Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 13:00:00
"Müəllimlər dərs keçdikləri tələbələrin əksəriyyətinin adlarını bilmirlər" - MÜSAHİBƏ

Estoniyanın Tartu şəhəri Avropada "tələbə şəhəri" kimi tanınır. Burada dünyanın müxtəlif yerlərindən tələbələr təhsil alırlar. Azərbaycanlı gənclər də bu şəhərdə təhsillərini uğurla davam etdirən tələbələr sırasındadırlar.

AzEdu.az Report-a istinadən Tartu Universitetinin Biznesin idarəedilməsi fakültəsinin birinci və ikinci kurs tələbələri Hökümə Məmmədzadə və Gülnaz Məmmədli ilə müsahibəni təqdim edir.

- Bəs necə oldu ölkə xaricində təhsil almağa üstünlük verdiniz?

Gülnaz Məmmədli: Estoniyaya gəlməzdən əvvəl ADA Universitetində təhsil alırdım. Hər zaman xaricdə təhsil almağı çox arzulamışam. Universitetimizdə xaricdə təhsillə bağlı tez-tez müxtəlif proqramlar, layihələr keçirilirdi. Bu da mənim marağıma səbəb oldu. ADA-da oxuduğum müddətdə ingilis dilimi tam təkmilləşdirdim və İELTS imtahanına hazırlaşdım. Nəticədə imtahandan yaxşı bal topladım. Bir qədər araşdırma aparmaqla Tartu Universitetinin digər ali təhsil müəssisələri sıralamasında xeyli irəlidə olduğunu gördüm və imkanlar daha çox olduğundan Estoniyanı seçdim. ADA Universitetində ödənişli təhsil alırdım, ancaq Tartu Universitetində təqaüd proqramı ilə qəbul olduğumdan təhsilim pulsuzdur. Burada bütün göstəriciləri nəzərə alınaraq ilk beşliyə daxil olan tələbələr təqaüd sistemi ilə təhsil alırlar və mən də bu sıralamaya daxiləm. Tartuda yalnız tələbə yataqxanası və yeməkxanaya pul ödəyirəm.

- Hökümə Məmmədzadə:Mən Tartu Universitetinin Biznesin idarəedilməsi fakültəsinin birinci kursundayam. Avropa-Azərbaycan Məktəbini (EAS) bitirmişəm və beynəlxalq bakalavr diplom proqramında (İB sistemində) təhsil almışam. Mən əvvəldən xaricdə təhsil almağı planlaşdırırdım. Məktəbi bitirdikdən sonra ailəmlə birlikdə təhsilimi Avropada davam etdirmək qərarına gəldik. Əsasən, Baltikyanı ölkələrdəki ali təhsil müəssisələrini araşdırdıq. Tartu Universiteti Baltik ölkələri arasında birinci yerdə olduğundan seçimim Estoniya oldu.

- Hazırda ali məktəbdə tədris hansı dildə aparılır?

Hökümə Məmmədzadə: Ümumiyyətlə, Tartu Universitetində eston və ingilis dili bölməsi var. Biz ingilis bölməsində təhsil alırıq. Hətta bəzi fakültələrdə ingilis dili bölməsi yoxdur və təhsil sırf eston dilindədir. Həmin fakültədə təhsil almaq istəyən əcnəbi tələbələr ali məktəbdə bir il eston dili kursunu keçməli və dili mənimsədikdən sonra təhsilə başlamalıdırlar.

Bundan başqa, Tartu Universitetində əlavə olaraq 20-yə yaxın dil tədris olunur. Lakin hər bir tələbə öz istəyi ilə bu dilləri seçə bilər. Hətta ali məktəbin tələbəsi olmayan şəxslər belə bu kurslardan yararlana bilərlər. Mən bu il eston dilini əlavə dil kimi götürmüşəm. Gələn il isə rus dilini seçməyi planlaşdırıram.

Gülnaz Məmmədli: Əgər hansısa dili əlavə olaraq seçiriksə, ilin sonunda imtahan veririk və sonda diplomumuzda qeyd olunur.

- Azərbaycan və Estoniya təhsil sistemi arasında nə kimi fərqlər var?

