Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 16:38:00
“İmtahanda çox bal toplamaqla yaxşı direktor olmaq mümkün deyil” -  DİQ-ə məntiqsizlik etirazı  

“İmtahanda o qədər bal yığanlar olur ki... Nə olsun? Məktəb direktorunda idarəetmə, intizam, möhkəmlik, tələbkarlıq olmalıdır. Təşəbbüs yaxşıdır. Amma test imtahanlarında bal toplamaq yaxşı direktor seçimi üçün meyar ola bilməz”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Allahverdi Eminov deyib.  O, direktorların işə qəbul imtahanında namizədlərin aşağı nəticə göstərməsi barədə danışarkən, başqa nüanslara da diqqət yetirib.

“Axı, burada bir məntiqsizlik var”

O, bildirib ki, 20-30 ildir işləməyinə baxmayaraq, heç bir yaradıcılığı, yeniliyi olmayan direktorlar var:

“Onlar müasir tələblərlə ayaqlaşa bilmir, konservator kimi işləyirlər. İmtahanlar bu direktorların dəyişməsinə səbəb olur  və mən bu dəyişməni çox düzgün hesab edirəm.

Bəzən hansısa direktoru  bir məktəbdən çıxarıb, başqa məktəbə rəhbər təyin edirlər. Bu adam direktorluğa yaramırsa, niyə onu başqa məktəbə təyin edirsiz? Axı, burada bir məntiqsizlik var”.

O, direktorların idarəçilikdə yol verdiyi nöqsanlardan söz açıb:

“Bəzən söhbət zamanı hansısa direktor ərizəsini yazıb çıxacağını deyir. Ərkim çatanlara cavab verirəm ki, sən elə çoxdan çıxmalı idin. Məktəblərə xoşagəlməz halları da gətirən elə məktəb direktorlarıdır. Müxtəlif tədbirlər, ad günləri ilə bağlı pul yığılır. Bu da valideynlərin narazılığına səbəb olur. Buna görə də imtahanları müsbət qiymətləndirirəm”.

“İmtahanda o qədər bal yığanlar olur ki... Nə olsun?”

Direktorların işə qəbul imtahanlarında namizədlərin aşağı nəticə göstərməsi məsələsinə gəlincə isə Allahverdi müəllim bildirib ki, test imtahanlarında bal toplamaq yaxşı direktor seçimi üçün meyar ola bilməz:

“Direktorların işə qəbul imtahanındakı idarəetmə ilə bağlı suallar nisbidir. Mən nəzəri cəhətdən bütün suallara cavab versəm də, praktikada özümü doğrultmaya da bilərəm. Təcrübə lazımdır. Bu, istənilən nəticədən daha əsasdır. Direktorluğa namizəd testləri çox yaxşı bilə bilər. Amma gedin görün, bir müəllimin dərsində oturub onu pedaqoji, didaktik cəhətdən təhlil edə bilirmi? Bu suala cavab vermək lazımdır. İmtahanda o qədər bal yığanlar olur ki... Nə olsun? Məktəb direktorunda idarəetmə, intizam, möhkəmlik, tələbkarlıq olmalıdır. Təşəbbüs yaxşıdır. Amma test imtahanlarında bal toplamaq yaxşı direktor seçimi üçün meyar ola bilməz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları