi də maşın sürür” 

AzEdu.az-ın müsahibi  yol hərəkəti üzrə mütəxəssis, “Xəzər Qərb” xanımlar üçün sürücülük kursunun aparıcı texniki təlimçisi Arzu Kürsüm Babazadədir. 

- Arzu xanım əvvəlcə sizi tanıyaq...

- Əslən, Salyan rayonundanam. 37 yaşım var. Özüm sürücü ailəsində doğulmuşam. Ailədə 4 bacıyıq. Babam və atam peşəkar sürücü olub. Əmim də sürücüdür, (gülür) ancaq o təkər partlayanda servis çağıran sürücülərdəndir. 

- Avtomobil idarə edə bilmək əksər xanımların arzusudur, ancaq peşəkar sürücü olmaq, bu peşəyə  yiyələnmək isə  tamam başqa... 

- ...Mənim sürücü olmaq arzum bir növ, anama inad olaraq yarandı. Hərbçi yaxud, hüquqşünas olmağı arzulayırdım. Özü də hərbidə snayperçi olmaq arzum olub. 

- Niyə məhz snayperçi, mahir atıcı? 

- Bizim gəncliyimiz  müharibə dövrünə təsadüf  elədiyindəndir, bəlkə də. Ümumiyyətlə, mənim içimdə döyüş ruhu hər zaman olub. Təsəvvür edin,  Aprel döyüşlərində mən könüllü olaraq ordu sıralarına yazılmışdım. 

- Çox gözəl, amma bayaqkı söhbətimiz yarımçıq qaldı... 

- Bəli, dediyim kimi ailədə sürücü var idi deyə, mən də avtomobil idarə etməyi öyrənmişdim. Zamanla baxdım ki, yaxşı idarə edirəm, özgüvənim var və anama dedim ki, “burda bir dur, daha mənə mane olma”.  Sonra təkmilləşmə kurslarına getdim, daha sonra həvəskar şəkildə məşğul olmağa başladım. Almaniyada, Türkiyədə təkmilləşdirmə kurslarında təhsil aldım. 

- Peşəkar təlimçi kimi nə qədər zamandır çalışırsınız? 

- 10 ildir. 

- Niyə məhz təlimçi işini seçmisiniz? Sürücü peşəsi ilə  bir çox sahələrdə işləyə bilərdiniz. 

- Mən bu mövzu haqqında  bir qədər geniş məlumat vermək istəyirəm. Əvvəla onu deyim ki, Azərbaycanda ixtisaslı, peşəkar təlimçi yalnız 2 nəfərdir: Biri Aqil Rəhimovdur, digəri mən. 

- Azərbaycanda peşəkar təlimçi ixtisası almaq üçün hara müraciət etmək lazımdır? Hansı təhsil ocağında təhsil alınmalıdır? 

- Dəqiq deyə bilməyəcəm, ancaq bildiyim qədəri ilə Azərbaycanda bu ixtisasi verən hər hansı bir qurum yoxdur. Aqil Rəhimov sovetlər dövründə  təhsili alıb, mən isə Almaniya və  Türkiyədə. Orda bu peşə ayrıca ixtisas olaraq tədris olunur. 

- Mən bildiyim qədəri ilə hazırda Bakıda çoxlu sayda təlimçi var. Belə çıxır ki, onlar peşəkar deyillər? 

- Bilirsiniz, bu sahədə bir qədər maddi gəlir var deyə, avtomobil sürməyi bacaran, lakin ixtisası dərzi olan kimsə də gəlib təlimçi işləyir. Yaxşı, etirazım yoxdur,  işləsın, əgər birinin dərəcəsi yalnız “B”dirsə, o,  birmənalı təlimçi işləyə bilməz, yox əgər dərəcəsi “BC”dirsə eybi yox, işləsin. Ancaq özünü də təkmilləşdirsin. 

Kompüter əsrindəyik, hər yerdə bol-bol informasiya,  yeniliklər var. Mən bir haşıyə çıxmaq istəyirəm, məsələn evdə hətta yemək yeyərkən də mənim qarşımda ya kitab, ya telefon olur. 

Yeniliklərlə tanış oluram. Evdəkilər irad tutanda da deyirəm ki, “mən təlimçiyəm, mən öyrədənəm. Mən özümü təkmilləşdirməliyəm” Bax gəlin belə bir təklif edim. Təlimçi kimi fəaliyyət göstərənlərlə belə bir sorğu keçirin. Sual verin ki, yolda qəza baş verərsə, ilkin tibbi yardım üçün nə etmək lazımdır? Yol hərəkəti haqqında qanun kitabımızda bu haqda ayrıca maddə var. Sizi inandırım ki, çox az bir qisim təlimçi bu haqda geniş bilgi verə biləcək.

- Arzu xanım əvvəllər sürücü olmaq üçün xüsusi peşə məktəbləri vardı. Sürücü ixtisası verən. Bəs indi bu ixtisası almaq üçün harada oxumaq lazımdır? 

- Hə, düz deyirsiniz. Əvvəllər xüsusi peşə məktəbləri vardı, indi də var bu peşə məktəbləri, ancaq bir balaca şəkil dəyişdirib, MMC şəklində fəaliyyət göstərirlər. 

- Dövlət səviyyəsində necə, belə təhsil ocağı yoxdur? 

- Dövlət səviyyəsində hərbi sahədə var, mən bilən...  

- Bəs nəzəriyyə müəllimləri necə, onlar, özlərini nə  dərəcədə təkmilləşdirirlər? 

- Bu sahə təlimçilərə baxanda elə də pis vəziyyətdə deyil. Hazırda on nəfərə yaxın peşəkar nəzəriyyə müəllimləri var. Onlar da sovet vaxtında peşə məktəblərində təhsil alan insanlardır.  Bu yaxınlarda bu sayılı nəzəriyyə müəllimlərindən birinin tələbəsi yanıma gəlmişdi. Ona verdiyim sualları elə xırdalığı ilə cavabladı ki, çox şad oldum. 

Çox təəssüf hissi ilə deyə bilərəm ki, bu sahədə də əskiklərimiz var. Bizim “təlimçilər” bu dəfə də nəzəriyyə dərsləri ilə məşğul olmağa başlayıblar. Tələbəyə qaydaları- testi əzbərlətməyə çalışırlar. Bu da normal sayıla bilməz. Qazanc məqsədilə edilən işlərdir ki, bu da sonda naşı sürücü kimi sabah yollarda qarşımıza çıxacaq. Hə, nəzəriyyə müəllimlərinin özlərinin təkmilləşməsi məsələsinə də aydınlıq gətirim. Əslində, nəzəriyyə müəllimlərinin  işində  özünü təkmilləşdirməyə elə də çox ehtiyacı olmur. Çünki, nəzəriyyə müəllimi yalnız “Yol hərəkəti” Qanununda olan dəyişiklikləri izləməli, tələbəyə bunu öyrətməlidir. 

Qanunda  dəyişiklik elə də tez-tez olan bir proses deyil.  Yəni nəzəriyyə müəllimlərinin  işi texniki təlim müəllimləri qədər  çox deyil. 

-Hazırda təlimlərinizi harada keçirsiniz? Sizin üçün hansı şərait yaradılıb? 

-Təəssüf edirəm ki, hazırda ən ağrılı mövzuya toxundunuz. Bizim təlimlərimiz üçün xüsusi yerimiz yoxdur. Biz müvəqqəti olaraq “Gənclik” metrosu tərəfdə  “köhnə rus qəbiristanlığı” adlanan ərazidə təlimlər keçirik. Bir də Bakı Olimpiya Stadionunun ərazisindən də istifadə etməyə icazə var.  Orda müəyyən labirintlər, işarələr var, onlardan istifadə edirik. Bunlar kifayət etməsə də, vəziyyətdən çıxmağa çalışırıq. 

-Təlimlərdə hansı avtomobillərdən istifadə edirsiniz? 

-Təlimlərdə istifadə elədiyimiz avtomobillər sürücülük məktəbinə və MMC-lərə aiddir. Bu avtomobillər bildiyiniz  “plazalardan” alınır, sadəcə onlara xüsusi qurğular quraşdırılır. Yan güzgülər, içəri orta güzgüyə əlavə və təlimçi üçün pedal. Və bunlar avtomobilin texniki pasportuna mütləq əlavə olunmalıdır. Təlim maşınlarının öz işarəsi olur. Yan tərəfdə mavi zolaqlar olur, yaxud ön şüşədə, ola bilər arxa şüşədə böyük T hərfi yazılır. Bəzən olur ki, bu nişanları bilməyən sürücülərlə də qarşılaşırıq. Buna görə də məcbur olub, qəza işıqları yandırırıq. Nişanlardan danışmışkən istərdim  deyəm ki, təcrübəsiz sürücü nışanları da var. Bizim sürücülərin içində bu işarələri də tanımayanlar var. 

- Arzu xanım, özüm dəfələrlə  şahidi olmuşam ki, qarşıda pis avtomobil idarə edən biri varsa, o saat kişi sürücülərin ilk  ağlına gələn sükan arxasındakının qadın sürücünün olmasıdır. Deyirlər ki, “get otur evdə bozbaşını bişir dəə, maşın sürmək sənlik deyil”. Nədən kişilərdə belə fikir formalaşıb? 

-Mən bunu qadın-kişi ayrıseçkiliyinə bölməzdim. Çünki ləng davranan bəylərimiz də var. Amma bəylərə baxanda xanımlarda bu lənglik daha çoxdur. Ehtiyatlılığı ləngliyə yaxud qorxaqlığa çevirirlər. Bu da yollarda tıxacların yaranmasına səbəb olur. Mən burda dəyərli ekspertimiz Ərşad Hüseynovun sözünü misal çəkəcəyəm. O deyir ki, “təfəkkür dəyişməlidir!” Bizdə sürücülük mədəniyyəti sıfıra bərabərdir. 

-Qaydaları ən çox pozanlar kimlərdir? Hansısa nöqsan görəndə irad bildirirsinizmi? Öz müşahidənizə əsasən cavablandırın... 

-Hər iki tərəf! Ancaq sevindirici hal odur ki, xanımlara nisbətən bəylərimiz deyilən iradlara daha anlayışla yanaşırlar. İradlarımız da ən çox olur manevretmə hərəkətlərində, dönmə işıqlarının istifadə edilməməsində, yaşayış zonasında yüksək sürət və s.

Eyni iradı kişi sürücüyə bildirəndə daha anlayışla qarşılayır, qadınlar isə çox böyük aqressiya ilə.  

-Təlimlərdə tələbələrlə, xüsusən də xanımlarla  dərs müddəti ərzində qarşılaşdığınız ən ciddi problemlər nə olur? 

-Bax biz tələbə üçün zəhmət  çəkirik. Düzdür, bu zəhmətimizin müqabilində pulumuzu alırıq, amma istəyirik ki, aldığımız pul halal olsun. Öyrətdiyimiz tələbə deyir ki, “onsuz da mən gedib öz bildiyim kimi sürəcəm” Belə tələbələr görəndə düşünürəm ki, görəsən niyə ona bu təlimlər üçün pul ödəyən insanın əməyini qiymətləndirmir? 

-Maraqlı yanaşmadır həqiqətən də. Arzu xanım, təlimlər neçə dərs keçirilir? 

-Avropada bu dərslər 30 saat tədris olunur, təlimçi ilə birlikdə... Hətta orda magistralda sürməyə də icazə var. Bundan başqa da əgər sürücü təzədirsə, 30 saatlıq təlimdən  sonra birbaşa öz şəxsi avtomobili ilə sərbəst sürüş edə bilməz, yanında mütləq sürücülük təcrübəsi 1 ildən artıq olan başqa bir şəxs də olmasa, o avtomobil cərimələnir. 

Mən 20 saatlıq dərslər keçirəm, amma bu hamı üçün  deyil. Məsələn yaşı daha çox olan xanımlar gəlir ki, onlarla 25, 30, hətta, 35 saatlıq dərslər keçirəm. Bu onların götürmə qabiliyyətindən asılıdır. Bəzən də xanımları təlimlərə göndərən bəylər bildirirlər ki, 3-5 saatlıq dərslər keçin, qalanını mən özüm öyrədəcəyəmm. Bu, ən böyük yanlışlıqdır. Nəzəriyyə dərslərini evdən də hazırlaşıb vermək olar, əgər kiminsə zamanı məhduddursa, dərslərdə mütəmadi iştirak edə bilmirsə, o, sərbəst 2 dəfə nəzəriyyədən imtahan verə bilər. Amma texniki təlim elədir ki, xüsusi təlim maşınlarınla yox,  başqa maşınlarla təlim keçmək, qanunla qadağandır. 

Yanınıza gələn tələbələr sıfırdan başlayırlar, yoxsa, müəyyən qədər bilgiyə sahib olurlar? 

Bilirsiniz, məni ən çox narahat edən məsələlərdən biri də odur ki, tələbələr heç sual vermirlər. Əgər mən özüm pul verib nəsə öyrənirəmsə, o müəllimi nəfəs almağa qoymaram. 

Məsələn mən 50 manat verirəmsə, 100 manatlıq sual verəcəm... 

Öyrənmək üçün olar. Bəylər daha çox suallar verirlər. Məsələn avtomobillərin konstruksiyaları barədə. İnanın ki, xanımlar bu haqda öyrənməyi heç istəmirlər.

Hətta gedib evdə şikayət edirlər ki, müəllim məni 1 saat saxladı, avtomobilin içində ancaq danışdı.  Bax, məsələn əgər siz avtomobilin yedək təkərinin harada olmasını bilmirsinizsə, ilkin tibbi yardım  çantasının, yanğın üçün istifadə olunan avadanlığın harada olmasını, qəza dayanma, durma nişanının olduğunu, şüşəsilən hardan yandırılır bilmirsənsə onda bu necə təlim öyrənmək olur? Bəylər bunları öyrənmək istəyir, xanımlar isə səbirsizlik göstərirlər. 20 yaxud 30 dərs təlim keçməlidir, ancaq qənaət edib 10 dərs gəlir təlimə. 10 dərs 1 paketdir, 300 AZN təşkil edir. Əgər qənaət edib ikinci paketi istəmirsənsə, bu həyat bumeranqdır. Hər hansı bir qəza zamanı vəziyyətdən çıxış yolunu bilmədiyindən o 300 manat daha çox məbləğlə səndən çıxacaq. Və üstəlik sən ola bilsin ki, sağlığını da itirəsən. 

Tələbələriniz hansı yaş qrupundadırlar? 

Təlimlər üçün tələbə yaşı minimum 16-dır. Ancaq bu o demək deyil ki, 16 yaşdan maşın sürə bilər. 18 yaşı olmadan avtomobil sürə bilməzlər.

Ən yaşlı tələbənizin neçə yaşı olub?

Xanım idi?

Bəli. Hazırda yolsuzluq avtomobili idarə edir. Düzdür şəhərə, sıxlığa o qədər də girmir, çox vaxt bağına və şəxsi evinə sürür. 

Sürücülüyü öyrənməyə çalışan tələbələrə sözünüz nə olardı?

Mənim bir xahişim olacaq. Çox xahiş edirəm sürücülüyə həvəsi olan gənclərə, xüsusən də xanımlara mane olmayın. İmkan yaradın öyrənsinlər. 

Vəfa Sərdar