Gülnaz Məmmədli: Mən təhsil aldığım ADA Universiteti ilə müqayisə edə bilərəm. Həmin ali təhsil müəssisəsində müəllimlərin demək olar ki, hamısı xaricdə təhsil alan və ingilis dilini mükəmməl bilən müəllimlər idi. Onların da tələbələrlə ünsiyyəti və təhsil metodikaları çox gözəl idi. Ancaq Tartu Universitetində ingilis bölməsində müəllim çatışmazlığı var. Bəlkə də eston bölməsində yaxşı kadrlar var. Hazırda bizə dərs deyən müəllimlərin çoxu universitetin doktorant və ya dissertantlarıdır. Bütün tələbələr həm müəllimlər, həm də fənlər barədə hər semestrin sonunda rəy verir. Mühazirə və ya seminar keçən müəllimlərlə bağlı rəylərimizi, fənlər barədə qeydlərimizi edirik.

Hökümə Məmmədzadə: Azərbaycanda müəllimlər tələbəyə çox can yandırırlar. Hətta dərsi və ya fənni başa düşməyən tələbələrə dəfələrlə izah edə bilərlər. Estoniyada isə belə deyil. Müəllimlər fənnin onlara yox, bizlərə daha çox lazım olduğunu deyirlər. Əgər dərsdə iştirak edəcəyiksə, özümüzün xeyrimizə olacaq. Hətta bəzi müəllimlərin danışığı aksent hiss olunduğundan bizləri qane etmir. Çünki başa düşmək olmur və həmin müəllimlərin dərsində diqqətimizi toplamağımız mümkün olmur. Biz dərsə gəlməmişdən əvvəl slayda baxırıq və artıq hansı mövzunu keçəcəyimizdən xəbərimiz olur. Hər semestr fənn seçəndə mütləq ötənillərki rəylərə nəzər salırıq. Əgər hansısa fənn haqqında rəylər aşağıdırsa, deməli, ya fənnin özü çox çətindir, ya da müəllim onu düzgün tədris edə bilməyib. Beləliklə, fənn haqqında əvvəlcədən məlumatımız olur.

- Ümumiyyətlə, müəllim-tələbə münasibəti necədir?

Gülnaz Məmmədli: Müəllimlərin universitetdə dərsdən əlavə də olma müddəti var və həmin vaxt onlara yaxınlaşıb nəyisə soruşa bilərsən. Bəzi müəllimlər yaxından məşğul olsa da, bəziləri kömək belə etmirlər. Onları yalnız dərs vaxtı dinləyə bilərsən və əlavə heç bir suala cavab vermirlər.

- Hökümə Məmmədzadə: Müəllimlə tələbə arasında heç bir münasibət yoxdur. Hətta müəllimlər dərs keçdikləri tələbələrin əksəriyyətinin adlarını belə bilmirlər. Yəni bütün tələbələri tanımaq məcburiyyətində deyillər. Məncə heç önəmli də deyil.

Müəllimlərin köməkçi tələbələri olur. Bəzi müəllimlər tələbələrin hansısa dərsi yaxşı qavramadığını görəndə əlavə dərs saatları təyin edirlər və mövzunu da assistentləri başa salırlar. Həmin dərslərdə də iştirak etmək məcburi deyil.

 

- Bəs imtahanları verməkdə necə çətinlik çəkirsinizmi?

Gülnaz Məmmədli: Hər bir fənnin dərs saatı bitdikdən sonra imtahanı olur və imtahanı verə bilmədikdə də əlavə şərait yaradılır. Yəni müəllim tələbəyə imtahanı yenidən verməsi üçün bir neçə gün təyin edir və tələbənin özü də həmin günlərdən birini seçir. Əgər tələbənin birinci semestrdə kəsiri varsa, ikinci semestrdə də eyni vəziyyət davam edirsə, onda ali məktəbdən xaric oluna bilər. Bu isə tələbənin universitetin kriteriyalarına uyğun gəlməməsi deməkdir.

Hökümə Məmmədzadə: Əgər tələbə bu şanslardan heç birini yaxşı istifadə edə bilmirsə, onda həmin fənni yenidən götürməlidir. Dərslərdə mütəmadi iştirak etməyən və kəsrləri olan tələbələr universitetin profilinə uyğun gəlmədikləri üçün kənarlaşdırlırlar.

- Heç dərsdən yayındığınız hallar olubmu?

- Gülnaz Məmmədli: Bəzi dərslərdə iştirak etdiyimizə görə də bizə bal veririlir. Ona görə həmin dərslərə də girmək məcburiyyətindəyik. Dərsdə iştirak etmədiyimizə görə bizə heç kim irad tutmur. Bəzən bəzi dərslərə qulaq asmaq vaxtımızı ala bilər.

Hökümə Məmmədzadə: Bəzi fənlərdə iştirak etmək bizim üçün müsbət hal sayılsa da, bəzilərinə girmək, sadəcə, vaxt itkisidir. Dərslərin vaxtı da sərbəstdir. Dərs cədvəli həftəlik olmur. Hətta bəzi fənlər həftənin müəyyən günləri olur və ya günün müxtəlif saatları olur. Bəzən də hər dəfə fərqli saatlarda olur. Dəyişikliklər barədə isə əvvəlcədən e-mail ünvanımıza məlumat göndərilir.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Gülnaz Məmmədli: Burada bütün tələbələrin ümumi e-mail ünvanı var. İstər dərslərə, istərsə də fənlərə aid bütün məlumatlar e-mail ünvanlarına göndərilir. Tələbələrin "Language cafe" adlı tədbiri var, müxtəlif ölkələrdən tələbələr qatılır və hər bir ölkənin təmsilçiləri öz dilində kartlar vasitəsilə sözlər düzür. Bundan sonra digər xalqlardan olan tələbələr yaxınlaşaraq həmin sözün mənasını soruşur və hər kəs də paylaşdığı sözləri izah edir. Beləliklə, ölkəmiz və ya dilimiz haqqında məlumat paylaşmış oluruq.

Hökümə Məmmədzadə: Buradakı tələbələr üçün əyləncəli vasitə daha çoxdur. Ancaq hər kəs tələbə həyatına başqa cür yanaşır. Burada əcnəbi tələbələr üstünlük təşkil etdiyindən fərqli mədəniyyətlərlə qarşılaşmaq olur. Tez-tez tədbirlər, müxtəlif dəvətlər keçirilir.

- Estoniyanın təbiəti, iqlimi, yeməyi və insanları barədə nə deyə bilərsiniz...

Gülnaz Məmmədli: Mənim təbiətim estonlara yaxın olduğu üçün onları sevirəm. Onlar da mənim kimi qısa və konkret ünsiyyəti sevirlər, qapalıdırlar. Burada özümü sərbəst hiss edirəm. Yeməklərinə öyrəşmək də mənim üçün çətinlik yaratmadı, çünki vegeterianam. Düzdür, tərəvəzləri ölkəmizdəki kimi dadlı və təbii olmasa da, tez öyrəşə bildim. Əhalisi də azdır. Demək olar ki, çox təhlükəsiz şəhərdir və gözəl təbiəti var. İnsanlar idmana çox üstünlük verirlər, nəqliyyat vasitəsi kimi velosipeddən daha çox istifadə edirlər.

Hökümə Məmmədzadə: Məncə, estonlar çox soyuqdurlar, münasibət qurmağa çalışmırlar. İqlimi də çox soyuqdur. Estoniyada olduğum bir neçə ay ərzində hələ də estonlara məxsus mətbəx görməmişəm. Anamın dadlı yeməkləri üçün çox darıxıram. Burada hava demək olar ki, saat üçdən sonra qaralmağa başlayır. Amma bu məni heç də işlərimdən geri salmır. Əksinə, qaranlığın düşdüyünü görəndə işlərimi daha tez bitirməyə çalışıram. Eyni zamanda bura çox təhlükəsiz şəhərdir. İmtahan ərəfəsində digər tələbə yataqxanasında qalan dostlarımızla birlikdə dərs oxuyuruq və gecəyarısı qayıdası oluruq. Yəni gecələrçox rahat və təhlükəsiz şəkildə şəhərdə gəzmək olar.

- Gələcək planlarınız varmı?

- Gülnaz Məmmədli: Hər zaman imkanlarımı gözdən keçirməyi sevirəm. Bu və ya başqa ölkədə qalacağımı, işləyəcəyimi planlaşdırmıram. Qarşıma çıxan bütün əlverişli imkanları dəyərləndirirəm. Ancaq daha çox özümü xaricdə sınamaq istəyirəm.

Hökümə Məmmədzadə: Mən universiteti bitirdikdən sonra magistraturaya qəbul olmağı planlaşdırıram. Ancaq təhsilimi başqa ölkədə davam etdirmək istəyərdim. Daha sonra isə Azərbaycana qayıtmaq istəyirəm. Məqsədlərim və motivasiyam çox yüksəkdir.