Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 14:03:34
“Gələn ildən ödənişli təhsil alanların sayı azalacaq” – Hadi Rəcəblidən direktorlara irad  

AzEdu.az bu gündən etibarən “5+1” rubrikasına start verir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiyanın təhsil məsələləri üzrə çalışan  5 əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayacaqlar... Yəni, 5+1 formatında qısa söhbət... 

Rubrikamızın ilk qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir. 

Mail Ağaxanov: “Milli Məclisin 2019-cu il büdcə müzakirələri zamanı təhsil kreditləri ilə bağlı məsələ qaldırıldı. Bunun nə kimi perspektivlərini görürsünüz? 

-Təhsil kreditləri daim gündəmdir. Biz daim bu məsələni  qabardırıq. Maraqlısı odur ki,   2019-2020-ci ilin  tədris ilində  universitetlərdə ödənişli təhsil sistemi  əsasında oxuyanların  sayı azalacaq.  Daha çox büdcə hesabına  təhsil alanların  sayı artacaq. Bu təhsilə vacib dəstəkdir. Təhsil üçün büdcədən ayrılan vəsait  əvvəlki ildən 2 dəfə  daha artıqdır. Bu da onu göstərir ki, Milli Məclis təhsilə xüsusi diqqət yetirir. Təhsil kreditləri məsələləri də gündəmdədir.  Gördüyünüz kimi, Azərbaycanda bununla əlaqədar  tədbirlər görülür.

Elmin Nuri- “AMEA-da sizcə hansı institutların statusu ləğv edilərək, başqa elmi quruma  birləşdirilməlidir? Ümumiyyətlə, humanitar elmlər bölməsində bu işin həyata keçməsinə nə dərəcədə gərək var?”

-Bir şeyi yadda saxlamaq lazımdır  ki,  bir neçə cür elm var:  İstehsalat yönümlü, texniki-tərəqqi , verimli  və digər... 

Dünyada  böyük sahibkarlıq müəssisələrinin, şirkətlərin, fabriklərin özünün elmi müəssisələri var. Elmi tərəqqinin, texnoloji yeniliklərin hesabına  həmin  müəssisələr  əlavə gəlir əldə edir.

Azərbaycan ədəbiyyatına bu gün necə  xərc qoymayaq?! Azərbaycanın humanitar elmlərini necə  inkişaf etdirməyək?! Biz  mütləq bu sahələrə də vəsait ayırmalıyıq. Çünki  Azərbaycanın gələcəyinə, onun milli-mənəvi dəyərlərinə, azərbaycançılıq ideologiyasına xidmət edən elmlərdir. Düşünürəm ki, elmə qoyulan vəsait heç vaxt itmir.

Azərbaycanda humanitar elmlərə  qoyulan vəsait fikrimcə, bir az artmalıdır. Azərbaycanın tarixi daha dəqiq öyrənilməlidir. Gənclərimizə tariximiz, ədəbiyyatımız çatdırılmalıdır. 

Günel Yaşarqızı: “Hazırda  ölkəmizdə  elm və təhsilin inkişafı istiqamətində  bir sıra dövlət proqramları həyata keçirilməkdədir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?

-Ən bahalı əmtəə ağıl, bilik, savaddır. Belə bir deyim var: ən verimli investisiya  təhsilə qoyulan yatırımdır. Ona görə də o, proqramların hamısı Azərbaycan əhalisinin  intellektual inkişafına xidmət edir. Elm və təhsilin inkişafı istiqamətində proqramların həyata keçirilməsi  Azərbaycanın gələcəyindən xəbər  verir. Bütün təhsil ocaqlarında,  eləcə də  ailələrdə  valideynlər övladlarında elmə, savada  həvəs oyatmalıdırlar. İlk növbədə onlar övladlarını  elmli, ağıllı etməlidirlər. 

Nəzrin Rüstəmova- “Məktəblərdə xarici dildən dinləmə bacarıqları inkişaf etdirilmədiyi, xüsusi qurğulardan istifadə olunmadığı halda, buraxılış imtahanlarına dinləmə mətnlərinin əlavə edilməsi nə dərəcədə düzgündür?

-Dünyada  bu cür termin var: “Nə qədər dil bilirsənsə o qədər də insansan”. Əlavə dil biliklərini bilmək lazımdır və bu  hər kəsin borcudur. Ana dilini isə birinci növbədə bilmək lazımdır. 

Lamiyə Süleymanlı- “Direktorların işə qəbulu imtahanları  keçirilir. Sizcə,  hazırda məktəb direktorlarının çoxunda çatışmayan əsas cəhətlər nələrdir ki, onları müsahibə mərhələsində nəzərə almalıdırlar?

-Məktəb direktoru ola bilər ki, ağıllı, savadlı olsun və pedaqogikanı yaxşı bilsin. Amma bir  başlıca göstərici var ki, bəzən direktorlar  onu axırıncı yerdə saxlayır. Direktorlar o  göstəriciyə xüsusi diqqət yetirməlidir.  O  göstərici də idarəetmə bacarığıdır.  Pedaqoji kollektivi, müəssisəni idarəetmə bacarığı   da bir ustalıq, sənətdir. Məktəb direktoru bu  kimi kompleks bacarıqlara malik olduqda daha yaxşı olur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları